Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2597/2023 01.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, Ərizəçi1 və Ərizəçi2 «miras əmlakın qəbul edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri 8 saylı Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, miras qoyan mərhum X1 vəfatından sonar onun adına olan Bakı şəhəri Ələt qəsəbəsi, keçid 1587, 15 saylı evin 41 saylı mənzilinə onların tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinin tələblərinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Ali Məhkəmənin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Plenumunun qərarının 1.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. X3 10-cu bəndinə əsasən, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. X3 10.1-ci bəndinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Hazırkı halda, ərizəçi miras qoyan mərhum X1 vəfatından sonra onun adına olan Bakı şəhəri Ələt qəsəbəsi, keçid 1587, 15 saylı evin 41 saylı mənzilinə onların tərəfindən miras əmlakın qəbul edilməsini qeyd etməklə, Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmiş, lakin ərizəyə müvafiq icra hakimiyyəti orqanına ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə müraciət edilməsi və həmin orqandan bununla bağlı imtina əldə edilməsi barədə sübutlar əlavə edilməmişdir. Nəticədə, ərizəyə əlavə edilən sənədlər hazırkı ərizənin mümkün hesab edilərək icraata götürülməsi üçün zəruri olan “lazımi sənədlərin ərizəçi tərəfindən alına bilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə edilməsinin mümkünsüzlüyü” şərtini təmin etmir. Belə ki, yuxarıda adı çəkilən plenum qərarının 1.4-cü bəndinə görə, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə ....faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı halda notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi barədə sənəd ərizəyə əlavə edilmədiyindən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.1 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri 8 saylı Dövlət Notariat Kontoruna qarşı miras qoyan mərhum X1 vəfatından sonra onun adına olan Bakı şəhəri Ələt qəsəbəsi, keçid 1587, 15 saylı evin 41 saylı mənzilinə onların tərəfindən miras əmlakın qəbul edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi:8660, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi1 geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Ərizəçiyə izah edilsin ki, ərizənin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-2597/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2597/2023
01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver