Məhkəmə qərarları › İş №2(002)-258/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-258/2022

23.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-258/2022 23.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «miras əmlakın qəbul edilməsi müddətinin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat Ofisinə və Cavabdeh1 qarşı «miras əmlakın qəbul edilməsi müddətinin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 mart 2011-ci il tarixdə vəfat etmiş anası Xanım Xanməmməd qızından miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilinin 2/3 hissədə açıq qalmış hissəsinin qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilməklə bərpa edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzili mərhum X1na məxsus olmuşdur. X1 30 aprel 2010-cu il tarixdə, anası Xanım Xanməmməd qızı 18 mart 2011-ci il tarixdə vəfat etmişlər. Atası bütün əmlakını mərhum anası Xanım Xanməmməd qızına, qardaşı Cavabdeh1 Novruz oğluna və ona vəsiyyət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(002)-2647/2019 saylı qətnaməsi əsasında mübahisəli mənzilə dair onun 1/3 hissədə vərəsəlik payı müəyyən edilmişdir. 13 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzili 1/3 hissədə onun adına qeydiyyatdan keçmiş, 2/3 hissədə atasının adına açıq qalmışdır. Hazırda atası tərəfindən anasına vəsiyyət edilmiş paydan da qardaşı istifadə edir. Anasının vəfatından sonra miras əmlakı o qəbul edərək istifadə etmişdir. Lakin qardaşı buna imkan verməmişdir. Hazırda vərəsə kimi tanınmaq üçün mirasın qəbul edilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etsə də, müddəti buraxdığına görə bundan imtina edilmişdir. O, vərəsəlik barədə notariat kontoruna müraciət etmənin lazım olmasını bilməmişdir və bu səbəbdən də, müddəti buraxmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı ona qarşı müxtəlif vaxtlarda məhkəmədə bir neçə dəfə iddia qaldırmışdır. Birinci dəfə məhkəməyə müraciət edərək, iddiasında vəsiyyətnamə üzrə daşınmaz əmlaka olan vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir. O, bacısının mənzilin 1/3 hissəsinə hüququ çatdığını bilərək, ədalətli və düzgün rəftar nümayiş etdirmiş, iddiaçını süründürməmiş, get-gələ salmamış, məhkəmələrin uzanması üçün əlindən gələni etməmiş, iddianı etiraf etmişdir. Lakin sonradan, iddiaçı ikinci dəfə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsini xahiş etmişdir. Halbuki, Mülki Məcəllə ilə müəyyən edilmiş ardıcıllığa riayət etməmişdir. Bundan əlavə, iddiaçı onu məhkəmələrdə süründürmək üçün uzun müddət məhkəmə iclaslarına gəlməmiş, sonda o, məhkəmədən işə iddiaçının iştirakı olmadan baxılması və yekun qərar çıxarılmasını tələb etmişdir. Məhkəmə iddianın əsassız olduğunu təsbit edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İndi isə iddiaçı 3-cü dəfə məhkəməyə miras əmlakın qəbul edilməsi müddətinin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Əvvəllər yalnız onu cavabdeh kimi qeyd etsə də, bu dəfə digər bacı-qardaşı da cavabdeh kimi cəlb etmişdir. İddiaçının iddiası əsassızdır. İddiaçının mənzilin hüquqi vəziyyətindən, mülki qanunvericiliyin aidiyyatı maddələrindən çox gözəl xəbəri olmuşdur. İddiaçı məhkəmələrə müraciət edərkən vəkillərin hüquqi yardımından faydalanmışdır və hazırkı iddia ərizəsində qanunlardan xəbərdar olmamasını bildirməsi əsassızdır. İddiaçı onu məhkəmələrdə süründürmək üçün ona qarşı əsassız iddialarla məhkəmələrə müraciət edir. İddiaçı məhkəməyə müraciət etməklə bağlı qanunun vətəndaşa verdiyi hüquqdan sui-istifadə edir. Məhkəmədən iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı bacısı, Cavabdeh1 isə qardaşıdır. Solmaz Zaura qarşı iddia qaldıraraq, mənzilin qalan hissəsinə hüququnun tanınmasını istəyir. Solmaz o vaxt da Zauru məhkəməyə vermiş, Zaur mənzilin iddiaçının hüququ çatan hissəsinə dair iddianın təmin edilməsinə etiraz etməmişdir. Bundan sonra, Solmaz Zaura qarşı ikinci bir iddia ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia əsassız olduğundan təmin edilməmişdir. İndi isə bacıları Solmaz yenidən, 3-cü dəfədir ki, Zaura qarşı iddia qaldırıb. Hər iki tərəf doğması olsa da, Solmazın Zaura qarşı qaldırdığı iddia əsassızdır. Solmaz digər bacı qardaşlarının da cavabdeh kimi cəlb edilməsini istəyib. Bunun nə ilə əlaqədar olduğunu bilmir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməmiş və izahatında bildirdirmişdir ki, bacısı Cavabdeh2 izahatı ilə razıdır. Əlavəsi yoxdur. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 və Bakı şəhəri 8 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh4 və Bakı şəhəri 8 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, Cavabdeh1 izahatlarını dinləyib, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatlarını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (anasının vəfatından sonra miras əmlakı qəbul edərək istifadə etməsinə, qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən, yaxud bilmədiyinə görə buraxdığına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli 2(002)-2647/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı «vəsiyyətnamə üzrə daşınmaz əmlaka olan vərəsəlik payının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı X1ndan vəsiyyətnamə üzrə miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilinə dair 1/3 hissədə vərəsəlik payının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən göründüyü kimi, Cavabdeh1 həmin mülki işə baxılarkən, iddianı etiraf etmiş, bacısının haqqı çatan hissədə mənzildən payının müəyyən edilməsinə maneə yaratmamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(002)-187/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı «paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi» tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı mülki iş üzrə cavabdehlərin izahatlarından görünür ki, miras əmlakı iddiaçı deyil, cavabdeh olan qardaşları Cavabdeh1 qəbul etmişdir. Qardaşları Zaur bacıları Solmazın ilk iddiasının təmin edilməsinə etiraz etməmiş, bacılarının mənzildən haqqı çatan hissədə payının öz adına sənədləşdirilməsinə maneə yaratmamışdır. Lakin bacıları Solmaz Zaura qarşı iddia qaldırmaqda davam etmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «miras əmlakın qəbul edilməsi müddətinin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 101 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «miras əmlakın qəbul edilməsi müddətinin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 101 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar