Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-859/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Həmidova Günel Ataxan qızının cavabdehlər Həmidov Rail Faiq oğlu və Həmidova Naminə Bərxudar qızına qarşı cehiz əmlakı və qızıl-zinət əşyaları, avtomobil tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Rəhimli Lalə Elxan qızı (sədrlik edən və məruzəçi), Süleymanova Almaz Məhərrəm qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı Həmidova Günel Ataxan qızının cavabdehlər Həmidov Rail Faiq oğlu və Həmidova Naminə Bərxudar qızının iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-850/2025 nömrəli qətnaməsindən cavabdeh Həmidov Rail Faiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Fərdi qayadada fəaliyyət göstərən mütəxəssis K.H.Bədəlzadə tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, İtaliya qızıl, Komplekt, sep, qolbağı, sırğa, üzük dəsti 30 qr, 750 əyar- 3550 manat, sadə üzük 1 ədəd 3 qr, 750 əyar 250 manat, nişan üzüyü 1 ədəd 6 qr, 750 əyar -500 manat olmaqla, qızıl-zinət əşyalarının cəmi qiyməti 4300 manat məyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Həmidova Günel Ataxan qızı cavabdehlər Həmidov Rail Faiq oğlu və Həmidova Naminə Bərxudar qızına qarşı cehiz əmlakı və qızıl-zinət əşyaları, avtomobil tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 20 ada olan cehiz əmlaklarının özü və cehiz əmlaklarının özü olmadıqda dəyərinin 5110 manat dəyərində, qızıl-zinyət əşyalarının özü və qızıl-ziniyət əşyalarının özü olmadıqda dəyərində 4300 manat, birgə nikah dövründə əldə olunmuş **-NS-*** nömrəli dövlət nişanlı avtomobilin satılmış 6000 manat dəyərindən ona düşən 3000 manat pulu cəmi 12410 manat pulu və ödənilmiş 90 manat dövlət rusumun və mediasiya şurasına ödənilmiş 60 manat rusumu cavabdehlər Həmidov Rahil Faiq oğlu və Həmidova Naminə Bərxudar qızından alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Biləsuvar rayonun şəhid Vidadi Nəsirov küçəsi ev 3-də yaşayır və o, Abşeron rayonu, Xırdalan şəhər sakini Həmidov Rail Faiq oğlu ilə 17 avqust 2020-ci il tarixdə ailə həyatı qurmuş, 2024-ci il tarixə kimi bir yerdə rəsmi nikahla ər arvad kimi yaşamışdır. O, Railə və valideynləri ilə bərabər Masazır qəsəbəsində kirayə olan evdə yaşamışdır. Hal-hazırda o, Raildən ayrılaraq Biləsuvar rayonunda valideynlərinə məxsus evdə yaşayır. Bundan sonra Rail nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi məhkəmənin icraatındadır işə 12 dekabr 2024-cü il tarixdə baxılacaq. Biləsuvar rayon şəhid V.Nəsirov küçəsində yerləşən valideynlərinin evinə gəlib orada yaşamağa başlamışdır. O, çıxıb gələrkən toy hədiyyəsi olan qızılarını Raildən tələb etsə də o, tələbedilən qızıl-zinyət əşyalarını vermədi və özündə saxlamışdır. Nəhayət o, 2024-cü ilin may ayında birdəfəlik ata evinə gələndən sonra, ondan ata evindən ona verilmiş əmlakını və toy vaxtı ona hədiyyə edilmiş qızıl-zinyət əşyalarını, birgə nikah dövründə aldığı avtomobildən ona çatası payı cavabdehlərdən könülü olaraq tələb etmişdir. Onlar söz verdilər ki, cehiz əmlakını və qızılarını qaytaracaqlar. O, da buna inanaraq gözləməyə başlamışdır. Bundan sonra onların onun əmlakı və qızıl-zinyət əşyalarını vermədiyini görərək dəfələrlə bu barədə telefon söhbətləri vatshap yazışması olmuşdur. Nəhayət cavabdehlərin onu aldatdığını bilib, məhkəməyə müraciət etməli olmuşdur. O, buna görə Raillə əlaqə saxlayıb onda qalmış toy hədiyyəsi qızıl-zinət əşyalarını, avtomobildən ona çatası payı geri tələb etsə də həmin əşyaları Rail ona vermək istəmədi. Ona görə də qeyd edilən cehiz əmlaklar ata evindən ona verilən əmlaklar olmaqla, mebel dəsti (tumba 2 ədəd dolab, yataq güzgü) 1200 manat, mətbəx divanı 220 manat, Xalça 3x4 ölçüdə 1 ədəd 180 manat, Xalça 2x3 ölçüdə 2 ədəd (60+80 manat) cəmi 140 manat, Tozsoran 1 ədəd 90 manat, Tefal qazan dəsti 290 manat, Tefal çaydanlı dəst 150 manat, Serviz dəsti 2 bulud, 12 salat boşqabı,12 kabab boşqabı,12 souz boşqabı, 350 manat, Taxt yorğanı 1ədəd 150 manat, Taxt döşəyi 1 ədəd 150 manat, Balış 4 ədəd 50 manat, Yorğan 2 ədəd 200 manat, süfrə stol üstü 80 manat, Yurnalnı stol 85 manat, Taxt üstüyü 150 manat, Ventilyator 1 ədəd 65 manat, Taxt adyalı 2 ədəd 95 manat, LC markalı 8 kq-lıq paltaryuyan 1200 manat Pərdələr zal üçün 220 manat, çaşka dəsti 45 manat, cəmi 5110 manat təşkil edir. O, Rahildə qalmış cehiz əmlak və qızıl-ziniyət əşyalarını, avtomobilin pulunu geri tələb etmişdir. Lakin Rahil hər dəfə müxtəlif bəhanələr gətirərək cehiz əmlak və qızılziniyət əşyalarını, avtomobilin pulunu ona qaytaracağını desə də onda qalmış cehiz əmlak və qızıl zinət əşyaları, avtomobilinin pulunu bu günə kimi ona qaytarmamışdır. Ona görə də, aşağıda adları göstərilən qızıl-zinyət əşyaları və avtomobilin pulunu ona qaytarılmalıdır: İtaliya qızıl dəsti konplekt sep,üzük,qolbağı, sırğa - 30 qr -3550 manat, sadə üzük 3 qr -750 əyar -250 manat, nişan üzüyü 6 qr -750 əyar - 500 manat və ** NS *** nömrəli dövlət nişanı avtomobildən ona çatası 3000 manat cəmi 7300 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
4. Məhkəmə iclasında iddiaçı Həmidova Günel Ataxan qızı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh Həmidov Rail Faiq oğlu nikahdan əvvəl avtomobili faktiki olaraq alıb amma nikah dövründə adına rəsmiləşdirmişdir. Paltaryuyanı birgə nikah dövründə almışlar. Onun cehiz olaraq gətirdiyi tozsoran nikah dövründə xarab olduğu üçün cavabdehdən yenisini alıb verməsini tələb edir. Həmçinin ona toy zamanı hədiyyə edilmiş qızılları onun da razılığı ilə cavabdeh lombarda qoymuşdur. Lakin razılığa görə qızılları ona qaytaracaqdı. Lakin cavabdeh lombarda qoyulmuş qızılın pulundan 700 manatı bacısına vermiş, qalan pulu isə nəyə xərclədiyindən xəbəri olmamışdır. Qızıllarının hamısı lombarda qoyulmuşdur.
5. Məhkəmə iclasında cavabdeh Həmidov Rail Faiq oğlu iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, nə qızıllar varsa hamısı satılıb, lombarda verilib. Komplekt dəst lombarda verildi. Amma ödənişi edə bilmədiyindən batıb getmişdir. Lombarddan cəmi 1200 manat pul almış, onun 300 manatını bacısına vermişdir. Qalan pulu ailəsinə xərcləmişdir. Avtomobili isə nikahdan əvvəl almış və nikah dövründə 4500 manata satmışdır.
6. Cavabdeh Həmidova Naminə Bərxudar qızı iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçıya hədiyyə edilən üç ədəd üzük - komplektin üzüyü, bacısı hədiyyə verən, özü aldığı üzük, kolye və komplekt sırğalar olub, dəstdə qolbaq olmayıb. Hazırda qızıllardan heç biri yoxdur. Divan, xalçalar, tefal qazan dəsti, qab-qacaqlar, taxt döşəyi, taxt yorğanı, ventilyator və digər əşyaları evdədir və iddiaçının onları götürməyinə heç bir etirazları yoxdur. Tozsoran yandığı üçün zibilə atmışlar. İddiaçı özəl xəstəxanada müalicə olunurdu. Ona görə qızılları girov qoyub pul götürüblər. Ordan alınan pullar hamısı ailə üçün xərclənib. Başqa yerə xərclənməyib. Cəmi 300 manat qızına verilib. Ailə olublar həmişə çətin vəziyyətlərdə uşaqları bir-birinə kömək edibdir. Qızıllar ailə ehtiyacları üçün sərf edilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-850/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 1200 manat dəyərində mebel dəsti (tumba 2 ədəd dolab, yataq, güzgü), 220 manat dəyərində mətbəx divanı, 1 ədəd 180 manat dəyərində 3x4 ölçüdə xalça, 2 ədəd (60+80 manat) cəmi 140 manat dəyərində 2x3 ölçüdə xalça, 290 manat dəyərində tefal qazan dəsti, 150 manat dəyərində tefal çaydanlı dəst, 350 manat dəyərində serviz dəsti 2 bulud, 12 salat boşqabı,12 kabab boşqabı,12 souz boşqabı, 1 ədəd 150 manat dəyərində taxt yorğanı, 1 ədəd 150 manat taxt döşəyi, 4 ədəd 50 manat dəyərində balış, 2 ədəd 200 manat dəyərində yorğan, 80 manat dəyərində süfrə stol üstü, 85 manat dəyərində jurnalnı stol, 150 manat dəyərində taxt üstlüyü, 1 ədəd 65 manat dəyərində ventilyator, 2 ədəd 95 manat dəyərində taxt adyalı, 220 manat dəyərində zal üçün pərdələr, 45 manat dəyərində çaşka dəsti, 3550 manat dəyərində boyunbağı, qolbaq, 1 cüt sırğa və üzükdən ibarət çəkisi 30 qram, əyarı 750 olan komplekt; 250 manat dəyərində çəkisi 3 qram əyarı 750 olan üzük; 500 manat dəyərində çəkisi 6 qram, əyarı 750 olan üzük olmaqla, həmin əşyalar, həmin əşyalar mövcud olmadığı halda isə onların dəyərləri, həmçinin birgə nikah dövründə əldə edilmiş paltaryuyanın dəyərinin yarısı - 600 manat, mediasiya xərci 60 manat, dövlət rüsumu üçün ödənilmiş 47,20 manat pulun cavabdehlər Həmidov Rail Faiq oğlu və Həmidova Naminə Bərxudar qızından müştərək qaydada alınaraq iddiaçı Həmidova Günel Ataxan qızına verilməsi, ödənilmiş dövlət rüsumunun 42,80 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 225.1, 225.2, 225.4-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 36.1, 37.1-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Həmidov Rail Faiq oğlu apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)-850/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin qızıl-zinət əşyaları olan hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh Həmidov Rail Faiq oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Həmidova Günel Ataxan qızının ona qarşı bu iddia tələbini qəti şəkildə qəbul etmir. Abşeron Rayon Məhkəməsinin 2(012)-850/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qəti şəkildə razılaşmır. İddia tələbini qismən qəbul edir. İddiaçının cehiz əmlakları evdədir və istədiyi vaxt götürə bilər. Lakin bəzi qızıl-zinət əşyaları isə nikah dövründə satılmışdır və iddiaçı bunu bildiyi halda satılan qızıl -zinət əşyalarını bir daha ondan tələb edir. Bildirmək istəyir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları iddiaçının razılığı ilə lombarda qoyulmuş və daha sonra satılmışdır. Qızıl-zinət əşyalarının satılmasına səbəb iddiaçı Günel Həmidova övlad sahibi olmaq üçün müalicə alırdı. Həmin qızıl-zinət əşayaları da müalicə üçün satılıb. Bildirmək istəyir ki, onda olan bəzi həkim qəbulları üçün 658 manat məbləğində pul sərf olunmuşdur. Bu məbləğ yalnız həkim qəbulu üçündür. Bundan başqa iddiaçı dərmanlar qəbul edib, həmin dərmanlarda onun şəxsi vəsaiti hesabına alınmışdır. Yəni bunları qeyd etməkdə məqsədi həmin qızıl-zinət əşyaları iddiaçı Günel Həmidovanın razılığı ilə satılmışdır. Çünki həmin pullar onun müalicəsi üçün sərf olunmuşdur. Bəzi ödəniş qəbzlərinə dair sübutların surətini apelyasiya şikayətinə əlavə edir. Belə ki, iddiaçının iddiasında tələb etdiyi 3 550 manat dəyərində boyunbağı, qolbağı, 1 cüt sırğa və üzük dəsti satılmışdır. Həmin qızıl əşyası yoxdur. Hətta iddiaçı öz iddiasında belə sözügedən qızıl-zinət əşyasının satıldığını təsdiq edir. Daha sonra 250 manat dəyərində çəkisi 3 qram əyarı 750 manat üzük, 500 manat dəyərində çəkisi 6 qram, əyarı 750 manat üzük də satılıb. Bunları iddiaçı bildiyi halda yenə də ondan tələb edir və hətta dediyi kimi öz iddia ərizəsində də həmin qızıl-zinət əşyalarının nikah dövründə satıldığını bildirir. Hətta iddiaçı öz ifadəsində də bildirdiyi kimi nikah dövründə aldığı avtomobilin də yarısını tələb edir. İddiaçı qızıllar ilə bağlı ifadəsində bir qismini düz desə də, pulun hara olması və yarısını onun bacısına verdiyini deyir. Bu yalandır və o, övlad sahibi olmaqları üçün öz razılığı ilə qızıllar lombarda qoyulmuş və satılmışdır. Ona görə də düşünür ki, iddiaçının iddiasının qızıl-zinət əşyaları ilə bağlı olan hissəsidə təmin edilməməlidir. Çünki həmin əşyalar yoxdur. İddiaçı onunla kinli münasibətdə olduğu üçün satılmış əşyaları ondan bir daha tələb edir. Düşünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-850/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qızıl-zinət əşyaları olan hissədə də ləğv olunmalıdır.
11. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Həmidov Rail Faiq oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı Həmidova Günel Ataxan qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Həmidova Naminə Bərxudar qızı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
16. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu
18. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
22. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı
23. Bənd 5.8. Ailə qanunvericiliyi birgə nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın ümumi mülkiyyəti sayılmayan əşyaların da dairəsini müəyyən etmişdir. Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 36.6-cı maddəsinə müvafiq olaraq yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) də bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmin Məcəllənin 36.7-ci maddəsinə müvafiq olaraq isə ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, bu maddə zinət əşyalarını qeyd olunan qaydadan istisna etmişdir. Nəzərə alınmalıdır ki, zinət əşyaları yalnız qiymətli metallardan və ya daşlardan hazırlanmış əşyaları deyil, digər qiymətli bəzək, süs, yaraşıq əşyalarını (məsələn, qol saatlarını, geyim aksesuarlarını və sair) da ehtiva edir.
24. Bənd 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Həmidov Rail Faiq oğlu Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-850/2025 nömrəli qətnaməsinin qızılzinət tələbinə dair hissəsində ləğvini xahiş etmişdir, iddiaçı isə qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirməmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
36. İddia tələbinin “toy-nişan hədiyyəsi olaraq iddiaçıya alınmış qızıl-zinyət əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə razılaşmayan cavabdeh məhkəmə baxışı zamanı, eləcə də apellyasiya şiakyətinin dəlillərində iddiaçının iddia ərizəsində qeyd etdiyi zinət əşyalarının mövcud olduğunu, lakin onlarda olmadığını, həmçinin iddiaçının razılığı ilə birgə nikah dövründə lombarda qoyulduğunu bildirmişdir. Beləliklə, həmin qızıl-zinət əşyalarının mövcudluğu məhkəmə baxışı zamanı təsdiqini tapmış hesab edilməklə işin mübahisəsiz halıdır. İddiaçı həmin əşyalarının naturada mövcud olması barədə fotoşəkilləri də sübut kimi təqdim etmişdir.
37. Cavabdeh sözügedən qızıl-zinət əşyalarının satılaraq ailə ehtiyaclarına ödədiklərini bildirsə də, buna dair sübutunu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir.
38. Kollegiya hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmədiyindən həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.
39. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
42. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, iddianı həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.
43. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Həmidov Rail Faiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-850/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.