Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2696/2025 14.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinə qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 ona məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvandan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun oğulları, Zübeydat və Nərgiz isə oğullarının həyat yoldaşları olmaqla, ona məxsus xüsusi mülk mənzilində yaşamaqla onun və digər ailə üzvlərinin rahatlığını pozmaqla, qərəzli xuliqanlıq hərəkətləri edirlər. Belə ki, mübahisəli mülk mənzil uzun illər öncə yerli icra və bələdiyyə orqanlarının verdiyi ilkin hüquqverici sənədlərə əsasən Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 5 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evini öz şəxsi vəsaiti hesabına inşa edərək orada yaşamışdır. Mənzilin bütün kommunal müqavilələri dövlət qurumları ilə onun arasında bağlanmışdır. Kommunal ödənişləri vaxtı-vaxtında ödəməklə uzun illərdir ki, bir vicdanlı sakin kimi öz əmlakına sahiblik edir. Sözügedən ünvandakı mənzil faktiki olaraq onun mülkiyyətindədir. Lakin son 5-6 ay öncə evinə gəlin qismində gələn X9 rəsmi nikahı belə olmayan digər Cavabdeh1lə və digər oğlu Cavabdeh2 və onun arvadı Cavabdeh4 ilə əlbir olaraq ona və həyat yoldaşına qarşı qərəzli xuliqanlıq hərəkətləri etməklə onlara qarşı hörmətsizlik edirlər. Hətta qızı Gülnarı öldürməklə hədələməkdən belə çəkinmirlər. Son dəfə xx.xx.2025-ci il tarixdə həyat yoldaşı X3 qarşı etdikləri zorakılıqla bağlı DİN-in 102 xidmətinə müraciət edərək öz konstitusion hüquqlarının müdafiəsi naminə polisə də şikayət etmişlər. Halhazırda o, həyat yoldaşı ilə birlikdə cavabdehlər tərəfindən olunan zorakılığın nəticəsində küçədə qalmışdır. Onun başqa yaşayış yeri yoxdur. Min bir əzabla, sağlamlığının itirilməsi ilə nəticələnən, ömrü boyu yığıb qurduğu evə indi cavabdehlərin hökmranlığı və özbaşınalığı nəticəsində daxil ola bilmir. Rəsmi qeydiyyatdadır, faktiki sahiliyi ola-ola o, küçədə qalmışdır. Əvəzində nə qeydiyyatı, nə nikahı olmayan, Zaqatala rayonu Yuxarı Tala kəndinin sakini cavabdeh X1 əsl mənasında «gəmidə oturub, gəmiçi ilə dalaşır». Əqidəsini itirmiş övladları Surxay və Kazım da ona qoşularaq, onları dünyaya gətirib, min bir əzabla böyüdüb, boya-başa çatdıran valideynlərinə qarşı çıxdıqlarına görə, layiqsiz vərəsə kimi onların da mənzilindən çıxarılmasında israrlıdır. Məhkəmədə Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin nümayəndəsi X15 iddiaya münasidətdə göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərindəki yaşayış evi İddiaçı məxsusdur. Həmin torpaq sahəsində iddiaçı özü, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 Hüseyn qızı yaşayırlar. Lakin Hacıyeva X6 Sərxan Rəhimxan oğlu ilə rəsmi nikahda deyildir. Göstərilənlərə əsasən iddianın təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan: - Qaradağ rayon XDS İK-nın 25 fevral 1988-ci il tarixli 10/80 saylı qərarından görünür ki, ünvan 2 ünvanda yaşayan və "xxxx" MTK-nın mənzil uçotunda olan X8 fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsi 6-cı massivdə yerləşən, sahəsi 600 m2 olan 36 saylı torpaq sahəsi (tipik layihə № 145-000-129s) ayrılmışdır. - "xxxx" MMC-nin xx.xx.2008-ci il tarixli 1245 saylı məktubundan görünür ki, Qobustan bələdiyyəsinin 14 iyul 2008-ci il tarixli 16 saylı müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 6 ünvanda yerləşən 36 saylı 54,0 m2 sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirilən əmlakın inventar dəyəri 10.000 manat müəyyən edilmişdir. - xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 021597 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 11 sentyabr 2003-cü il tarixdə Bakı şəhərində qara ciyər çatmamazlığından vəfat edib, bu barədə 16 oktyabr 2003-cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydləri kitabında 418 saylı akt qeydi aparılmışdır. - Qobustan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 49 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 6 ünvanda yerləşən 36 saylı evdə qeydiyyatsız yaşayır. Yaşadığı ev özünə məxsusdur. Hal-hazırda həmin ünvanda qeydiyyatsız yaşayan ailənin digər üzvləri aşağıdakılardır: həyat yoldaşı X5, övladları Sərxan, Kazım, Gülnar, Günay, gəlinləri Cavabdeh3 Hüseyn qızı, Cavabdeh4 Umud qızı. - xx.xx.2025-ci il tarixli 81 saylı şəhadətnamədən görünür ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 4 ünvanda yaşayan Nümayəndə yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxs kimi uçota alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi torpaq sahəsinin ona ayrıldığını bildirsə də, fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsi 6-cı massivdə yerləşən, sahəsi 600 m2 olan 36 saylı torpaq sahəsi X8 ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin alğı-satqı, bağışlama, vərəsəlik, yaxud digər qaydada iddiaçının adına keçməsinə dair sübut (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsi və s. hüquqmüəyyənedici sənəd) məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi, iddiaçının qeyd olunan iddia tələbləri ilə əlaqədar olaraq iddiaçının subyektiv hüququ yoxdur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan maddələrin mənasına görə, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. İddiaçının qeyd olunan tikili ilə əlaqədar subyektiv hüququ yalnız bu halda mövcud olardı ki, o yaşadığı tikilidən buna qanuni əsas və qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan çıxarılardı. Bu cür hal mövcud olduğu təqdirdə, iddiaçı cavabdehlərə qarşı tikiliyə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Lakin hazırki iddia tələbi ilə əlaqədar iddiaçının subyektiv hüququ mövcud deyil. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması cavabdehlərin həmin evdən çıxarılmaları üçün əsas sayıla bilməz. Çünki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, evin faktiki mövcud olmaması, eləcə də evdə yaşayan şəxslərin həmin evdən təyinatı üzrə yararlanmalarına mane olan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli ev barəsində «gözlənti» hüququna malik olması halında belə bu, cavabdehlərin tikilidən çıxarılması üçün əsas olmamalıdır. Vurğulanmalıdır ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqədar olaraq mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdehlərdən ikisi onun övladlarıdır. Cavabdehlərdən biri onun bir övladının rəsmi arvadı, digəri isə onun başqa övladının birgə yaşadığı şəxsdir və gələcəkdə sonuncular arasında nikah bağlanması istisna olunmur. İddiaçının övladları uzun illərdir ki, valideynləri ilə həmin tikilidə yaşayırlar, digər cavabdehlər isə həmin evə gəlin qismində köçürülmüşlər və tikilidən başqa şəxslər kimi istifadə edirlər. Onlar həmin tikilidə yaşadıqlarından, tikiliyə köçərkən heç kim etiraz etmədiyindən, onların tikilidən çıxarılması üçün (məhrumetmə üçün) qanuni əsas mövcud deyil. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinə qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinə qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2696/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2696/2025
14.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver