Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2571/2024 16.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ona verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlılar Mələk və Fidanla birlikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ona verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(002)- 2571/2024 saylı qərardadı ilə həmin ərizənin qəbul edilməsindən imtina olunmuşdur. Belə ki, cavabdehin azyaşlı övladları ilə həmin mənzildə yaşamasına dair əsas məhkəməyə iddia ərizəsi təqdim edilməmişdən öncə iddiaçıya məlum idi. Bu səbəbdən, yuxarıda qeyd edilən qərardada əsasən Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbləri nəzərə alınaraq, iddia tələbinin həcminin artırılması barədə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayət verməyəcəyi barədə ərizə təqdim etmiş, 10 günlük prosessual müddətin gözlənilməməsini və hazırki mülki işə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsini xahiş etdiyindən, məhkəmə baxış iclasının davam etdirilməsi mümkün hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X1 həyat yoldaşı olmuşdur. Cavabdehlə oğlu arasında olan nikah rəsmi olaraq xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Onlar Füzuli rayonundan məcburi köçkün olduqlarına görə 2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində 2 otaqlı mənzil verilmiş və onunla xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanmışdır. Kirayəçi kimi mənzilə o və oğlu qeyd edilmişlər. Cavabdeh də oğlu ilə ailə həyatı qurduqdan sonra onlarla birlikdə həmin evdə yaşamışdır. Hal-hazırda cavabdeh onları ailə üzvü deyil, lakin həmin mənzildə yaşamaqla onları evə qoymaq istəymir. Onlara məcburi köçkün kimi mənzil verilərkən cavabdeh onların ailə üzvü olmamış və müqaviləyə ailə üzvü kimi daxil olmamışdır. Cavabdehin ona kirayə müqaviləsi ilə verilmiş mənzildə yaşaması onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu, onun mənzildən istifadə hüququnun pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərc ödəmək məcburiyyətində qalır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilinə əri ilə nikaha daxil olandan sonra köçüb. Orada əri ilə birgə yaşayıblar, birgə təsərrüfat aparıblar. Həmin ünvanda yaşayarkən iki övladları doğulmuşdur. Mənzil xüsusi təyinatlı yaşayış sahəsi kimi qayınanasına verilmişdir. İddiaçının oğlu ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Uşaqlar onun himayəsində saxlanılmışlar. Övladları ilə birlikdə yaşamağa ayrıca evləri, mənzilləri, otaqları yoxdur. Başqa yaşayış yerləri olmadığından, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 2013-cü il, 19/20 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzili Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qaradağ rayon MKİS-in rəisi tərəfindən 2 nəfər ailə tərkibində (özü və oğlu X6) İddiaçı verilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qaradağ rayon MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı yuxarıda qeyd olunan mənzildə Füzuli rayonundan məcburi köçkün kimi müvəqqəti qeydiyyata alınmışdır. - Telekommunikasiya xidmətlərinin göstərilməsi barədə xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, İddiaçı ilə rabitə müəssisəsi arasında iddiaçıya təqdim olunmuş xüsusi yaşayış sahəsində telekommunikasiya xidmətlərinin göstərilməsi şərtləri ilə əlaqədar müqavilə bağlanmışdır. - xx.xx.2020-ci il tarixli, 018/39-438 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı 1940-cı ildə Füzuli şəhərində doğulmuşdur, xx.xx.1980-ci il tarixdən indiyə kimi ünvan 1 ünvanda qeydiyyatdadır. - Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(048)-181/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh X4 qarşı «nikahın pozulması, uşaqların onun yanında qalması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, X6 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində 1708 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 anaları Cavabdeh yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən X2 hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, 50 manat dövlət rüsumunun və 60 manat mediasiya xərcinin X2 tutularaq Cavabdeh verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 17 iyun 1999-cu il tarixli Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti, Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və yerli icra hakimyyəti orqanları öz səlahiyyətləri daxilində, məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınmışq salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Təqdim olunmuş sübutlardan görünür ki, dövlətçilik ənənəsi olan Azərbaycan Respublikası beynəlxalq münasibətlərin subyekti kimi iddiaçının və digər məcburi köçkünlərin sosial vəziyyətini mümkün qədər yaxşılaşdırmaq üçün hüququ çatan şəxslərə məcburi köçkün şəhərcikləri inşa edərək, xüsusi yaşayış sahələri ilə təmin etmişdir. Hazırda iddiaçıya verilmiş xüsusi təyinatlı yaşayış sahəsində cavabdeh yaşayır. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Mənzil kirayə müqaviləsində adı göstərilməmişdir. Belə ki, həmin mənzilə yalnız iddiaçının oğlu ilə ailə qurandan sonra köçmüşdür. Sonradan cavabdehin iddia tələbinə əsasən iddiaçının oğlu ilə aralarında olan nikahları pozulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 91.1, 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının ailə üzvü olmayan cavabdeh mənzil kirayəçisi olan iddiaçını və iddiaçının oğlunu məhz sonunculara verilmiş xüsusi təyinatlı yaşayış sahəsinə buraxmır, onların hüquqlarını kobud şəkildə və davamlı olaraq pozur. Bu səbəbdən, iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mənzildən çıxmamasına səbəb kimi başqa yaşayış yerinin olmamasını göstərməsi də əsassızdır. Çünki, o, iddiaçı qismində nikahın pozulması və s. tələbinə dair iddia ərizəsi ilə faktiki olaraq yaşadığı ərazi üzrə Lerik Rayon Məhkəməsinə müraciət etmiş, mülki işə həmin məhkəmədə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh Lerik rayonu Çayrud ərazi dairəsi Anzolu kəndində qeydiyyatdadır, xx.xx.1987-ci il tarixdə həmin kənddə doğulmuşdur, sonuncu dəfə qeydiyyatda olduğu ərazi üzrə müraciət edərək xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi almışdır. Göründüyü kimi, cavabdehin digər yaşayış yeri mövcuddur. Həmin yaşayış yeri ilə etibarlı əlaqələri vardır, həmin ünvanı yaşadığı yer kimi göstərməklə “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən İddiaçı verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsaən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialarla bağlı şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsum ödəməkdən azaddır. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsində qeyd edilən kateqoriyaya aid olduğuna, yəni məcburi köçkün olduğuna görə dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən İddiaçı verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılsın. Həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. İş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2571/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2571/2024
16.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver