Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-26/2025 15.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyası və birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «qızıl-zinət əşyası» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus komplekt dəst (üzük, sırğa, qolbaq və sep) əyarı 750, çəkisi 95 qram, ümumi dəyəri 9.500 manat olan qızıl-zinət əşyalarının özü və ya dəyəri, habelə birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bazar qiyməti (17.000 manat) ilə dəyərinin yarısının, həmçinin ödənilmiş 144 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus kompekt dəst (üzük brilyant qaşlı, sırğa brilyant qaşlı, qolbaq brilyant qaşlı və sep) əyarı 750, çəkisi 95 qram, ümumi dəyəri 9.500 manat olan qızı-zinət əşyalarının özü və ya dəyəri, habelə birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bazar qiyməti (17.000 manat) ilə dəyərinin yarısının, həmçinin ödənilmiş 144 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «qızıl-zinət əşyası» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona məxsus qiyməti 2.000 manat, çəkisi 11,5 qram üzərində 40 karat brilyant qaşı olan olan qızıl üzüyün, bu mümkün olmadıqda dəyərinin iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 oktyabr 2013cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı iki uşaqları var. Onlara el adəti ilə toy edilmiş və o, cavabdehlə birlikdə sonuncunun atasına məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ə.Məhəmmədov küçəsi 5 saylı evin 47 saylı mənzilində ər-arvad kimi 10 il yaşamışlar. O, cavabdehlə ailə qurarkən ona toyda hədiyyə olaraq qızıl-zinət əşyaları almışlar. Həmin qızıl-zinət əşyaları komplekt dəstdən (üzük, sırğa, qolbaq və sep, əyarı 750, çəkisi 95 qram) ibarətdir. Qeyd etdiyi qızıl-zinət əşyalarının dəyəri 9.500 manat təşkil edir. Birgə yaşadıqları müddət ərzində cavabdeh onun icazəsi olmadan ona məxsus qızıl-zinət əşyalarını götürərək satmışdır. O, həmin qızıl-zinət əşyalarını tələb etdikdə bildirmişdir ki, pul lazım olduğuna görə qızılları satmışdır. Cavabdehlə aralarında olan narazılığa görə hazırda ayrılmışlar və cavabdeh nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmışdır. Lakin cavabdeh ona məxsus qızıl əşyalarını ona qaytarmaq istəmir. Ona toyda hədiyyə alınmış qeyd olunan qızıl əşyaları cavabdehdədir. Cavabdehlə birgə nikah dövründə «Hyundai Sonata» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Həmin avtomobili 17.000 manata almışlar. Həmin avtomobil birgə nikah dövründə alınmışdır və cavabdehin istifadəsindədir. Avtomobil birgə nikah dövründə alındığından onun da payı vardır. Hesab edir ki, tələb etdiyi ona məxsus qızıl-zinət əşyaları cavabdehdən alınıb ona verilməli, birgə nikah dövründə əldə etdikləri əmlak olan avtomobil onların arasında bölünməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 26 oktyabr 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuşdur. İddia tələbi üzrə qızıl əşya tələbinə dair hissəsi ilə razı deyil və qəbul etmir. O da, iddiaçıdan ona toyda alınmış qızıl üzüyünü istəyir. Toyda hədiyyə olaraq iddiaçı tərəfindən ona çəkisi 11,5 qram olan üstündə 5 ədəd brilyant qaşı olan 40 sot təxminən dəyəri 2.000 manat olan qızıl üzük alınmışdır. İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa oxşar izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, iddiaçı ilə ailə qurarkən sonuncuya toyda hədiyyə olaraq qızıl-zinət əşyaları, o cümlədən sırğa, sep, qolbaq və üzük almışdır. Lakin həmin qızıl əşyalar iddiaçının iddia tələbində qeyd etdiyi kimi 95 qram deyil, təxminən 30 qrama yaxın olmuşdur. Həmin vaxt o, qızıllara iddiaçının dediyi kimi 9.500 manat deyil, tam olaraq 2.200 manat ödəniş etmişdir. Həmin qızıllardan iddiaçı birgə yaşadıqları müddət ərzində istifadə etmiş və birgə yaşadıqları müddət ərzində özünün razılığı ilə satmışlar. Belə ki, iddiaçı özü bilirdi ki, bu qızıllar artıq ona balaca gəlir və həm də köhnə modeldirlər, satıb üstünü düzəldib yenisini alarlar. Bu məqsədlə də, qızılları satmışlar, həmin vaxt iddiaçıya alınmış «iPhone 6» markalı telefona olan borclarını ödəmişlər, qalan pulu isə birlikdə ailənin ehtiyacları üçün xərcləmişlər. İddiaçının məhkəmədə dediyinə görə həmin qızılları toydan 4-5 ay sonra satılmışdır. Lakin toydan sonra iddiaçı həmin qızıllardan istifadə etmiş və toydan bir il sonra çəkilmiş şəkillərdən də görünür ki, iddiaçı yalan deyil və həmin qızıllar onun üstündə olmuşdur. Bütün bunları bildirməklə qeyd edir ki, qızıllar iddiaçının razılığı ilə satılmış və pulunu da birlikdə xərcləmişlər. Bu səbəbdən də, iddianın bu hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, 06 fevral 2024-cü il tarixli nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X8 arasında nikah 26 oktyabr 2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 1134 saylı akt qeydi ilə bağlanmışdır. Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MSB2- 04112/2023 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, Cavabdeh isə mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən, İMSnin keçirilməsi mümkün olmamışdır. 50 manat mediasiya sessiyası xərci və 10 manat poçt-kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1131/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında İddiaçı məxsus kompekt dəst (üzük brilyant qaşlı, sırğa brilyant qaşlı, qolbaq brilyant qaşlı və sep) əyarı 750, çəkisi 95 qram olan qızıl-zinət əşyaları və Cavabdeh məxsus olan 11,5 qram, üzərində 40 karat brilyant qaşı olan üzüyün hazırkı orta bazar dəyərinin neçə manat təşkil etməsi və Cavabdeh istifadəsində olan **-OJ-*** dövlət qeydiyyat nişanlı «Hyundai Sonata» markalı minik avtomobilinin hazırki orta bazar dəyərinin neçə manat təşkil etməsi sualı qoyulmuş və Cavabdeh məxsus olan **-OJ-*** dövlət qeydiyyat nişanlı, «Hyundai Sonata» markalı minik avtomobilinin ekspertizaya təqdim edilməsi, qızıl-zinət əşyalarının ekspertizasının həmin əşyalar mövcud olmadığından təqdim edilmiş fotoşəkillər üzrə vizual olaraq aparılması həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/3143/2024 saylı rəyi ilə ekspertiza qarşısına qoyulmuş suallardan biri üzrə cavab verilsə də, digər suala, yəni İddiaçı məxsus komplekt dəst (üzük brilyant qaşlı, sırğa brilyant qaşlı, qolbaq brilyant qaşlı və sep) əyarı 750, çəkisi 95 qram olan qızıl-zinət əşyaları və Cavabdeh məxsus olan 11,5 qram olan üzərində 40 karat brilyant qaşı olan üzüyün hazırkı orta bazar dəyərinin neçə manat təşkil etməsinə dair sual üzrə ekspert tərəfindən tədqiqat aparılmamış, iş üzrə natamam rəy verilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 2008-ci il buraxılışlı, ağ rəngli, dəri oturacaqlı, 276577 km yürüşlü, mühərrik tutumu 2400 kub santimetr olan «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 17.500 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1131/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyası və birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü» tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı «qızıl-zinət əşyası» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə obyektiv, tam və hərtərəfli baxılması üçün iş üzrə əlavə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 9/6951 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən zərgərlik məmulatlarının hazırki dövrə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 11.400 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəməyə təqdim olunmuş, zərgər X9 14 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ona Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdə təsvir olunan aşağıda adları çəkilən qızıl-zinət əşyalarının 2024-cü ilin sentyabr-oktyabr ayları ərzində ümumi satış qiyməti: komplekt dəst (üzük, sırğa, qolbaq və sep), əyarı 585, çəkisi 35 qram, 3.850 manat təşkil edir. Üzük, üzərində 0,40 karat 5 brilyant qaşı olan, 11.5 qram, 1.600 manat təşkil edir. Məhkəmə işə obyektiv, tam, hərtərəfli baxılması üçün rəyləri vermiş ekspertləri məhkəmə iclasına dəvət etmiş və onlar dinlənilmişdir. Belə ki, öncəki məhkəmə iclasında ekspert X10 bildirmişdir ki, məhkəmənin qərardadda göstərdiyi suallar əsasında rəy vermişdir. Yalnız üzüyün karatı göstərilmədiyinə görə həmin hissədə rəy verməmişdir. Öncəki məhkəmə iclasında ekspert X3 bildirmişdir ki, avtomobilin dəyəri ilə bağlı rəy vermişdir. Avtomobilin şəkilləri təqdim edilmiş və o, həmin şəkillər əsasında rəy vermişdir. Rəy verilərkən ixtisaslaşdırılmış elan saytlarında təşəkkül tapan qiymətləri araşdırmışdır. Öncəki məhkəmə iclasında dindirilən şahid X2 ifadəsində bildirmişdir ki, əvvəllər qızıl satışı və alışı ilə məşğul olmuşdur. 2013-2016-cı illər ərzində satıcı işləmişdir. Ədalət zəng vurmuşdur ki, qızıl satır. Ədalətə demişdir ki, dükana gəlsin. Ədalət yoldaşı ilə ora gəlmişdir. Xanım maşında qalmışdır, Ədalət isə yuxarı qalxmışdır. Qolbaq, kolye, komplekti zərgər yoxlamışdır. 30-35 qram idi. Əyarı da 583-650. Qiyməti hesablamışlar və təxminən 1.500 manata yaxın etmişdir. Ədalət demişdir ki, xanımla məsləhətləşib gəlir. Xanım ilə razılaşmış, zərgər 1.500 manata yaxın pul ödəmişdir. Sep ayrı idi, komplekt ayrı idi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 1131/2024 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası və məhkəmə-avtotexniki ekspertizası təyin edilmiş və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2025-ci il tarixli, 9/10634 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 2008-ci il buraxılışlı mühərrik həcmi 2400 sm3 olan «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 17.500 manat ((17.400,00 + 17.600,00):2) müəyyən edilir. 01 ədəd üzərində 0,40 karat 5 brilyant qaşı olan 750 əyarlı 11,5 qram çəkili üzüyün keyfiyyəti, rəngi və sair barədə ətraflı məlumatın təqdim edilməsi barədə məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixdə 9/10634 saylı vəsatət təmin edilmədiyinə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 144 manat dövlət rüsumu, Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 40.60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlardan görünür ki, ilk iddia üzrə İddiaçı ailə qurarkən ona ümumi çəkisi 95 qram olan 750 əyarlı komplekt dəst (brilyant qaşlı üzük, brilyant qaşlı sırğa, brilyant qaşlı qolbaq və sep) hədiyyə edilmişdir. Həmin qızıl-zinət əşyaları cavabdeh tərəfindən iddiaçıdan alınaraq, iddiaçının buna razılığı olmadan satılmışdır. Bundan başqa, tərəflər birgə nikahda olduqları dövrdə «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə etmişlər. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, ilk iddia üzrə iddiaçıya toy vaxtı hədiyyə edilmiş qızıl-zinət əşyaları, onlar mövcud olmadıqda isə dəyəri olan 9.500 manat pul vəsaiti, eləcə də, birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin 1/2 hissəsini təşkil edən 8.500 manat pul vəsaiti ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə tutulması tələbi ədalətlidir. İş materiallarından görünür ki, ekspert rəylərində qızıl-zinət əşyalarının qiyməti 11.500 manat, avtomobilin dəyəri isə 17.500 manat müəyyən edilmişdir. Lakin iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia verilmiş tələblər həcmində təmin edilməli, iddia tələbindən kənara çıxılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir. Belə ki, ilk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində, eləcə də, şahid X1 ifadəsində ziddiyyətli məqamlar mövcuddur. Mütəxəssis rəyində qızıl-zinət əşyalarının əyarı 583, şahid ifadəsində isə 583-650 əyarlı olduqları qeyd edilmişdir. Halbuki, qızıl-zinət əşyalarının əyarı 750 olmuşdur. Hər bir əyara görə isə qızılzinət əşyalarının dəyəri dəyişir. Belə ki, əyar nə qədər yüksək olsa, qızıl-zinət əşyalarının dəyəri bir o qədər yüksək olur. Digər tərəfdən, mütəxəssis tərəfindən qızıl-zinət əşyalarına təyin edilmiş qiymətlə, şahid ifadəsində qeyd edilən qiymət arasında kəskin fərq mövcuddur. Məhkəmə vurğulayır ki, şahid X1 ifadəsinə tənqidi yanaşılmalı, onun ilk iddia üzrə cavabdehin xeyrinə ifadə verməsi, eləcə də, mütəxəssisin rəy verərkən qızıl-zinət əşyalarının əyarına uyğun olaraq düzgün qiymətləndirilməsi nəzərə alınmalı, mötəbər sübut kimi qiymətləndirilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdeh məhkəmədə qızılzinət əşyalarını götürüb satmağa apardığını, X5 satdığını, satıb pulunu qaytardığını bildirsə də, qızıl-zinət əşyalarını məhz 2.000 manata satmasına, pulu iddiaçıya qaytarmasına, yaxud pulun bir hissəsinə telefon almasına, digər hissəsini isə ailənin ümumi mənafeyi üçün xərcləməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İlk iddia üzrə cavabdehin avtoservisdən servis xərcləri barədə təqdim etdiyi sənədə münasibətdə məhkəmə qeyd edir ki, hər iki ekspert rəyində avtomobilin müəyyən edilmiş dəyəri demək olar ki, eynilik təşkil edir. Ekspert avtomobilin bazar dəyərini müəyyən edərkən, onun bazarda təşəkkül tapan qiymətlərini əsas götürür. Bazarda formalaşan dəyəri öyrənmək üçün eyni marka, model, buraxılış ili olan avtomobillərin alğı-satqı qiymətləri, eləcə də, ixtisaslaşmış elan saytlarında təşəkkül tapan, satış qiymətləri əsas götürülür. Məlumdur ki, hər bir avtomobilin təmirə və təmir xərclərinə ehtiyacı ola bilər. Amma bu, ekspert tərəfindən təyin edilən qiymətə təsir edən amil deyil. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi hala (ona məxsus üzüyün qarşılıqlı iddia üzrə cavabdehdə olmasına) dair mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən, qarşılıqlı iddia əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyası və birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü» tələbinə dair ilk iddiası təmin edilməli; ümumi çəkisi 95 qram olan 750 əyarlı komplekt dəst (brilyant qaşlı üzük, brilyant qaşlı sırğa, brilyant qaşlı qolbaq və sep), həmin əşyalar mövcud olmadıqda dəyəri olan 9.500 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli; birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsini təşkil edən 8.500 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Ödənilmiş 144 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin 30 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh İddiaçı qarşı «qızıl-zinət əşyası» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 40,60 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyası və birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü» tələbinə dair ilk iddiası təmin edilsin. Ümumi çəkisi 95 qram olan 750 əyarlı komplekt dəst (brilyant qaşlı üzük, brilyant qaşlı sırğa, brilyant qaşlı qolbaq və sep), həmin əşyalar mövcud olmadıqda dəyəri olan 9.500 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsini təşkil edən 8.500 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş 144 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin 30 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı qarşı «qızıl-zinət əşyası» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 40,60 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-26/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-26/2025
15.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver