Məhkəmə qərarları › İş №2(002)-250/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-250/2024

28.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-250/2024 28.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan mübahisəli Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 44 saylı mənzildə olan payının naturada ayrılması, onun payına düşən hissənin onun sahibliyinə və istifadəsinə verilməsi, habelə onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 44 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzil mərhum atasından miras qalmışdır. X1 xx.xx.2015-ci il tarixdə, anası X3 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. Mənzilin 1/4 hissəsi onun mülkiyyətindədir və beləliklə də, həmin mənzil paylı mülkiyyətə çevrilmişdir. Qeyd olunan əmlakın bölünməsinə dair razılıq əldə olunmamışdır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, o, mənzil üzərində mülkiyyət və istifadə edə bilmir. O, müharibə veteranı olduğu üçün dövlət rüsumunun ödənilməsindən azaddır. Öncəki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən mülki işə növbəti məhkəmə iclaslarında onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanlara əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Öncəki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etmiş və izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. İddiaçının gəlib mənzildə yaşamasına heç bir etirazı yoxdur. Belə ki, iddiaçı əvvəllər də onlarla birlikdə yaşamışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öncəki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etmiş və izahatında bildirmişdir ki, İddiaçı onun dayısıdır. İddiaçının gəlib mənzildə yaşamasına etiraz etmir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öncəki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etmiş və izahatında bildirmişdir ki, İddiaçı onun dayısıdır. İddiaçının gəlib mənzildə yaşamasına etiraz etmir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Muşfiqabad qəsəbəsi Şamaxı yolu küçəsi 5 «d» saylı evin 44 saylı mənzili paylı mülkiyyətdə olmaqla, 1/4 hissədə pay üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 01 iyul 2023-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında bildirişdən görünür ki, iddiaçı və cavabdehlər Bakı şəhəri Qaradağ rayonu Muşfiqabad qəsəbəsi Şamaxı yolu küçəsi 5 «d» saylı evin 44 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/765 saylı rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Muşfiqabad qəsəbəsi ünvan 2 ünvanda yerləşən 44 saylı mənzilin tərəflər (mülkiyyətçilər) arasında naturada ideal paylar üzrə bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən təxniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdehlərin mənzilə köçürülmə tələbinə dair hissədə iddianı qəbul edib-etməmələrindən asılı olmayaraq, iddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi həmin mənzildən sahiblik və istifadə hüquqları vardır. Həmin hüquqa dövlət tərəfindən təminat verilmişdir və həmin hüququn həyata keçirilməsinə maneə yaradıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Digər tərəfdən, cavabdehlər iddianı mənzilə köçürülmə tələbinə dair hissədə etiraf edirlər. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mənzilə köçürülmə tələbinə dair hissədə əsaslı olmaqla, təmin edilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Muşfiqabad qəsəbəsi ünvan 2 ünvanda yerləşən 44 saylı mənzilin tərəflər (mülkiyyətçilər) arasında naturada ideal paylar üzrə bölünməsi təxniki cəhətdən mümkün deyil. Bu səbəbdən, iddia - iddiaçının mənzildə olan payının naturada ayrılması, payına düşən hissənin onun sahibliyinə və istifadəsinə verilməsi hissəsində təmin edilə bilməz. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 44 saylı mənzilə köçürülməlidir. 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 44 saylı mənzilə köçürülsün. 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar