Məhkəmə qərarları › İş №2(002)-2543/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2543/2022

18.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2543/2022 18.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, uzun müddət ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamışdır. Belə ki, həmin ev mərhum atasına ayrılmış torpaq sahəsində anası tərəfindən inşa edilmişdir və hazırda cavabdeh qismində qeyd olunmuş anası Cavabdeh1 məxsusdur. Həmin evin təmirində özü də iştirak etmiş, bütün kommunal xidmətlər öz adına qeydiyyata alınmışdır. Digər cavabdeh, keçmiş həyat yoldaşı Cavabdeh2, habelə onun ailəsinin evin tikintisinə və təmirinə heç bir köməyi olmamışdır. 2014-cü ildə aralarında nikah pozulduqdan sonra keçmiş həyat yoldaşı Cavabdeh2 və uşaqları həmin evdə yaşamağa davam etmişdir. Keçmiş həyat yoldaşı ilə anası arasında müəyyən anlaşılmazlıq olmuş, anası evdən çıxmaq məcburiyyətində qalmış, sonradan məhkəmə qaydasında həmin evə köçürülmüşdür. Cavabdeh olan anası Cavabdeh1 hazırda onun orada yaşamasına heç bir etirazı yoxdur. Lakin Cavabdeh2 onun həmin yaşayış evinə köçməsinə, orada yaşamasına imkan vermir. Evə gələn kimi Cavabdeh2 102 xidmətinə zəng vuraraq polis əməkdaşlarını çağırıb onun evdən çıxarılmasını tələb edir. Halbuki, həmin evə Cavabdeh2 hər hansı hüququ yoxdur. Cavabdeh2 haqsız yerə ona şər atır, narkotiklə əlaqəsi olmadığını bildiyi halda, əsassız olaraq ekspertiza keçirilməsini tələb etmişdir. Həmin evdə isə onun əşyaları vardır, evdə olan əşyaların bir çoxunu (divan, televizor və s.) öz vəsaiti ilə almışdır. Hal-hazırda həmin evə köçmək istəyir. Belə ki, yaşamaq üçün başqa evi olmadığından, “Binə” Ticarət Mərkəzində ticarətlə məşğul olduğundan və hazırda Bakı şəhərində işlədiyindən, eyni zamanda ağır xəstə olan anasının müalicəsi üçün onunla birlikdə həmin evdə yaşamaq istəyir. Cavabdeh2 isə buna imkan vermir və anası Cavabdeh1 məxsus evdə yaşamasına mane olur. Cavabdeh2 guya onun ayrıca mənzili olduğunu iddia etsə də, qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzil X6 məxsusdur. Vüqarın bankla müəyyən problemləri olduğundan həmin mənzil bir müddət formal olaraq onun adında olmuş, sonradan özünə qaytarılmışdır, bu faktı cavabdehlər də bilir, Goranboy rayonunda isə onun iş yeri və evi yoxdur. Qeyd olunanlara əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və hazırda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə teleqram göndərərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, İddiaçı onun oğludur. Mübahisəli ev onun evidir, iddiaçı həmin evin təmirinə xeyli xərc çəkmişdir. İddiaçının həmin evə köçürülməsi, onun həmin evdə yaşaması və müalicəsi üçün çox vacibdir. İddiaçı Bakıda ticarətlə məşğul olmaqla yaşaya biləcəyi başqa yeri yoxdur. Səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh X7 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, o, İddiaçı ilə 11 sentyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahdan iki uşaqları - 27 sentyabr 2011-ci il tarixdə X25 və 14 dekabr 2012-ci il tarixdə X26 doğulmuşdur. Onun iki yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşadığı ev özbaşına tikilidir. Belə ki, yaşadığı ev 2011-ci ildə onun ailəsi üçün tikilmişdir, o, öz qızıllarını sataraq həmin evin tikilməsinə sərf etmişdir. Bundan əlavə, anası və qohumları da mübahisəli evin tikilməsinə köməklik etmişlər. Belə ki, yaşadığı ev əvvəl qaraj olmuş, qaraj qayınatasının adına olduğundan mərhum qayınatası belə qərara gəlmişdir ki, həmin qarajı onun ailəsi üçün köməkləşib yaşayış sahəsi kimi tiksinlər. Ev birgə nikah dövründə tikilmişdir, evin tikintisində iddiaçı Turalın da zəhmət çəkdiyini, kommunal xidmətlərin onun adına olduğunu təsdiq edir. Həmin özbaşına ev tikildikdən sonra o, Tural və uşaqları ilə birlikdə ora köçmüşdür. 2011-ci ildən bu günə kimi uşaqları ilə birlikdə orada yaşayır və bu günə kimi kommunal xərcləri öz anası ödəyir. İddiaçı onu aldadaraq boşanma ərizəsinə imza etdirmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2014-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların onun yanında qalması qət edilmişdir. Lakin o, sonradan başa düşmüşdür ki, cavabdeh ondan boşanaraq başqa bir qadınla ailə qurmuşdur. 2014-cü ildən iddiaçı uşaqlarını ataraq çıxıb getmiş və X17 ilə ailə həyatı qurmuşdur, həmin nikahdan onun üç övladı vardır. Ailəsi ilə birlikdə Goranboy rayonunda yaşayır, orada işləyir, heç vaxt uşaqlarına gəlib baş çəkməmiş, maddi yardım göstərməmişdir, ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə aliment tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün İddiaçı hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı uzun müddət alimenti ödəməmiş, lakin kommersiya ilə məşğul olduğundan məhdudiyyətin götürülməsi üçün alimenti ödəmişdir, lakin hazırda yenə alimenti ödəmir. İddiaçı iddia ərizəsində göstərir ki, guya kommunal xərcləri o, ödəyir, bu tam yalandır, onda olan qəbzlər sübut edir ki, heç vaxt iddiaçı ödəniş etməmişdir. Belə ki, uşaqlarına aliment verməyən insan necə ola bilər ki, onun kommunal xərclərini ödəsin. İddiaçı 2014-cü ildən bu günə kimi mübahisəli evə gəlməmişdir. İddiaçının evdə heç bir əmlakı yoxdur, bütün əmlakları yeni ailəsinin yanındadır. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə onun aliment tələbi ilə bağlı mülki işə baxılarkən iddiaçının bacısı bildirmişdir ki, onun və birgə nikahdan olan uşaqların yaşayışını təmin etmək məqsədilə Tural ev vermişdir. Turalın və ailəsinin kifayət qədər imkanı vardır, bu iddia tələbinin isə səbəbi odur ki, o, iddiaçıdan uşaqların saxlanılması üçün alimentdən imtina etsin. O isə bunu etmir, çünki o, heç bir yerdə işləmir, anası onları saxlayır, iddiaçı uşaqlarını yetkinlik yaşlarına çatana kimi saxlamağa borcludur. Bundan əlavə, iddiaçının anası fərdi yaşayış evindən çıxarılma və həmin fərdi yaşayış evinə köçürülmə tələbləri ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmiş və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 onun yaşadığı evə köçürülməsinə etiraz etməmişdir. Bu barədə öz fikrini icra məmuruna da bildirmişdir. İcra məmuru Cavabdeh1 köçürülmə gününü təyin etmiş, lakin iddiaçı Cavabdeh1 köçürülmədə iştirak etməmiş, ağır xəstə olduğundan gələ bilməmişdir. Lakin İddiaçı özü içəri girərək buradan çıxmayacağını bildirmiş, buna görə o, dərhal «102» xidmətinə zəng vurduqdan sonra İddiaçıı evdən çıxarmışlar. Tural dəfələrlə evə gələrək problem yaratmış, hay-küy salmış, özünü narkoman kimi aparmışdır, ona görə də narkoloji ekspertizanın keçirilməsini xahiş etmişdir. Eyni zamanda bildirir ki, İddiaçı birgə nikah dövründə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı iki otaqlı mənzil almışdır, mənzil onun mülkiyyətindədir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X12 Cavabdeh2 izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı iki otaqlı mənzil ona məxsusdur və tərəflərə aidiyyatı yoxdur. Belə ki, 2005-ci ildə həmin mənzili qardaşının adına almışlar, bankla əlaqədar problemləri olduğundan 2011-ci ildə həmin mənzili Turalın adına keçirmişlər, 2020-ci ildən isə öz adına keçirmişdir və hazırda öz mülkiyyətindədir. Turalın xahişi ilə onun və ailə üzvlərinin qeydiyyata alınmasına etiraz etməmişdir. Bir daha bildirir ki, həmin mənzilin tərəflərə heç bir aidiyyəti yoxdur və bunu tərəflər özləri də yaxşı bilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, Cavabdeh2 onun bacısıdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Fərqanənin və qohumlarının hesabına tikilmişdir. Tikinti işləri Fərqanənin qayınatasının qaraj yerində 2011-2013-cü illərdə aparılıb, Fərqanə öz qızıllarını sataraq tikinti işlərinə sərf edib, o da şəxsən yüklərin boşaldılmasında və fiziki işlərdə köməklik edib. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, SB-115 saylı arayışın surətindən görünür ki, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanında yerləşən 1 mərtəbəli 200 kv.m fərdi yaşayış evi Cavabdeh1 özünə məxsusdur. İş materiallarında olan Sahil Bələdiyyəsi tərəfindən verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, vergi ödəyicisi Cavabdeh1 ünvanı ünvan 3nda olan Sahil Bələdiyyəsi tərəfindən verilmiş **********4518 seriyalı tədiyyə bildirişinin surətindən görünür ki, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanı üzrə Cavabdeh1 2021-ci il üçün 51 manat əmlak vergisi, 0,9 manat torpaq vergisi hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrinin müəyyənləşdirilməsi haqqında xx.xx.2017-ci il tarixli arayışın və cədvəlin surətlərindən görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi sakini İddiaçı ilə bağlanmış müqaviləyə əsasən ona məxsus daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrinin müəyyənləşdirilməsi aparılmışdır. Təqdim olunan sənədlərə əsasən standart metodlardan istifadə etməklə yaşayış və qeyri-yaşayış sahələri müəyyən olunmuşdur. Aparılan təhlil və hesablamalar göstərir ki, evin yaşayış sahəsi 200 kv.m, qeyri-yaşayış sahəsi 30 kv.m müəyyən edilmişdir. Bu sənəd yerli bələdiyyə vergiləri üçün istifadə olunur. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış TSH-13/5456 saylı, xx.xx.2013cü il tarixli arayışdan görünür ki, İddiaçı Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanında yerləşən qarajın elektrik təchizatı haqqında məktub ünvanlanmış və elektrik quraşdırma işlərinin layihə-smeta sənədləri əsasında istehlakçıların vəsaiti hesabına yerinə yetirilməli olduğu bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsi, Şimal keçidi ev 14, mənzil 5də yaşayan X16 yaşadığı evin həyətində köhnədən tikilmiş 6x6 ölçüdə binanı təmir edib qaraj kimi istifadə etməsinə icazə verilmişdir. İş materiallarında olan Qaradağ rayonu Sahil Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, SB-05/11 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin xx.xx.2019-cu il tarixli 37 nömrəli Sərəncamına dair xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar Sahil qəsəbəsi (yaşayış massivi) üzrə 2000-ci ilədək tikilmiş, lakin rəsmiləşdirilməmiş fərdi yaşayış evlərinin Sahil Bələdiyyəsi tərəfindən qeydiyyatı aparılmışdır. Vətəndaş Cavabdeh1 Qədir qızı xx.xx.2020-ci il tarixdə öz tikdirdiyi qanunsuz tikilini qeydiyyatsız kimi Sahil Bələdiyyəsində qeydiyyatdan keçirmiş və 2020-2021-ci illər üçün əmlak və torpaq vergisini ödəmişdir. Vətəndaş Cavabdeh1 Qədir qızının mərhum həyat yoldaşı X13 yaşadığı evin həyətində köhnədən tikilmiş 6x6 m ölçüdə binanı təmir edib qaraj kimi istifadə etməsinə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1337 saylı Sərəncamına əsasən icazə verilmişdir. Sonradan qaraj sahəsi ətrafında əlavə tikinti işləri apararaq fərdi yaşayış evi kimi istifadə etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8158/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 və cavabdeh X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1547/2022 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh1 və cavabdeh X7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8158/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan kommunal xidmətlərlə (işıq, qaz, su) bağlı qəbzlərdən görünür ki, mübahisəli evlə bağlı kommunal xidmətlər üzrə abonent qismində İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 783539 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 27 sentyabr 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qədirli Məsumənin atası İddiaçı, anası X1r. İş materiallarında olan AZ-İİİ seriyalı, 037553 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 14 dekabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qədirli Zeynəbin atası İddiaçı, anası X1r. İş materiallarında olan Bakı şəhəri 45 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş X15, X14, X10 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, onlar xx.xx.1986-cı il təvəllüdlü X2 yaxından tanıyırlar. X7 2010-cu ildə ünvan 5 ünvanına gəlin köçmüşdür. xx.xx.2013-cü il tarixdə həmin binanın həyətində tikilmiş evə köçmüşdür. X7 2014-cü ildə həyat yoldaşı İddiaçı ilə boşanmışdır, həmin vaxtdan bu günə kimi azyaşlı uşaqları X26 və X25 ilə birlikdə Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2476/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X7 arasında 11 sentyabr 2010cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində 733 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 27 sentyabr 2011-ci il təvəllüdlü X18 və 14 dekabr 2012-ci il təvəllüdlü X19 X7 ilə qalması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 1524/2020 saylı qətnaməsinin surətindən görünür ki, 16 iyun 2020-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X18 və xx.xx.2012-ci təvəllüdlü X19 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8032/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 və cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1524/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 183-11/İ saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında satıcı X11 ona məxsus ünvan 7 ünvanında yerləşən mənzili ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzilin İddiaçı xüsusi mülkiyyətində olmasına dair xx.xx.2011-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzil X4 xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2041/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzilə paylarının müəyyən edilməsini tələb etmiş, iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Mərkəzi Klinika Bakı Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli epikrizin surətindən görünür ki, Cavabdeh1 arxa beyin arteriyası (66.2) diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışından görünür ki, Cavabdeh1 sağ beyin yarımkürəsində beyin-qan dövranının kəskin pozğunluğu diaqnozu qoyulmuşdur. İş materiallarında olan topdan satış barədə xx.xx.2022-ci il tarixli qaimələrdən görünür ki, İddiaçı Binə Ticarət Mərkəzindən bir sıra mallar satın almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X32 Şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində verilmiş 6130 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, İddiaçı müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İddiaçı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən “Trendyol Baku” şirkətində əmək müqaviləsi üzrə satıcı işləyir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara, qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş hallara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, mübahisəli yaşayış evi faktiki olaraq Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamına əsasən iddiaçının mərhum atasına qaraj tikintisi üçün ayrılmış yerdə inşa edilmişdir və hazırda özbaşına tikili olmaqla hüquqmüəyyənedici sənədi yoxdur, tərəflərin həmin evlə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna baxmayaraq, tərəflərin bilavasitə özlərinin izahatlarına və mülki iş üzrə sübutlara əsasən, həmin evin tikintisi və təmiri birgə nikah dövründə iddiaçının iştirakı ilə tamamlanmış, kommunal xidmətlər onun adına qeydə alınmış, həmin ev tərəflərin birgə yaşayış yeri olmuşdur. Cavabdehlərdən biri, həmin tikili üzrə torpaq və əmlak vergisi ödəyicisi kimi qeydiyyata alınmış Cavabdeh1 iddianı yazılı olaraq etiraf etmişdir. Digər Cavabdeh2 isə iddiaya etiraz etmiş, lakin məhkəmə iclasında onun etirazının dəlillərinin əsaslı olmadığı (o cümlədən şahid V.Allahverdiyevin ifadəsinə, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzilin hazırda iddiaçıya məxsus olmadığı və 2(002)-2041/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardada əsasən tərəflər arasında mübahisə doğurmadığı, əmək müqaviləsi bildirişinin surətinə əsasən iddiaçının Bakı şəhərində işlədiyi, ekspert rəyinə əsasən iddiaçıda narkomaniya xəstəliyinin əlamətlərinin olmadığı) müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Beləliklə, məhkəmə mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar