Məhkəmə qərarları › İş №2(002)-2601/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2601/2025

10.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2601/2025 10.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsinin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsi Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmişdir. Belə ki, iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (FİN kodu, rəsmi qeydə alındığı ünvanı və s.), eyni zamanda şəxsiyyət vəsiqəsi məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməmiş, bunları təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatları ümumiyyətlə aşkar edilməmişdir. Qeyd olunanlar, iddia ərizəsində cavabdehin adının və atasının adının düzgün göstərildiyinə şübhə yaradır (belə ki, iddia ərizəsinə əlavə edilmiş orderin surətində yalnız Cavabdeh qeyd olunmuş, cavabdehin şəxsiyyət məlumatlarını təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir). Ona görə də iddia ərizəsinin hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsinin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar