Məhkəmə qərarları › İş №2(002)-2730/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2730/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2730/2024 25.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı17, İddiaçı7, İddiaçı18, İddiaçı12, İddiaçı13, İddiaçı19 nümayəndəsi X6, Cavabdeh MTK-nın sədri Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı18, İddiaçı4, İddiaçı17, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı9, İddiaçı8, İddiaçı3, İddiaçı16, İddiaçı5, İddiaçı14, İddiaçı15 Ali oğlunun, İddiaçı2, İddiaçı10, İddiaçı19, İddiaçı13, İddiaçı12, İddiaçı11 Cavabdeh MTK-ya qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı18, İddiaçı4, İddiaçı17, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı9, İddiaçı8, İddiaçı3, İddiaçı16, İddiaçı5, İddiaçı14, İddiaçı15 Ali oğlu, İddiaçı2, İddiaçı10, İddiaçı19, İddiaçı13, İddiaçı12, İddiaçı11 Cavabdeh MTK-ya qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi 2-ci məhəllədə inşa olunan bir bloklu 2 saylı binanın müasir və sürətli lift quraşdırılması, mənzillərə qaz xətlərinin çəkilməsi öhdəliklərinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Qaradağ rayonu Sahil qəsəbəsi 2-ci məhəllədə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunnn bir bloklu 36 mənzilli 3 saylı binanın stikinləridirlər. Binanın inşasına 2007-ci ildə başlanıb, lakin hələ də tam təhvil verilməyib. Lakin, məcburiyyət qarşısında iddiaçılar şəraitsiz binada yaşamağa başlamışlar. İddiaçılarla olan müqavilənin 2.3-cu bəndində icraçı olaraq Cavabdeh MTKnın öhdəlikləri qeyd olunub. Həmin bəndə əsasən Cavabdeh MTK-nın binanın xarici fasad tərtibatının başa çatdırılması, pilləkən qəfəsinin layihəyə uyğun bəzək-tamamlanma işlərinin başa çatdırılması, müasir və sürətli lift quraşdırılması, mənzilə muhəndiskommunikasiya xətlərinin (qaz, soyuq su, kanalizasiya) dayaq xətlərinin çəkilməsi öhdəlikləri var. Qeyd olunan öhdəliklərin heç biri cavabdeh tərəfindən yerinə yetirilməyib. Nəticədə sakinlər çox çətinlik çəkirlər. Məcburiyyət qarşısında işıq, isitmə, su və kanalizasiya xətlərini öz hesablarına çəkmişlər. Lakin, elektrik enerjisi üçün mənzillərə fərdi sayğaclar quraşdırılmamışdır. Elektrik enerjisinin texniki şərti «Azərişıq» və Cavabdeh MTK arasında olan müqaviləyə uyğun olduğuna görə sakinlər hər ay daha çox xərcə düşürlər, yəni əhali üçün nəzərdə tutulan ölkədaxili tariflə deyil, qeyri-əhali uçün tarifə uyğun olaraq 1 kWt-a gorə 11 qəpik ödəniş etməli olurlar. Əvvəllər bu barədə dəfələrlə Cavabdeh MTK-ya şifahi müraciət etmişlər və mövcud problemləri danışıqlar yolu ilə həll etməyə çalışmışlar. Bu günə qədər Cavabdeh MTK-nın müqavilə üzrə öhdəlikləri könüllü icra edəcəyini gözləmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə yazılı şəkildə müraciət etmişlər. Lakin, müraciətlərinə cavab verilməmişdir. Dəfələrlə dövlət orqanlarına da müraciətlər etmişlər, lakin bina dövlətin balansında olmadığına görə məhz Cavabdeh MTK-nın öhdəlik daşıdığı iddiaçılara bildirilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı17 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı18 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı12 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı13 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı19 nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə digər iddiaçıların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MTK-nın sədri Nümayəndə məhkəməyə iddiaya etiraz və yazılı izahat təqdim edərək, iddianı qəbul etmədiyini bildirdi və izahatında qeyd etdi ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi 2-ci məhəllə ünvanda tikintisi yarımçıq qalmış binaların tikintisinə 2007-ci ilin dekabr ayında "xxxx" MMC tərəfindən eyni vaxtda 4 ədəd 1 bloklu, 36 mənzilli, 10 mərtəbəli binaların tikintisinə başlanılıb. Bu binalarda, o cümlədən 2 saylı binada mənzillərin inşası, alğı-satqısı ilə bağlı sifarişçilərlə müqavilələr "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi (direktoru) X8 arasında bağlanıb, həmin müqavilələr üzrə ödənişlər 2007-2011-ci illər ərzində onun tərəfindən qəbul edilib, bu barədə müqavilələrdə müvafiq qeydiyyatlar aparılıb. Muxtar Bayramov tərəfindən 2008-ci ilin sonlarında tikinti işlərinin dayandırılması səbəbindən həmin binalarda mənzil və qeyri-yaşayış sahələri almış sifarişçilər şirkət rəhbərliyindən tikinti işlərinin davam etdirilməsini tələb etsələr də, heç bir müsbət nəticə əldə olunmadığından 2009-2010-cu illərdə müxtəlif dövlət orqanlarına, o cümlədən Qaradağ rayon məhkəməsinə çoxsaylı müraciətlər etmişlər. Cavabdeh MTK-ya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş 2 saylı binanın sakinləri ilə də podrat müqavilələri 2007-2008-ci illərdə, bir neçəsi isə 2009-2011-ci illərdə bilavasitə "xxxx" MMC-nin direktoru M.Bayramovla bağlanıb, müqavilələr üzrə ödənişlər tam həcmdə ona ödənilib, bina "xxxx" MMC-nin balansındadır. 2010-cu ilin may-iyun aylarında binada tikinti işlərinin dayandırılması, ödənmiş pulların M.Bayramov tərəfindən mənimsənilməsi ilə əlaqədar həmin binanın sifarişçilərindən təxminən 25 nəfərdən çoxu müvafiq iddia tələbi ilə Qaradağ rayon məhkəməsinə müraciət etmişlər. İddianın təmin olunması barədə məhkəmə tərəfindən 2(002)-540/2010, 2(002)-541/2010 və 2(002)- 1891/2010 saylı qətnamələr çıxarılmış (həmin qətnamələr məhkəməyə təqdim olunmuşdur) "xxxx" MMC və onun direktoru M.Bayramovun cavadehlik daşımaları müəyyən olunmuşdur. Qətnamələrin icra olunmaması və "xxxx" MMC tərəfindən tikinti işlərinin başa çatdırılmaması ilə bağlı tikinti şirkəti tərəfindən heç bir əməli tədbir görülmədiyindən çoxsaylı şikayətlər əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılmış, cinayətdə təqsirli bilinən "xxxx" MMC-nin direktoru M.Bayramov həbs edilərək 13 il müddətinə azadlıqdan məhrum olunmuşdur. O, hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Binada tikinti işlərinin yarımçıq qalmasında, ödənilmiş vəsaitin mənimsənilməsində təqsirli şəxsin məlum olduğu, 2010-cu ildən etibarən mövcud olan, dəfələrlə mülki və cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində müxtəlif məhkəmələr tərəfindən baxılaraq müvafiq qərarlar qəbul edilmiş, tələblərin cavabdeh "xxxx" MMC ilə heç bir əlaqəsi və hüquqi varisliyi olmayan, onun öhdəliklərinə görə məsuliyyət daşımayan, 2017-ci ildə sərbəst birlik kimi təsis olunmuş Cavabdeh MTK-ya qarşı qaldırılması qanunvericiliyin tələblərinə zidd olmaqla, yolverilməzdir. Belə ki, Cavabdeh MTK Azərbaycan Respublikası Vergilər Nazirliyinin həmin MTK-nın müraciəti ilə bağlı tövsiyəsi əsasında (onun Azərbaycan Respublikası Vergilər Nazirliyinə xx.xx.2017-ci il tarixli müraciətinin və onların **********764300 saylı xx.xx.2017-ci il tarixli cavab məktubunun surəti məhkəməyə təqdim olunub) 14 sentyabr 2017-ci ildə təsis olunmuşdur. MTK-nın təsis olunmasında məqsəd, "xxxx" MMC-nin fəaliyyətinin tam dayandırılması səbəbindən, tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun davam etdirilməsi üçün yarımtikililərdə mənzilləri olan payçıların könüllülük prinsipləri əsasında (Azərbaycan Respublikası MM-nin 109.1-ci maddəsi) birləşərək, yeni ödənişlər hesabına binaların tikintisinin başa çatdırılması olub. MTK təsis olunduqdan sonra binaların sakinləri ilə dəfələrlə məsləhətləşmələr aparılıb, onlardan bir çoxu razılaşsa da, MTK-ya daxil olmaq, onun Nizamnaməsi çərçivəsində tələblərin icrası ilə əlaqədar heç bir əməli təşəbbüs göstərməmişlər. 2019-2020-2021-ci illərdə, o cümlədən 2019-cu ilin fevral ayının sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 fevral 2019-cu il tarixli «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərmanı»nın icrası çərçivəsində 2 saylı binanın istismara təhvil verilməsi üçün binada yarımçıq qalmış işlərin başa çatdırılması, yəni liftin qoyulması, fasad işləri, bütün kommunikasiya və infrastruktur xətlərinin çəkilməsi, binanın texniki cəhətdən yoxlanılması və s. ilə bağlı sakinlərlə dəfələrlə görüş keçirilməsinə, onlara həmin Fərmanın məğzi və sakinlər üçün nə qədər əhəmiyyətli olması izah olunmasına baxmayaraq, onlar tərəfindən tamamlama işlərinə tələb olunan xərclərin ödənməsi üçün heç bir əməli təşəbbus olmadı. Sonralar sakinlərin xahişi ilə bir neçə dəfə də toplantılar keçirilmiş, onların əksəriyyəti işlərin başa çatdırılması üçün tələb olunan məbləğin hesablanmasına və ödənilməsinə razı olduqlarını bildirsələr də, bu günə qədər heç bir ödəniş olunmayıb. 2017-ci ildən başlayaraq hazırki vaxta qədər bina sakinləri, o cümlədən iddiaçılar tərəfindən MTK-ya hər hansı formada heç bir vəsait ödənilməmişdir. Mənzil Tikinti Kooperativinin büdcə fondu Nizamnamə ilə müəyyən olunmuş qaydada kooperativ üzvlərinin daşınar, daşınmaz əmlak payları, məcburi və aylıq ödənişləri əsasında formalaşır. Hazırki halda MTK-ya qarşı iddia ilə müraciət edən mənzil sahiblərinin heç biri MTK-nın üzvləri deyillər, onlar tərəfindən MTKya üzvlüklə bağlı müraciət olmayıb, MTK-ya hər hansı bir əmlak payı ödənilməyib. İddiaçılardan bir neçəsinə mənzillərin ilkin sahiblərinin notarial təsdiq olunmuş ərizəsi əsasında, onlara məxsus mənzilin başqa birisinin adına sənədləşdirilməsinin MTK tərəfindən təmin olunmasının səbəbi, 2014-cü ildən etibarən həmin binanın sahibi olan "xxxx" MMC-nin fəaliyyətinin dayandırılması, gələcəkdə həmin mənzil sahiblərinin kooperativə qəbul olunması, onlara məxsus mənzillərin əmlak payı qismində Cavabdeh MTK-nın büdcə fonduna daxil edilməsi prosedurunun sadələşdirilməsi məqsədilə edilib. Mənzillər "xxxx" yolu ilə onların adlarına sənədləşdirilərkən, fərdi qaydada alıcıların hər biri binanın tamamlama işlərinin başa çatdırılması üçün əlavə ödəniş etməli olacaqları barədə məlumatlandırılıb və onlar şifahi olaraq öz razılıqlarını bildiriblər. Mənzillərin "xxxx" ilə bağlı sənədləşdirilməsi zamanı standart formalı müqavilə blanklarından istifadə olunub, yeni mənzil sahibləri tərəfindən MTK-ya hər hansı bir ödəniş edilmədiyi barədə müqavilədə müvafiq qeydiyyat aparılıb. Onlara əlavə ödənişin zəruriliyi ilə bağlı şifahi xəbərdarlıq olunduğundan, onların razılıqları barədə müqavilələrdə yazılı qeydiyyatın aparılmamasının səbəbi onlara olan inamın və etimadın nəticəsində olub, belə ki, onların hər biri tikinti işlərinin tamamlanmasında maraqlı tərəf olduqlarını bildirmişlər. "xxxx" zamanı mənzil alan şəxslərin hər biri şəxsən mənzillərin ilkin sahibləri ilə özləri sövdələşib, mənzillərin dəyəri onların həmin vaxtdakı mövcud hazırlıq vəziyyətinə görə qiymətləndirilib, MTK-ya tikinti işlərinin başa çatdırılması üçün 1 manat belə vəsait ödəmədiklərinə rəğmən, mənzillərin yeni sahibləri əsassız olaraq tikinti işlərinin MTK-nın vəsaiti hesabına başa çatdırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmələri əsassız olmaqla birgə, təəccüb və təəssüf doğurur. "xxxx" ilə bağlı verilmiş yeni müqavilələr yalnız və yalnız mənzillərin onların adına sənədləşdirilməsi məqsədilə verildiyindən, həmin müqavilələr iddia predmeti kimi əsas götürülə bilməz. Belə ki, MTK-nın payçısının hüquqlarının olması ilə birgə MTKnın Nizamnaməsi ilə onların MTK qarşısında öhdəlikləri də müəyyən olunmuşdur. Bu da əmlak paylarının MTK-ya daxil edilməsi, məcburi və aylıq ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Bu tələb göründüyü kimi onların tərəfindən həyata keçirilmədiyindən müqavilələrin 2.3-cü bəndində qeyd olunan öhdəliklərin MTK tərəfindən icra olunması mümkün hesab oluna bilməz. Belə olan halda, "xxxx" məqsədilə MTK tərəfindən verilmiş müqavilələrin etibarsızlığı ilə bağlı MTK tərəfindən məhkəmə qarşısında iddia qaldırılması zərurəti yaranacaqdır. "xxxx" yolu ilə mənzil almış iddiaçılar barəsində aşağıdakı məlumatların məhkəmənin diqqətinə təqdim olunmasını zəruri hesab edir. 1). İddiaçı18 – bina 2, mənzil

28. Bu mənzil "xxxx" MMC ilə X14 arasında xx.xx.2008-ci il tarixli 02/28 saylı öhdəlik müqaviləsinə əsasən sonuncunun adına sənədləşdirilmişdir. Müqavilənin şərtələrinə əsasən sifarişçi V.Məhərrəmova tərəfindən "xxxx" MMC-yə tam həcmdə ödəniş həyata keçirilərək 24 dekabr 2011-ci il tarixdə ona borcun olmaması barədə "xxxx" MMC-nin direktoru M.Bayramov tərəfindən maliyyə arayışı verilmişdir. xx.xx.2020-ci il tarixdə V.Məhərrəmova və onun həyat yoldaşı Nazim Məhərrəmov Cavabdeh MTK-ya notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək onun adına olan 1 otaqlı, 28 saylı mənzili İddiaçı18 adına sənədləşdirilməsini xahiş etmişlər. Bunun əsasında heç bir əlavə ödəniş alınmadan həmin mənzil 15 yanvar 2020-ci il tarixdə İddiaçı18 adına sənədləşdirilmiş və ona şifahi qaydada xəbərdarlıq edilmişdir ki, binada tamamlanma işlərinin başa çatdırılması üçün gələcəkdə aparılacaq hesablama əsasında əlavə ödəniş aparılmalıdır. 2). İddiaçı7 – bina 2, mənzil 36. Bu mənzil "xxxx" MMC ilə X35 arasında bağlanmış 03 fevral 2008-ci il tarixli müqaviləyə əsasən sonuncunun adına sənədləşdirilmişdir. F.Əliyev müqavilə şərtlərinə əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər hissəli ödənişlərlə "xxxx" MMC-yə ümumilikdə 22,100 manat pul ödəyərək tam ödəniş etmişdir. xx.xx.2021-ci il tarixdə mənzil sahibi F.Əliyev notarial qaydada təsdiq olunmuş ərizə ilə Cavabdeh MTK-ya müraciət edərək onun adına olan mənzili İddiaçı7 adına sənədləşdirilməsini xahiş etmişdir. Bunun əsasında 36 saylı mənzil sonuncunun adına sənədləşdirilmiş, ondan hər hansı bir ödəniş tələb olunmamışdır. Bu barədə müqavilədə müvafiq qeydiyyat aparılmışdır. Tikinti işlərinin davam etdiriləcəyi halda onun tərəfindən əlavə ödəniş aparılmasının zəruriliyi ona şifahi qaydada bildirilmiş və razılığı alınmışdır. 3). İddiaçı6 – bina 2, mənzil 7. Bu mənzil "xxxx" MMC ilə X23 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında sonuncunun adına sənədləşdirilmişdir. Müqavilə bağlanan tarixdən 24 may 2011-ci il tarixə qədər sifarişçi Elçin Ağayev tərəfindən müqavilə şərtlərinə uyğun olaraq 35,700 manat məbləğində pul ödənilmiş və ona "xxxx" MMC-nin direktoru M.Bayramov tərəfindən maliyyə arayışı verilmişdir. xx.xx.2021-ci il tarixdə Elçin Ağayevin notarial qaydada təsdiq olunmuş müraciəti əsasında həmin mənzil Cavabdeh MTK tərəfindən İddiaçı6 adına sənədləşdirilmiş, sonuncudan hər hansı bir ödəniş alınmamış, ona şifahi qaydada binada tamamlama işlərinin aparılması üçün əlavə öddəniş ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 4). İddiaçı9 – bina 2, mənzil 20. Bu mənzil "xxxx" MMC ilə İddiaçı8 arasında bağlanmış 17 dekabr 2008-ci il tarixli müqavilə əsasında sonuncunun adına sənədləşdirilmiş, müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi tərəfindən "xxxx" MMC-yə 21,840 manat ödənilməli olduğu halda, 20,160 manat pul ödənilmiş, 1,680 manat borc qalığı qalmışdır. Sifarişçi tərəfindən son ödəniş xx.xx.2008-ci il tarixdə 1,680 manat "xxxx" MMC-nin direktoru M.Bayramova verilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı8 Cavabdeh MTK-ya notarial təsdiq olunmuş ərizə ilə müraciət edərək həmin mənzili İddiaçı9 adına sənədləşdirilməsini xahiş etmişdir. Bunun əsasında MTK tərəfindən qalıq borc alınmadan və əalvə ödəniş olunmadan İddiaçı9 adına sənədləşdirilmiş, ona tikinti işlərinin tamamlanması üçün əlavə ödəniş etməli olduğu barədə şifahi xəbərdarlıq edilmiş, sonuncu tərəfindən razılıqla qarşılanmışdır. 5). İddiaçı5 – bina 2, mənzil 30. Bu mənzil "xxxx" MMC ilə X10 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında sonuncuya məxsus olmuş, müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi tərəfindən 30,000 manat bir dəfəyə "xxxx" MMC-nin direktoru M.Bayramova ödənilərək, onun tərəfindən sifarişçiyə xx.xx.2009-cu il tarixli maliyyə arayışı verilmişdir. Vaqif Abdullayevin notarial qaydada müraciəti əsasında həmin mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı5 adına sənədləşdirilmiş, heç bir əlavə ödəniş alınmamış, İddiaçı5 özü və atası tikintidə tamamlama işləri aparılacağı halda təxminən 4,500 manat ödəniş edəcəkləri barədə xəbərdar olunmuş və müsbət rəy bildirmişlər. 6). İddiaçı14 – bina 2, mənzil 22. Bu mənzil "xxxx" MMC ilə X15 arasında bağlanmış 05 iyun 2008-ci il tarixli müqavilə əsasında sonuncunun adına sənədləşdirilmiş, elə həmin gün onun tərəfindən "xxxx" MMC-nin direktoru M.Bayramova müqavilə şərtlərinə uyğun olaraq 28,700 manat tam ödənilərək sonuncu tərəfindən ona xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. xx.xx.2021-ci il tarixdə S.Cabbarov notarial qaydada təsdiq olunmuş ərizə ilə MTK-ya müraciət edərək, ona məxsus olan 22 saylı mənzili İddiaçı14 adına sənədləşdirilməsini xahiş etmiş, bunun əsasında MTK tərəfindən müvafiq sənədləşmə aparılmış, MTK-ya bununla bağlı hər hansı bir ödəniş olunmamışdır. 7). İddiaçı2 – bina 2, mənzil 17. Bu mənzil "xxxx" MMC ilə X9 arasında bağlanmış 23 dekabr 2011-ci il tarixli 02/17 saylı öhdəlik müqaviləsi əsasında sonuncunun adına sənədləşdirilmiş, müqavilənin şərtlərinə əsasən sifarişçi tərəfindən xx.xx.2011-ci ildən xx.xx.2012-ci il tarixə qədər "xxxx" MMC-yə hissəli qaydada 56,745 manat ödənilmişdir, borc qalığı qalmamışdır. xx.xx.2022-ci il tarixdə M.Həsənovun notarial təsdiqli müraciəti əsasında ona məxsus olan 17 saylı mənzil İddiaçı2 adına sənədləşdirilmiş, sonuncuya tamamlama işləri aparılacağı təqdirdə əlavə ödəniş olunacağı barədə şifahi xəbərdarlıq edilmiş və müsbət cavab alınmışdır. 8). X16 – bina 2, mənzil 19. Bu mənzil "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 13 saylı müqavilə əsasında sonuncunun adına sənədləşdirilmiş, müqavilə şərtlərinə görə 27,900 manat, o cümlədən 14,880 manat xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-nin direktoru M.Bayramova ödənmiş, qalıq borcu qalmamışdır. xx.xx.2021-ci il tarixdə E.Muradov notarial qaydada təsdiqlənmiş ərizə ilə MTK-ya müraciət edərək, ona məxsus olan 19 saylı mənzilin X3 adına sənədləşdirilməsini xahiş etmişdir. Müraciət əsasında 19 saylı mənzil heç bir əlavə ödəniş alınmadan X3 adına sənədləşdirilmişdir. 9). İddiaçı12 - bina 2, mənzil 2. Bu mənzil "xxxx" MMC ilə X19 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında sonuncunun adına sənədləşdirilmiş, müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2008-ci ildən xx.xx.2011-ci il tarixə qədər sifarişçi tərəfindən "xxxx" MMC-yə ümumilikdə 34,020 manat ödənilərək, MMC-yə olan borcunu tam ödəmişdir. xx.xx.2023-cü ildə F.Kəlbiyev notarial təsdiq olunmuş ərizə ilə MTK-ya müraciət edərək ona məxsus olan 2 saylı mənzilin İddiaçı12 Yunus qızının adına sənədləşdirilməsini xahiş etmişdir. Müraciət əsasında həmin mənzil MTK tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı12 adına sənədləşdirilmiş, bu zaman sonuncunun özünə və həyat yoldaşına tamamlama işlərinin aparılması üçün təxminən 4,000 manata yaxın əlavə ödəniş etməli olacaqları barədə xəbərdarlıq edilmiş, mənzilin sahibi məsləhətləşdikdən sonra öz razılığını bildirmişdir. Sənədləşmə zamanı MTK-ya hər hansı bir ödəniş edilməmişdir. 10). İddiaçı11 – bina 2, mənzil 24. Bu mənzil "xxxx" MMC ilə X11 arasında bağlanmış müqavilə əsasında sonuncunun adına sənədləşdirilmiş, müqavilə şərtlərinə əsasən sifarişçi tərəfindən "xxxx" MMC-yə ümumilikdə 24,960 manat pul ödənilmiş, sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə edilmişdir. xx.xx.2023-cü il tarixdə X4 etibarnaməsi üzrə qanuni nümayəndəsi – atası, X1 ərizəsi əsasında ona məxsus olan 24 saylı mənzil MTK tərəfindən İddiaçı11 adına səndələşdirilmiş, əlavə ödəniş olunmamışdır. 11). İddiaçı13 – bina 2, mənzil 31. Bu mənzil "xxxx" MMC ilə X24 arasında bağlanmış 03 mart 2008-ci il tarixli müqavilə əsasında sonuncunun adına səndələşdirilmiş, müqavilə şərtlərinə uyğun olaraq, sifarişçi tərəfindən xx.xx.2008-ci ildən xx.xx.2012-ci il tarixə qədər "xxxx" MMC-yə ümumilikdə 39,270 manat pul ödənilmiş, xx.xx.2012-ci il tarixdə MMC-nin direktoru M.Bayramov tərəfindən ona maliyyə arayışı verilmişdir. xx.xx.2022-ci il tarixdə Vəli Babayev notarial təsdiq olunmuş ərizə ilə MTK-ya müraciət edərək ona məxsus olan 31 saylı mənzili İddiaçı13 adına sənədləşdirilməsini xahiş etmişdir. Bunun əsasında həmin mənzil MTK tərəfindən İddiaçı13 adına sənədləşdirilmiş, hər hansı bir əlavə ödəniş alınmamışdır. Bu barədə müqavilədə müvafiq qeydiyyat aparılmışdır. Özlərinə məxsus mənzillərin digər şəxsin adına sənədləşməsi ilə bağlı müraciət edən X14, X35, X23, X9, X11, X24 və digərləri 2010-cu ildə Qaradağ rayon məhkəməsinə "xxxx" MMC tərəfindən aldadılmaları, pullarının mənimsənilməsi və binanın tikintisinin dayandırılması ilə bağlı müraciət etmişlər. Məhkəmə tərəfindən cavabdeh tərəf müəyyən edilərək 2(002)-540/2010, 2(002)-541/2010 saylı qətnamələr çıxarılmışdır. Bundan başqa, həmin şəxslər M.Bayramov barəsində olan cinayət işi üzrə dindirilərək zərər çəkmiş kimi tanınmışlar və iş üzrə məhkəmə tərəfindən 1(101)-262/2014 saylı cinayət işi üzrə xx.xx.2014-cü ildə müvafiq hökm çıxarılmışdır. Aşağıda adları qeyd olunan iddiaçıların MTK ilə heç bir bağlılıqları olmadığından onlar iddia subyekti kimi tanına bilməzlər. 1). İddiaçı17 – bina 2, mənzil 14. Bu mənzil "xxxx" MMC ilə İddiaçı17 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında sonuncunun adına sənədləşdirilib. Müqavilə üzrə ödəniş məbləği 40,500 manat təşkil edir. Ödənilmiş məbləğin miqdarı barədə məlumat yoxdur. Ödənişlər "xxxx" MMC-nin direktoru M.Bayramova olunub. Binada tikinti işlərinin dayandırılması, ödənilən vəsaitin "xxxx" MMC-nin direktoru M.Bayramov tərəfindən mənimsənilməsi ilə bağlı 2010-cu il tarixdə digər sakinlərlə birlikdə Qaradağ rayon Məhkəməsinə müraciət edib, bununla bağlı məhkəmə tərəfindən 2(002)-540/2010 saylı qətnamə qəbul olunub. Cavabdeh MTK ilə heç bir hüquqi və ya maddi əlaqəsi yoxdur. 2). İddiaçı4 – bina 2, mənzil 10. Bu mənzil "xxxx" MMC ilə İddiaçı4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə əsasında sonuncunun adına sənədləşdirilib, hal-hazırda da istifadəsindədir. Müqavilə üzrə ödənişlər "xxxx" MMC-yə olunub. Binanın tikintisinin dayandırılması və ödənilmiş vəsaitin mənimsənilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinə müraciət olunub. Cavabdeh "xxxx" MMC və onun direktoru M.Bayramovun MTK ilə heç bir hüquqi və maddi əlaqəsi yoxdur. 3). İddiaçı3 – bina 2, mənzil 3. Bu mənzil "xxxx" MMC ilə X12 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə əsasında sonuncunun adına sənədləşdirilib. Müqavilə üzrə müəyyən olunmuş pul tam həcmdə "xxxx" MMC-nin direktoru M.Bayramova ödənib. Tikintinin dayandırılması və ödənilən vəsaitin M.Bayramov tərəfindən mənimsənilməsi ilə bağlı sonuncunun barəsində başlanmış cinayət işinin məhkəmə baxışı zamanı heç bir iddia tələbi olmadığını bildirib (hökm – səh. 65). 4). İddiaçı8 – bina 2, mənzil 16. Mənzili "xxxx" MMC ilə bağlanmış olduğu xx.xx.2007-ci il tarixli müqavilə əsasında əldə edib. Müqavilə üzrə müəyyən olunmuş məbləğ tam həcmdə "xxxx" MMC-yə ödənib. Tikinti işlərinin dayanması və pulların mənimsənilməsi ilə bağlı M.Bayramov barəsində olan cinayət işi üzrə Bakı şəhər Ağır Cinayətlər Məhkəməsi tərəfindən zərərçəkmiş (hökm – səh. 63) kimi tanınıb və Qaradağ rayon Məhkəməsinin 2(002)-541/2010 saylı qətnaməsi qəbul olunub. MTK ilə heç bir bağlılığı yoxdur. 5). İddiaçı16 – bina 2, mənzil 12. Mənzili "xxxx" MMC ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında əldə edib. Ödənişlər "xxxx" MMC-yə verilib. Binada tikinti işlərinin dayandırılması və vəsaitin mənimsənilməsi ilə bağlı 2010-cu ildə Qaradağ rayon Məhkəməsinə müraciət edib və 2(002)-541/2010 saylı qətnamə qəbul olunub. Bakı şəhər Ağır Cinayətlər Məhkəməsində olan cinayət işi üzrə iddiası olmayıb (hökm – səh. 47). İddiaçı15 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə saxta olduğundan sonuncunun ərizəsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ləğv olunub, maddi ziyanın ödənilməsi X5 yönəldilib (hökm – səh. 26, 76, 78). MTK ilə heç bir hüquqi və ya maddi bağlılığı olmayıb. 6). İddiaçı19 – bina 2, mənzil 26. Qeyd olunan mənzil "xxxx" MMC-nin direktoru M.Bayramovla İddiaçı19 arasında bağlanmış 26 mart 2008-ci il tarixli müqaviləyə əsasən sonuncunun adına sənədləşdirilmiş, lakin nə 26 mart 2008-ci il tarixli müqavilədə, nə də ki, xx.xx.2011-ci il tarixli İddiaçı19 adına verilmiş maliyyə arayışında müqavilə bağlayan "xxxx" MMC-nin direktorunun imzası yoxdur, ödənişi edən və qəbul edən şəxslərin kimliyi, ödəniş cədvəlinin kimə və hansı müqaviləyə aid olması məlum deyil. Ona görə də, bu müqavilənin qanuniliyi şübhə doğurur. Ümumilikdə İddiaçı19 ilə MTK-nın heç bir hüquqi və maddi münasibəti mövcud deyil. Yuxarıda qeyd etdiyi kimi, göstərilən binanın inşasına 2007-ci ilin noyabr, dekabr aylarında "xxxx" MMC tərəfindən başlanmış, mənzil almış şəxslərlə podrat müqavilələri şəxsən "xxxx" MMC-nin o zamanki təsisçisi və direktoru olan X8 arasında bağlanmış, müqavilələr üzrə müəyyən olunmuş ödənişlər 2007-2011-ci illər ərzində tam həcmdə şəxsən sonuncunun özü tərəfindən qəbul edilməklə sifarişçiləri müvafiq qəbzlər və maliyyə arayışları verilmişdir. 2 saylı bina "xxxx" MMC-nin balansında olaraq müqavilələr üzrə müəyyən olunmuş öhdəliklər onun üzərinə düşür. Binanın tikintisi üçün "xxxx" MMC-yə ödənilmiş pullar onun rəhbəri tərəfindən mənimsənildiyi və binanın tikintisinin dayandırılması ilə əlaqədar binanın sakinləri, o cümlədən hazırki iddiaçılar da daxil olmaqla İddiaçı17, Xeyransa İsmayılova, Mirağa Dadaşov, İddiaçı16, Fərəc Bağırov, Rəşad Ağaverdiyev, Aydın Həsənov, Mahir Bəndəliyev, Məlahət Həsənova, Nürəddin Zeynalov, Elçin Ağayev, Sayəddin Atakişizadə, Famil Əliyev və Vəli Babayev 2010-cu ildə Qaradağ rayon Məhkəməsinə "xxxx" MMC-yə qarşı iddia tələbi ilə müraciət etmişlər. Bununla bağlı, Qaradağ Rayon Məhkəməsi tərəfindən iddianın təmin olunması ilə bağlı 2(002)-540/2010, 2(002)-541/2010, 2(002)1891/2010 saylı qətnamələr çıxarılmışdır (həmin qətnamələrin surətləri məhkəməyə təqdim olunub). Qətnamələr icra olunmadığından zərər çəkmişlərin şikayətləri əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanaraq MMC-nin direktoru M.Bayramov cinayət məsuliyyətinə cəlb olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilmiş, hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası MPM-nin 261.0.2 maddəsinin tələblərinə əsasən tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin olması», bu iddianın təkrar baxılmasına qanun tələblərinə ziddir. Bu mülki iş üzrə cavabdeh tərəf qismində cəlb olunan Cavabdeh MTK mövcud vəziyyətdən çıxmaq yolu kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin tövsiyəsi əsasında 14 sentyabr 2017-ci ildə sərbəst mənzil-tikinti kooperativi kimi təsis olunmuşdur. Qeyd olunan MTK öz nizamnaməsində göstərildiyi kimi "xxxx" MMC-nin hüquqi varisi olmamaqla sonuncunun öhdəliklərinə görə hər hansı bir məsuliyyət daşımır. İddiaçıların heç biri Cavabdeh MTK-nın üzvü deyil, Azərbaycan Respublikası MM-nin 109-cu maddəsinin tələblərinə uyğun olaraq, onlar tərəfindən MTK-ya hər hansı bir formada ödəniş olunmayıb. Qeyd olunanları, o cümlədən məhkəməyə təqdim olunan sübut və dəlilləri nəzərə alaraq Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi 2-ci məhəllə ünvanda "xxxx" MMC tərəfindən tikintisi aparılmış və onun balansında olan 2 saylı yarımtikili binanın sakinlərinin Cavabdeh MTK-ya qarşı olan iddia tələblərinin heç bir hüquqi və maddi əsası olmadığından təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə yuxarıda qeyd edilən tərəflərin (məhkəmə iclasına gəlmiş iddiaçılar və nümayəndənin, cavabdeh MTK-nın sədrinin) izahatlarını dinləyib, mübahisəli mənzillərin yerləşdiyi binaya yerində baxış keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunan ünvanda yerləşən binaya yerində baxış keçirilən zaman müəyyən olundu ki, iddiaçılar Cavabdeh MTK-nın üzvü deyillər. Mübahisəli mənzillərin yerləşdiyi bina yarımtikili olmaqla, "xxxx" MMC tərəfindən tikintisi aparılmışdır, tikinti başa çatdırılmamışdır və həmin MMC-nin balansındadır. Yerində baxışda iştirak edən İddiaçı18 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi X17 etiraf etdilər ki, bina hazırki iş üzrə cavabdeh MTK tərəfindən tikilməmişdir. MMC-nin rəhbəri tərəfindən vətəndaşlardan pul vəsaitləri alınsa da, tikili yarımçıq qalmış, MMC-nin rəhbəri iddiaçılar qarşısında götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçılara maliyyə arayışları təqdim edilsə də, müqavilələr bağlanmamışdır. Bu səbəbdən, MMC-nin rəhbərliyi barəsində araşdırma aparılmış, cinayət işi açılmış və təqsirkar şəxs barəsində məhkəmə tərəfindən ittihamedici hökm çıxarılmışdır. Yerində baxış zamanı müəyyən edildi ki, iddiaçılar tikinti işlərindən anlayışı olan, həmin vaxt MTK-nın sədri olmayan Nümayəndə müraciət edərək, mənzillərlə bağlı bəzi tamamlama işlərinin görülməsini təşkil etməsini xahiş etmişlər. Nümayəndə bəzi təmir işlərinin aparılmasını koordinasiya etmiş, binada suvaq və s. işlər aparılmışdır. Nümayəndə nə fərdi qaydada, nə də MTK sədri kimi iddiaçılar qarşısında hər hansı öhdəlik götürməmişdir. İddiaçılar məhkəməyə iddia ərizəsi təqdim edərək, müqavilə öhdəliklərinin yerinə yetirilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin onlar iddia tələbində istinad etdikləri hallara dair sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "xxxx" sübut standartları tətbiq edilir (§93). İddiaçılar cavabdeh MTK ilə aralarında bağlanmış müqavilələri məhkəməyə təqdim edərək, müqavilədə göstərilən şərtlərin məhz həmin MTK tərəfindən icra edilməli olduğunu bildirmişlər. İddiaçılar Cavabdeh MTK-nı rəhbəri barəsində ittihamedici hökm çıxarılmış "xxxx" MMC-nin hüquqi varisi kimi qiymətləndirərək, hesab edirlər ki, "xxxx" MMC-nin yarımçıq saxladığı işlər Cavabdeh MTK tərəfindən tamamlanmalı, yekunlaşdırılmalıdır. Təqdim olunmuş sənədləri araşdıran, tərəflərin izahatlarını dinləyən məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıların istinad etdikləri həmin müqavilələr (xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli) Cavabdeh MTK-nın sədri Nümayəndə izahatında vurğuladığı məsələlərlə əlaqədardır. Belə ki, aşağıdakıların qısa tezislərlə qeyd olunması zəruridir: 1) Nümayəndə Cavabdeh MTK-nın sədri seçilməmişdən öncə vətəndaş kimi "xxxx" MMC-yə müraciət edərək yaşayış və qeyri-yaşayış sahələri almaq istədiyini bildirmişdir; 2) "xxxx" MMC-nin rəhbəri tərəfindən tələb edilən pul vəsaiti həmin yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi adı altında Nümayəndə tələb edilmişdir; 3) Nümayəndə ondan yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi üçün tələb edilən pul vəsaitini "xxxx" MMC-nin həmin dövrdə rəhbəri olmuş şəxsə ödəmişdir; 4) Digər şəxslərə qarşı olduğu kimi, Nümayəndə qarşı da cinayət əməli törədilərək, böyük miqdarda vəsait mənimsənilmişdir; 5) Nümayəndə digər zərər çəkmiş şəxslər kimi aidiyyəti üzrə müraciət etmiş, vətəndaşların müraciətləri araşdırılmış, MMC-nin rəhbəri barədə ittiham aktı tərtib olunaraq, cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir; 6) Nümayəndə da zərər çəkmi şəxs qismində tanındığı cinayət işi məhkəmədə araşdırılmış və təqsirli şəxs barəsində ittihamedici hökm çıxarılmışdır; 7) Bundan sonra, digər zərər çəkmiş şəxslər Nümayəndə müraciət edərək, binada müəyyən işlərin görülməsini xahiş etmişlər. Nümayəndə vəzifəli şəxs olmamış, fərdi sahibkar olmamış, adi vətəndaş kimi digər zərər çəkmiş şəxslərin müraciətlərinə əsasən binada müəyyən işlərin görülməsini koordinasiya etmişdir; 8) Nümayəndə digər şəxslər kimi yaşayış və qeyri-yaşayış sahəsindən məhrum olduğundan, MMC-nin yarımçıq qoyduğu tikililərin müqəddəratı ilə bağlı aidiyyəti üzrə müxtəlif orqanlara, o cümlədən Vergilər Nazirliyinə müraciət etmişdir; 9) Vergilər Nazirliyinin tövsiyəsinə uyğun olaraq Cavabdeh MTK təsis olunmuşdur və Nümayəndə həmin MTK-nın sədri seçilmişdir, MTK-nın təsis payına MMC-nin tikintisini yarımçıq saxladığı binalar daxil deyil; 10) Zərər çəkmiş şəxslər aldıqları mənzili digər şəxslərin adlarına keçirmək istədikdə hüquqi maneə ilə qarşılaşmışlar, çünki adlarına maliyyə arayışları olsa da, mənzil alğı-satqısı, yaxud qeyri-yaşayış alğı-satqısı müqavilələri olmamışdır. Bu problemin aradan qaldırılması üçün aidiyyəti şəxslərin öz razılıqları və təşəbbüsləri ilə MTK ilə aralarında müqavilələr bağlanmış, həmin müqavilələrin bağlanması üçün notarial qaydada təsdiq olunmuş ərizələr verilmişdir; 11) Yuxarıda adı çəkilən müqavilələr üzrə MTK iddiaçılar qarşısında hər hansı öhdəlik götürməmişdir, müqavilələr zərər çəkmiş şəxslərin vəziyyəti nəzərə alınaraq bağlanmışdır, mahiyyət etibarı ilə ad dəyişmə müqavilələridir; 12) İddiaçılar həmin müqavilələr üzrə yarmçıq qalmış binanın tikilib yekunlaşdırılması üçün müqavilədə göstərilən məbləğləri ödəmək öhdəliyi götürsə də, həmin məbləğləri ödəməmişlər; 13) Hazırki iş üzrə MTK rəhbəri barəsində ittiham hökmü çıxmış MMC-nin hüquqi varisi deyil, həmin MMC-nin əvəzinə hər hansı tikinti işlərinin aparılması öhdəliyini daşımır, MMC-nin rəhbərinin mənimsədiyi pulların qaytarılmaması, yaxud binanın tikintisinin başa çatdırılmamasına görə MTK heç bir məsuliyyət daşımır. Eləcə də, iş materiallarına əlavə olunmuş qanuni qüvvəyə minmiş məhkəmə aktlarından – Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnamələrindən (xx.xx.2010-cu il tarixli 2(002)-540/2010 saylı, xx.xx.2010-cu il tarixli 2(002)-541/2010 saylı, xx.xx.2010-cu il tarixli 2(002)-542/2010 saylı, xx.xx.2010-cu il tarixli 2(002)-665/2010 saylı, xx.xx.2010-cu il tarixli 2(002)-1286/2010 saylı, xx.xx.2010-cu il tarixli 2(002)-1546/2010 saylı, xx.xx.2010cu il tarixli 2(002)-1807/2010 saylı, xx.xx.2010-cu il tarixli 2(002)-1891/2010 saylı, xx.xx.2010-cu il tarixli 2(002)-1940/2010 saylı, xx.xx.2011-ci il tarixli 2(002)-388/2011 saylı, xx.xx.2011-ci il tarixli 2(002)-290/2011 saylı, xx.xx.2011-ci il tarixli 2(002)-790/2011 saylı, xx.xx.2011-ci il tarixli 2(002)-1378/2011 saylı, xx.xx.2012-ci il tarixli 2(002)-344/2012 saylı, xx.xx.2012-ci il tarixli 2(002)-803/2012 saylı, xx.xx.2012-ci il tarixli 2(002)-1451/2012 saylı, xx.xx.2013-cü il tarixli 2(002)-321/2013 saylı, xx.xx.2014-cü il tarixli 2(002)-535/2014 saylı, xx.xx.2014-cü il tarixli 2(002)-357/2014 saylı, xx.xx.2014-cü il tarixli 2(002)-1322/2014 saylı, xx.xx.2014-cü il tarixli 2(002)-2739/2014 saylı, xx.xx.2015-ci il tarixli 2(002)- 420/2015 saylı) göründüyü kimi, həmin işlər üzrə iddiaçıların eyni səpkili (icra edilməyən müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş pul vəsaitlərinin geri qaytarılması) tələbinə dair iddialarına baxılaraq müvafiq hüquqi qiymət verilmiş, iddiaçılarla həmin işlər üzrə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilələr ləğv olunmuş, həmin müqavilələr üzrə ödənilmiş pul vəsaitlərinin "xxxx" MMC-nin direktoru X2 və "xxxx" MMCdən iddiaçıların xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmiş faktlar aşkar olmaqla, onların yenidən mübahisələndirilməsi və sübut edilməsi yolverilməzdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində öhdəliyin normativ anlayışı verilmişdir. Həmin maddəyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətlərini korporativ (qurumlarda üzvlüyə əsaslanan) münasibətlərdən fərqləndirmək lazımdır. Korporativ münasibətlər də əmlak xarakteri daşıyıb, adətən iştirakçılarının hüquq bərabərliyinə əsaslanır. Lakin korporativ münasibətlər onların iştirakşıları arasında bilavasitə əmtəə mübadiləsini deyil, qurum daxilində idarəçiliyin təşkilini və korporativ əmlakdan istifadə qaydalarını ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə görə kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub, iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə kooperativ üzvü həmin Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Yuxarıda adları çəkilən məhkəmə aktlarından da görünür ki, mübahisə edilən mənzillərin inşa edilməsi üçün ödəniş Cavabdeh MTK-ya edilməmişdir, tərəflər arasında bununla bağlı müqavilə bağlanmamışdır. Məhkəməyə cavabdeh MTK-nın sədri Cavabdeh MTK-nın sədri Nümayəndə tərəfindən iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair sübutlar – hökmün surəti, məhkəmə qətnamələrinin surətləri, Vergilər Nazirliyinə ünvanlanmış müraciətə Vergilər nazirinin müavini – 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyevin 31 avqust 2017-ci il tarixli cavab məktubu və s. sənədlər təqdim edilmişdir. Göründüyü kimi, Cavabdeh MTK 24 sentyabr 2017-ci il tarixdə təsis olunmuşdur, həmin MTK "xxxx" MMC-nin hüquqi varisi deyildir, zərər çəkmiş şəxslərə Cavabdeh MTK tərəfindən hər hansı zərər vurulmamışdır, Cavabdeh MTK ad dəyişmə ilə əlaqədar olaraq vətəndaşların müraciətlərinə əsasən müqavilələr bağlamışdır, Cavabdeh MTK "xxxx" MMC-nin hüquqi varisi olmadığından MMC-nin rəhbərinin hərəkətlərinə görə digər şəxslər qarşısında hər hansı cavabdehlik daşımır. İddiaçıların qeyd etdikləri mənzillərin yerləşdiyi binada tamamlama işlərinin MTK-nın vəsaiti hesabına yekunlaşdırılmasına nə qanuni əsas, nə müqavilə əsası yoxdur. Müqavilələr üzrə iddiaçılar həmin işlərin görülməsi üçün öncədən ödəniş etməli olsalar da, MTK-ya hər hansı vəsait ödəməmişlər, hazırda isə məhkəmədə iddia qaldıraraq iddia tələbinin mahiyyətinə vararaq, yaxud varmayaraq, bilərəkdən, yaxud bilməyərəkdən müqavilə şərtlərini dolayısı ilə neytrallaşdırmağa və yekun işlərin görülməsinə vəsait sərf etməməyə çalışırlar. Digər sözlə ifadə etdikdə, tərəflər arasında bağlanmış müqavilələr ad dəyişmə müqaviləsi olmaqla, MTK ilə o şərtlə bağlanmışdır ki, müqavilənin bir tərəfi aldığı mənzilin olduğu binada tamamlama işlərinin görülməsi üçün müqavilə üzrə hesablanmış məbləği MTK-ya ödəməlidir, daha sonra yığılmış vəsait hesabına binada tamamlama işləri aparılmalıdır. Lakin MTK-ya heç bir iddiaçı tərəfindən hər hansı ödəniş icra edilməmişdir. MTK isə rəhbəri barədə ittihamedici hökm çıxarılmış MMC-nin hüquqi varisi deyil, həmin MMC-nin öhdəlikləri və ya vəzifəli şəxsləri tərəfindən törədilmiş delikt, yaxud cinayət əməlinə görə hər hansı məsuliyyət daşımır. İşin yuxarıda qeyd edilən faktiki halları ilə hazırki iddianın əsassız olduğu tam şəkildə təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı18, İddiaçı4, İddiaçı17, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı9, İddiaçı8, İddiaçı3, İddiaçı16, İddiaçı5, İddiaçı14, İddiaçı15 Ali oğlunun, İddiaçı2, İddiaçı10, İddiaçı19, İddiaçı13, İddiaçı12, İddiaçı11 Cavabdeh MTK-ya qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı18, İddiaçı4, İddiaçı17, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı9, İddiaçı8, İddiaçı3, İddiaçı16, İddiaçı5, İddiaçı14, İddiaçı15 Ali oğlunun, İddiaçı2, İddiaçı10, İddiaçı19, İddiaçı13, İddiaçı12, İddiaçı11 Cavabdeh MTK-ya qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar