Məhkəmə qərarları › İş №2(103)-4177/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4177/2025

16.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4177/2025 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk iddiası; İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: «qızıl-zinət əşyası, birgə nikah dövründə əldə olunmuş avtomobilin bölünməsi, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh ilə X4 arasında nikah ## ####### 2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində **** saylı akt qeydi ilə bağlanıb.

2. Tərəflərin birgə nikahından ##.##.2014-cü il təvəllüdlü X5 və ##.##.2018-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur.

3. Tərəflər birgə nikah dövründə «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil əldə edib.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qızıl-zinət tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə, sonradan, MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus kompekt dəst (üzük brilyant qaşlı, sırğa brilyant qaşlı, qolbaq brilyant qaşlı və sep) əyarı 750, çəkisi 95 qram, ümumi dəyəri 9.500 manat olan qızı-zinət əşyalarının özü və ya dəyəri, habelə birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bazar qiyməti (17.000 manat) ilə dəyərinin yarısının və ödənilmiş 144 manat dövlət rüsumuna görə xərcin əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

5. İlk iddiada göstərilib ki, ## ####### 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurublar. Birgə nikahdan doğulmuş ##.##.2014-cü il təvəllüdlü X5 və ##.##.2018ci il təvəllüdlü X6 adlı iki uşaqları var. Onlara el adəti ilə toy edilmiş və cavabdehlə birlikdə sonuncunun atasına məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ə.Məhəmmədov küçəsi * saylı evin ** saylı mənzilində ər-arvad kimi 10 il yaşayıb. Cavabdehlə ailə qurarkən ona toyda hədiyyə olaraq qızıl-zinət əşyaları alıblar. Qeyd etdiyi qızıl-zinət əşyalarının dəyəri 9.500 manat təşkil edir. Birgə yaşadıqları müddət ərzində cavabdeh onun icazəsi olmadan ona məxsus qızıl-zinət əşyalarını götürərək satıb. Qızıl-zinət əşyalarını tələb etdikdə isə pul lazım olduğuna görə qızılları satdığını bildirib. Cavabdehlə aralarında olan narazılığa görə hazırda ayrılıb və cavabdeh nikahın pozulmasına dair məhkəmədə iddia qaldırıb. Lakin cavabdeh ona məxsus qızıl əşyalarını ona qaytarmaq istəmir. Cavabdehlə birgə nikah dövründə «Hyundai Sonata» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobili 17.000 manata alıb. Birgə nikah dövründə alındığından onun da payı vardır.

6. İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyası tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona məxsus qiyməti 2.000 manat, çəkisi 11,5 qram üzərində 40 karat brilyant qaşı olan qızıl üzüyün, bu mümkün olmadıqda dəyərinin iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

7. Qarşılıqlı iddiada göstərilib ki, ilk iddia tələbi üzrə qızıl əşya tələbinə dair hissəsi ilə razı deyil və qəbul etmir. İddiaçıdan ona toyda alınmış qızıl üzüyünü istəyir. Toyda hədiyyə olaraq iddiaçı tərəfindən ona çəkisi 11,5 qram olan üstündə 5 ədəd brilyant qaşı olan 40 sot təxminən dəyəri 2.000 manat olan qızıl üzük alınıb.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) ilkin iddia tələbinin təmin edilərək ümumi çəkisi 95 qram olan 750 əyarlı komplekt dəstin (brilyant qaşlı üzük, brilyant qaşlı sırğa, brilyant qaşlı qolbaq və sep), həmin əşyalar mövcud olmadıqda dəyəri olan 9.500 manatın cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsini təşkil edən 8.500 manatın cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdeh Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, ödənilmiş 144 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin 30 manatının cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi; Cavabdeh İddiaçı qarşı «qızıl zinət əşyası» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 40,60 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(002)- ****/**** saylı qərardadı ilə iş üzrə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında iddiaçı İddiaçı məxsus kompekt dəst (üzük brilyant qaşlı, sırğa brilyant qaşlı, qolbaq brilyant qaşlı və sep) əyarı 750, çəkisi 95 qram olan qızıl-zinət əşyaları və cavabdeh Cavabdeh məxsus olan 11,5 qram, üzərində 40 karat brilyant qaşı olan üzüyün hazırkı orta bazar dəyərinin neçə manat təşkil etməsi və cavabdeh Cavabdeh istifadəsində olan **-OJ-*** dövlət qeydiyyat nişanlı «Hyundai Sonata» markalı minik avtomobilinin hazırki orta bazar dəyərinin neçə manat təşkil etməsi sualı qoyulmuş və cavabdeh Cavabdeh məxsus olan **-OJ-*** dövlət qeydiyyat nişanlı, «Hyundai Sonata» markalı minik avtomobilinin ekspertizaya təqdim edilməsi, qızıl-zinət əşyalarının ekspertizasının həmin əşyalar mövcud olmadığından təqdim edilmiş fotoşəkillər üzrə vizual olaraq aparılması həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli, *-**-**/*-*/****/**** saylı rəyi ilə ekspertiza qarşısına qoyulmuş suallardan biri üzrə cavab verilsə də, digər suala, yəni iddiaçı İddiaçı məxsus komplekt dəst (üzük brilyant qaşlı, sırğa brilyant qaşlı, qolbaq brilyant qaşlı və sep) əyarı 750, çəkisi 95 qram olan qızıl-zinət əşyaları və cavabdeh Cavabdeh məxsus olan 11,5 qram olan üzərində 40 karat brilyant qaşı olan üzüyün hazırkı orta bazar dəyərinin neçə manat təşkil etməsinə dair sual üzrə ekspert tərəfindən tədqiqat aparılmamış, iş üzrə natamam rəy verilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 2008-ci il buraxılışlı, ağ rəngli, dəri oturacaqlı, 276577 km yürüşlü, mühərrik tutumu 2400 kub santimetr olan «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 17.500 manat müəyyən olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(002)- ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «qızıl-zinət əşyası və birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü» tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı «qızılzinət əşyası» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə obyektiv, tam və hərtərəfli baxılması üçün iş üzrə əlavə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2024-cü il tarixli */**** saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən zərgərlik məmulatlarının hazırki dövrə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 11.400 manat müəyyən edilir. Məhkəməyə təqdim olunmuş, zərgər X1 ## ####### 2024- cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ona cavabdeh Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdə təsvir olunan aşağıda adları çəkilən qızıl-zinət əşyalarının 2024-cü ilin sentyabr-oktyabr ayları ərzində ümumi satış qiyməti: komplekt dəst (üzük, sırğa, qolbaq və sep), əyarı 585, çəkisi 35 qram, 3.850 manat təşkil edir. Üzük, üzərində 0,40 karat 5 brilyant qaşı olan, 11.5 qram, 1.600 manat təşkil edir. Məhkəmə işə obyektiv, tam, hərtərəfli baxılması üçün rəyləri vermiş ekspertləri məhkəmə iclasına dəvət etmiş və onlar dinlənilmişdir. Belə ki, öncəki məhkəmə iclasında ekspert X2 bildirmişdir ki, məhkəmənin qərardadda göstərdiyi suallar əsasında rəy vermişdir. Yalnız üzüyün karatı göstərilmədiyinə görə həmin hissədə rəy verməmişdir. Öncəki məhkəmə iclasında ekspert X7 bildirmişdir ki, avtomobilin dəyəri ilə bağlı rəy vermişdir. Avtomobilin şəkilləri təqdim edilmiş və o, həmin şəkillər əsasında rəy vermişdir. Rəy verilərkən ixtisaslaşdırılmış elan saytlarında təşəkkül tapan qiymətləri araşdırmışdır. Öncəki məhkəmə iclasında dindirilən şahid X10 ifadəsində bildirmişdir ki, əvvəllər qızıl satışı və alışı ilə məşğul olmuşdur. 2013-2016-cı illər ərzində satıcı işləmişdir. Ədalət zəng vurmuşdur ki, qızıl satır. Ədalətə demişdir ki, dükana gəlsin. Ədalət yoldaşı ilə ora gəlmişdir. Xanım maşında qalmışdır, Ədalət isə yuxarı qalxmışdır. Qolbaq, kolye, komplekti zərgər yoxlamışdır. 30-35 qram idi. Əyarı da 583-650. Qiyməti hesablamışlar və təxminən 1.500 manata yaxın etmişdir. Ədalət demişdir ki, xanımla məsləhətləşib gəlir. Xanım ilə razılaşmış, zərgər 1.500 manata yaxın pul ödəmişdir. Sep ayrı idi, komplekt ayrı idi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası və məhkəmə-avtotexniki ekspertizası təyin edilmiş və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */***** saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 2008-ci il buraxılışlı mühərrik həcmi 2400 sm3 olan «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 17.500 manat ((17.400,00 + 17.600,00):2) müəyyən edilir. 01 ədəd üzərində 0,40 karat 5 brilyant qaşı olan 750 əyarlı 11,5 qram çəkili üzüyün keyfiyyəti, rəngi və sair barədə ətraflı məlumatın təqdim edilməsi barədə məhkəməyə göndərilmiş ##.##.2024-cü il tarixdə */***** saylı vəsatət təmin edilmədiyinə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlardan görünür ki, ilk iddia üzrə iddiaçı İddiaçı ailə qurarkən ona ümumi çəkisi 95 qram olan 750 əyarlı komplekt dəst (brilyant qaşlı üzük, brilyant qaşlı sırğa, brilyant qaşlı qolbaq və sep) hədiyyə edilmişdir. Həmin qızıl-zinət əşyaları cavabdeh tərəfindən iddiaçıdan alınaraq, iddiaçının buna razılığı olmadan satılmışdır. Bundan başqa, tərəflər birgə nikahda olduqları dövrdə «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə etmişlər. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, ilk iddia üzrə iddiaçıya toy vaxtı hədiyyə edilmiş qızıl-zinət əşyaları, onlar mövcud olmadıqda isə dəyəri olan 9.500 manat pul vəsaiti, eləcə də, birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin 1/2 hissəsini təşkil edən 8.500 manat pul vəsaiti ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə tutulması tələbi ədalətlidir. İş materiallarından görünür ki, ekspert rəylərində qızıl-zinət əşyalarının qiyməti 11.500 manat, avtomobilin dəyəri isə 17.500 manat müəyyən edilmişdir. Lakin iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia verilmiş tələblər həcmində təmin edilməli, iddia tələbindən kənara çıxılmamalıdır. Məhkəmə onu da qeyd edib ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir. Belə ki, ilk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində, eləcə də, şahid X10 ifadəsində ziddiyyətli məqamlar mövcuddur. Mütəxəssis rəyində qızıl-zinət əşyalarının əyarı 583, şahid ifadəsində isə 583-650 əyarlı olduqları qeyd edilmişdir. Halbuki, qızıl-zinət əşyalarının əyarı 750 olmuşdur. Hər bir əyara görə isə qızıl-zinət əşyalarının dəyəri dəyişir. Belə ki, əyar nə qədər yüksək olsa, qızıl-zinət əşyalarının dəyəri bir o qədər yüksək olur. Digər tərəfdən, mütəxəssis tərəfindən qızıl-zinət əşyalarına təyin edilmiş qiymətlə, şahid ifadəsində qeyd edilən qiymət arasında kəskin fərq mövcuddur. Məhkəmə vurğulayıb ki, şahid X10 ifadəsinə tənqidi yanaşılmalı, onun ilk iddia üzrə cavabdehin xeyrinə ifadə verməsi, eləcə də, mütəxəssisin rəy verərkən qızıl-zinət əşyalarının əyarına uyğun olaraq düzgün qiymətləndirilməsi nəzərə alınmalı, mötəbər sübut kimi qiymətləndirilməməlidir. Bundan başqa, ilk iddia üzrə cavabdeh məhkəmədə qızıl-zinət əşyalarını götürüb satmağa apardığını, X11 satdığını, satıb pulunu qaytardığını bildirsə də, qızıl-zinət əşyalarını məhz 2.000 manata satmasına, pulu iddiaçıya qaytarmasına, yaxud pulun bir hissəsinə telefon almasına, digər hissəsini isə ailənin ümumi mənafeyi üçün xərcləməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İlk iddia üzrə cavabdehin avtoservisdən servis xərcləri barədə təqdim etdiyi sənədə münasibətdə məhkəmə qeyd edib ki, hər iki ekspert rəyində avtomobilin müəyyən edilmiş dəyəri demək olar ki, eynilik təşkil edir. Ekspert avtomobilin bazar dəyərini müəyyən edərkən, onun bazarda təşəkkül tapan qiymətlərini əsas götürür. Bazarda formalaşan dəyəri öyrənmək üçün eyni marka, model, buraxılış ili olan avtomobillərin alğı-satqı qiymətləri, eləcə də, ixtisaslaşmış elan saytlarında təşəkkül tapan, satış qiymətləri əsas götürülür.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək ilk iddianın qismən - avtomobil hissəsində qismən təmin edilməsi, qalan hissədə rədd edilməsi və qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsini xahiş edib göstərir ki, iddiaçı ilə nikaha daxil olarkən ona dəyəri 2000 manat olan üzük hədiyyə verilmiş, lakin məhkəmə ona hədiyə kimi verilmiş üzüyün iddiaçıdan alınıb verilməsini təmin etməmişdir. Məhkəmə iclaslarının birində iddiaçı səhvən ona məxsus qızıl üzüyü də məhkəməyə gətirmişdir. Bu zaman həmin üzük masanın üzərinə düşsə də fasilə olduğu üçün video görüntülər qeydiyyata düşməmişdir. Təssüf ki məhkəmə qətnamə qəbul edərkən qanunun bu tələbini pozmuş, işin obyektiv araşdırılması üçün əhəmiyyət kəsb edən şahidləri dindirlməmiş, dindirilən bir nəfər şahidin isə ifadəsini əsassız olaraq şübhə altına almışdır. Belə ki, məhkəmə iclasında onun iddiaçı ilə birlikdə qızıl əşyalarını satdığı zərgər həmin əşyaların əyyarının 583 olmasını və 1500 manat dəyəirndə olmasını bildirsə də məhkəmə bunu sübut kimi qəbul etməmişdir. Qızılların əyarı, çəkisi və qiyməti ilə bağlı isə yalnız “iddiaçının deməsinə görə” əsası ilə qətnamə qəbul etmişdir. Qızıl zinət əşyalarının qiyməti barədə həmin qızıl zinət əşyalarını iddiaçı tərəfin izaharları nəzərə alınmış, əksinə həmin qızılların qiyməti və hansı ölkənin istehsalı olması barədə əsaslı sübut təqdim etməyən iddiaçı tərəfin izahatlarını heç bir əsas olmadan əsas götürmüşdür ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iddiaçının həqiqətən də ona hədiyyə kimi alınmış əşyaların iddiaçının razılığı ilə satılıması müəyyən edilsə də məhkəmə bunu sübut növü kimi qiymətləndirilməmişdir. Eyni zamanda, qızıl zinyət əşyaları mövcud olmadığı halda həmin əşyaların əyyarının 750 müəyyən edilməsi barədə gəldiyi nəticə tamamilə əsassızdır. Həmin qızılların 750 əyyar olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı buna dair heç bir sübut təqdim etməmişdir. Əgər iddiaçı bunu sübut edə bilmirsə, iddia tələbi də cavabdeh olaraq etiraf etdiyi həddə müəyyən edilməli idi. İddiaçı iddia ərizəsində birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin 17000 manat alınmasını etiraf edir. Həmin avtomobil 2008-ci il buraxılışı olmuş və 2020-ci il tarixdə alınmışdır. Həmin vaxtdan da onun istifadəsində olmaqla bu müddət ərzində istifadə olunduğu halda yenidən iddiaçının dediyi dəyərdəndə artıq qiymətə 17500 manata hesablanması tamamilə əsassızdır. Eyni zamanda, iddiaçı ona 8500 manat ödəməklə avtomobilin onun istifadəsinə verilməsinə razıdır. Hazırda avtomobilin reail dəyəri 14000 manatdan aşağıdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, cavabdehin mübahisələndirdiyi hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2 və 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrıayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeylər istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

15. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarındakı hüquqi mövqe: Əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması.

16. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № */**** saylı, ## #### 2024-cü il tarixli Qərarında qeyd edilir ki: 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ilk iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi yəni ilk iddianın təmin olunduğu, qarşılıqlı iddianın isə rədd edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. Təmin edildiyi hissədə ilk iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, eləcə də qarşılıqlı iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə ilk iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından ilk iddia haqlı sayılır, lakin qarşılıqlı iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik həmin iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından qarşılıqlı iddia haqlı sayılmır.

25. Məhkəmə tərkibi vurğulayır ki, birinci instansiya məhkəməsi həm ilkin, həm də qarşılıqlı iddia üzrə mübahisələndirilən hissələrdə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi, təmin olunan hissədə ilk iddianın qismən, qarşılıqlı iddianın isə təmin edilməsi üçün əsas ola bilməz. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılması zəruri hesab edilir.

26. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2015-ci il tarixli Qərarlar).

28. Yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1).

29. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yəni, tərəflərin işləməməsi onları ümumi əmlak üzərində mülkiyyət hüququndan məhrum etmir. Əksinə qanunverici bu cür hallarda ərin yaxud arvadın ümumi əmlak üzərində hüquqlarının olduğunu xüsusiləşdirərək müəyyən etmişdir.

30. Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrinin məzmununa görə nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti olması prezumpsiyadır. Yəni, əksi sübuta yetirilənədək, birgə nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Bu prezumpsiyanın əksini iddia edən tərəf mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

31. Hazırkı iş üzrə ilkin iddia tələbi şərti olaraq iki hissədən: birinci hissə qızıl zinət əşyaları tələbi, ikinci hissə isə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsindən ibarətdir. Birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin edib, qarşılıqlı iddianı isə rədd edib.

32. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən alınmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ######## 2024-cü il tarixli rəyində İddiaçı iddia etdiyi qızıl dəstinin (üzük brilliant qaşlı, sırğa brilliant qaşlı, qolbaq brilliant qaşlı və sepin) ümumi çəkisinin 95 qram, bir qramının qiymətinin 120 manat, cəmi dəyərinin 11400 manat olduğu qeyd olunsa da, Cavabdeh iddia etdiyi qızıl üzüyə dair rəy verilməyib, ekspert Ozal Maqsudov məhkəmə iclasında üzüyün yalnız karatı göstərilmədiyinə görə rəy verə bilmədiyini göstərmişdir.

33. Əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının ## ###### 2025-ci il tarixli rəyində isə eyni Mərkəzin digər eksperti Rauf Kərimov Cavabdeh iddia etdiyi 1 ədəd, üzərində 0,40 karat 5 briliant qaşı olan, 750 əyarlı, 11,5 qram çəkili üzüyün keyfiyyət rəngi və sair barədə ətraflı məlumat təqdim edilməsi barədə Məhkəməyə göndərilmiş ##.##.2024-cü il tarixli vəsatət təmin edilmədiyinə görə qiymətləndirmə aparılmasının mümkün olmadığını qeyd etmişdir.

34. Göründüyü kimi, eyni Mərkəzin bir eksperti fotoşəkillər üzrə ilk iddiada göstərilən qızıl əşyalarına dair natamam da olsa rəy verir, qarşılıqlı iddiada göstərilən qızıl əşyası üzrə isə karatı göstərilmədiyinə görə rəy verə bilmir, əlavə ekspertiza zamanı isə digər ekspert qarşılıqlı iddiada göstərilən üzüyün keyfiyyət rəngi və sair barədə ətraflı məlumat təqdim edilmədiyinə görə rəy verə bilmədiyini göstərir.

35. Bu səbəbdən məhkəmə tərkibi hesab etdi ki, iş üzrə həqiqətin müəyyən edilməsi baxımından qiymətləndirmə ekspertizası təyin edilməli, həm ilk, həm də qarşılıqlı iddiada göstərilən qızıl əşyaları, eləcə də avtomobilin bazar dəyəri dəyəri müəyyən edilməlidir. Çünki ekspert rəylərinin öz arasında və onlarla mütəxəssis rəyi arasında qızıl əşyalarının əyarı, çəkisi, dəyəri, eləcə də üzərində briliant qaşlarının olub-olmaması, olduğu təqdirdə neçə karat olması barədə ziddiyyət vardır.

36. Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə keçirilmiş qiymətləndirmə ilə əlaqədar “xxxx” MMC-nin *** saylı, ## ####### 2025ci il tarixli rəyində qeyd edildi ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı və Cavabdeh iddia etdikləri qızıl-zinət əşyalarının zəruri əmtəə-texniki göstəriciləri barədə ziddiyətli məqamların olması və qızıl-zinət əşyalarına dair kifayət qədər məlumatların (əyarı, çəkisi, eləcə də üzərində briliant qaşlarının olub-olmaması, olduğu təqdirdə neçə karat olması və s.) olmaması səbəbindən, həmin qızıl-zinət əşyalarının real bazar dəyərini müəyyən etmək mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadında qeyd olunmuş məlumatlara əsasən, Cavabdeh məxsus olan "Hyundai Sonata" (minik) markalı, sedan tipli **-OJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin hazırkı bazar qiymətləri ilə təqribi dəyəri 17068,00 (on yeddi min altmış səkkiz) manat məbləğində müəyyən edilir.

37. Bundan sonra, qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə qoyulmuş sualların cavablandırılması üçün başqa ixtisaslaşdırılmış qiymətləndirici təşkilata yönləndirilməsi məqsədilə Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasına yenidən müraciət edilmiş və "xxxx" MMC UNİ/M **-***/**** saylı, ## ### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Qiymətləndiricilər Palatasından "xxxx" MMC-in icraatına daxil olmuş İş № *(***)- ****/**** saylı mülki iş materialları üzrə, Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərardadın icrası ilə bağlı bildiririk ki, ekspert qarşısında qoyulmuş suallara uyğun olaraq iş materialında göstərilən qızılın əyarı, çəkisi, eləcə də üzərində brilliant qaşlarının olubolmaması, olduğu təqdirdə neçə karat olması barədə dəqiq məlumat olmadığından, həmçinin iddiaçı İddiaçı tərəfindən göndərilən fotoşəkillərdən qızıl-zinət əşyalarının əyarını, çəkisini, eləcə də üzərində brilliant qaşlarının olub-olmaması, olduğu təqdirdə neçə karat olmasını müəyyən etmək mümkünsüz olduğundan qiymətləndirmə işi aparılmamışdır. Eyni zamanda ekspert qarşısında qoyulmuş suala uyğun olaraq 2008-ci il buraxılışlı mühərrik həcmi 2400 sm3 olan "Hyundai Sonata" markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil baxış təqdim edilmədiyindən qiymətləndirilməsi mümkün olmamışdır. Nəticə etibarilə təqdim edilmiş suallar üzrə tam və obyektiv ekspert rəyinin hazırlanması hazırkı mərhələdə mümkün deyildir, bu səbəbdən işə baxılmadan Sizə geri qaytarılır.

38. Bundan sonra, qiymətləndirmə ekspertizasının keçirilməsi barədə qərardadın icrası başqa ixtisaslaşdırılmış qiymətləndirici təşkilata yönləndirilmiş və “xxxx” LTD MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB **/**** saylı, ## #### 2026-cı il tarixli rəydə qeyd edilmişdir ki, qiymətləndirilməsi tələb olunan qızıl zinət əşyaları (üzük, sırğa, qolbaq və sepin), eləcə də sual 2 üzrə təqdim edilmiş digər qızıl zinət əşyası faktiki olaraq iddiaçı və ya cavabdeh tərəflərin heç birində mövcud deyil, satılmışdır. Bu səbəbdən qızıl-zinət əşyaları naturada baxış üçün təqdim edilməsi mümkün olmamışdır. Qızılların dəyəri (qiyməti) yalnız X4 tərəfindən yazılmış rəsmi ərizədə, həmçinin iş üzrə qəbul edilmiş qərardadda (və ya digər iş materiallarında) qeyd olunan çəki (qram) və əyyar (karat) göstəricilərinə istinadən (onlar əsas götürülərək) qiymətləndirilən tarixə qramın dəyəri real satış elanlarından əldə edilmiş məlumat bazasına əsasən hesablanmışdır. Beləliklə yuxarıdakıları nəzərə alaraq qızıl zinyət əşyalarının dəyəri aşağıdakı kimi təşkil edir: Qızıl qolbaq əyyarı 750 brilyant qaşla 28 qr - 6160 manat, Qızıl boyunbağı əyyarı 750 brilyant qaşla 35 qr - 7700 manat, Qızıl üzük əyyarı 750 brilyant qaşla 11 qr - 2420 manat, Qızıl sırğa 750 brilyant qaşla 21 qr - 4620 manat. Qeyd: Qərardad materiallarında qeyd olunduğu üzrə komplekt dəstin (üzük, sırğa, qolbaq və sep) əyarı 585, çəkisi 35 qram təşkil etdiyi təqdirdə qızıl zinyət əşyalarının dəyəri - 5250 manat təşkil edəcəkdir. Cavabdeh iddia etdiyi bir ədəd 0.4 karat 5 brilyant qaşı olan 11.5 qramlıq qızıl üzüyün ümumi dəyəri təxminən 1500 - 2500 AZN arasında dəyişir.

39. Göründüyü kimi, apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə mülki prosessual qanunvericiliyin imkan verdiyi həddə bütün mümkün olan hüquqi mexanizmlərdən istifadə edilsə də şikayətin dəlilləri mötəbər sübutlarla öz təsdiqini tapmadı. Belə ki, cavabdeh(qarşılıqlı iddiaçı) şikayətində avtomobil üzrə iddianın qismən təmin edilməsini göstərsə də mahiyyət etibarı ilə bölündüyü vaxt olan dəyəri ilə razılaşmaq istəmir. Başqa sözlə, avtomobilin 17000 manat alınmasını etiraf edir, lakin 2008-ci il buraxılışı olan avtomobilin 2020-ci il tarixdə alınaraq onun istifadəsində olmaqla bu müddət ərzində istifadə olunduğu halda yenidən iddiaçının dediyi dəyərdən də artıq qiymətə 17500 manata hesablanmasının tamamilə əsassız olduğunu, hazırda real dəyərinin 14000 manatdan aşağı olduğunu göstərir. Buna baxmayaraq, həm birinci instansiya məhkəməsində icraat zamanı alınmış 2 ekspert rəyi ilə, həm də apellyasiya baxışı zamanı alınmış qiymətləndirici rəyi ilə sözügedən avtomobilin real bazar dəyərinin 17000(on yeddi min) manatdan aşağı olması öz təsdiqini tapmadı. Ona görə də şikayətin bu dəlili təkzib edilir. Demək ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə düzgün olub.

40. Bundan əlavə, birinci instansiya məhkəməsi şahid ifadəsini mötəbər sübut kimi qəbul etməməkdə haqlı olub. Çünki şahidin verdiyi məlumatlarla cavabdehin təqdim etdiyi mütəxəssis rəyində göstərilənlər arasında ziddiyyətin mövcud olduğu açıq-aşkar olub. Başqa sözlə, şahidin ifadəsi ilə mütəxəssis rəyində qızılın həm əyarı, həm də qiyməti ilə bağlı kəskin fərq göstərilib. Bu cür vəziyyətdə məhkəmənin ekspert rəyini deyil, şahid ifadəsini yaxud mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etməsi düzgün olmazdı. 41.Bununla yanaşı, qızıl əşyalarının iddiaçının razılığı ilə satılmasının müəyyən edildiyini göstərsə də bu dəlil də hər hansı bir sübutla təsdiq olunmur. Cavabdehin bu dəlildən nəyə əsasən istifadə etməsi də bəlli deyil. Çünki cavabdeh iddiaçıya məxsus qızılları sonuncunun razılığı ilə satlımasını sübut etməlidir. Bu halı sübutetmə yükü isə onun üzərinə düşür, lakin cavabdeh bəyan etdiyi bu halları sübut edə bilmir.

42. Göstərilənlərlə yanaşı, cavabdeh ona hədiyyə edilmiş üzüyün iddiaçıdan alaraq ona verilməsini təmin etmədiyini göstərsə də, əvvəla cavabdeh(qarşılıqlı iddiaçı) ona hədiyyə edilmiş üzüyün hansı səbəbə görə qarşı tərəfdə olmasına dair hər hansı bir ciddi arqument göstərməyib. Üstəlik iddiaçının ona məxsus üzüyü səhvən məhkəməyə gətirməsi və onun masanın üzərinə düşməsi də absurd dəlil hesab edilir. Ona görə də qarşılıqlı iddianı təmin etməməklə məhkəmənin gəldiyi nəticə də əsassız olmayıb.

43. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, eləcə də qiymətləndiricinin xidmət haqqı cavabdehdən tutulmalıdır.

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüz) manat cavabdeh Cavabdeh tutularaq “xxxx LTD” Qiymətləndirmə Şirkəti MMC-nin (VÖEN: N, H/h:№ AZ**IBAZ********************; “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ01350100000000002944, S.W.İ.F.T BİK: IBAZAZ2X) hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar