Məhkəmə qərarları › İş №2(002)-2750/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2750/2024

05.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2750/2024 05.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və kirayə haqqının tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və kirayə haqqının tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 1 saylı evin 3 saylı mənzilindən çıxarılması və evin boşaldılması, Cavabdeh kirayə üzrə borclu qaldığı 780 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 810 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 1 saylı evin 3 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq, evin boşaldılması, Cavabdeh kirayə üzrə borclu qaldığı 780 manat və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 1 saylı evin 3 saylı mənzili Səbail rayon İcra Hakimiyyəti Başçısının 31 yanvar 2014-cü il tarixli 19 saylı sərəncamına əsasən 3 nəfər ailə üzvü nəzərə alınmaqla ona verilmişdir. Mənzilin sahəsi 31,26 m2 olmaqla 2 otaqdan ibarətdir. İşi ilə əlaqədar müvəqqəti olaraq həmin mənzildə yaşamadığına görə 2019-cu ildə Cavabdeh kirayə vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh tərəfindən ona hər ay 130 manat kirayə pulu ödənilməli idi. Cavabdeh bir müddət kirayə pulunu ödəmiş, sonradan kirayə haqqının verilməsini dayandırmışdır. 6 aydan artıqdır ki, mənzilin kirayə pulunu vermir, nəticədə ona 780 manat borcu yaranmışdır. Eyni zamanda onun özünün mənzilə ehtiyacı olduğuna görə cavabdehin mənzildən çıxmasını tələb etsə də, cavabdeh ona məxsus mənzildən çıxmaqdan imtina etmişdir. O, özünə məxsus mənzildən istifadə etmək hüququndan məhrum edilmişdir. Cavabdehdən dəfələrlə mənzildən çıxmasını tələb etsə də, cavabdeh indiyə kimi mənzildən çıxmamışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hal-hazırda ona aid olan mənzildə keçmiş həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim etmiş və etirazda göstərmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 1 saylı evin 2 otaqlı 3 saylı mənzili iddiaçının mülkiyyətində olmayan mənzildir. Mənzil Bakı şəhəri Qaradağ rayon MKTB-nin balansındadır. 2019-cu ildə həmin mənzildə yaşayan hazırki İddiaçı mənzili ona 15.000 manata satmış və könüllü olaraq mənzili ona təhvil vermişdir. Bundan sonra o, mənzilə köçmüş, mənzildə əsaslı təmir işləri aparmışdır. Bu günə kimi azyaşlı övladı ilə həmin mənzildə yaşayır və kommunal ödənişləri (elektrik enerjisi, qaz, su və s.) edir. Qanunvericiliyin tələbinə əsasən mülkiyyətçisi olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti 5 ildən artıq müddətdə həmin mənzildə yaşadığı dövrdə ona qarşı mənzilin boşaldılmasına dair iddia qaldıra bilərdi, hazırki iş üzrə iddiaçı yox. İddiaçı iddia ərizəsinə əlavə etdiyi sərəncam barədə mənzili ona satarkən heç bir məlumat verməmişdir. Bu barədə 5 il müddətində mülkiyyətçi Qaradağ rayon İcra Hakimiyyəti də ona qarşı heç bir tələb irəli sürməmiş, onun mənzilində yaşamasına etiraz etməmişdir. Hətta belə bir sərəncam olsa belə, iddiaçının mübahisəli mənzildə 5 ildən artıq müddətdə yaşamaması əsası ilə həmin sərəncam əhəmiyyətsiz əqddir. Qeyd etdiyi kimi, iddiaçı 2019-cu ildə (5 ildən artıq müddətdə) mənzili ona satdıqdan və mənzili könüllü olaraq ona təhvil verdikdən sonra ona qarşı heç bir tələbi olmamışdır. Lakin sonra iddia verməmişdən öncə ondan əlavə pul tələb etmişdir ki, guya mənzili ona ucuz satıb. O, buna etiraz etdikdən sonra, pul ödəməyə məcbur etmək məqsədi ilə ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən iddiaçı iddiasında qeyd edir ki, guya mənzili ona kirayə vermişdir, o, iddiaçıya kirayə haqqı ödəməmişdir və sonradan öhdəliklərini icra etməmişdir, hazırda guya onun iddiaçıya 780 manat kirayə haqqı borcu var. Məhkəmənin nəzərinə çatdırır ki, o, mənzili iddiaçıdan nağd ödənişlə aldığından iddiaçı ilə heç bir kirayə müqaviləsi bağlamamışdır və buna ehtiyac da yox idi. Çünki o, mənzili almışdır, mənzildə kirayədə qalmamışdır. İş materiallarından da görünür ki, iddiaçı ilə onun arasında heç bir kirayə müqaviləsi yoxdur və ola da bilməzdi. Çünki mənzilə dair onların arasında alğı-satqı olmuş və mənzilin pulunu o, iddiaçıya nağd ödəmişdir. Pulunu aldıqdan sonra iddiaçı mənzili könüllü boşaldaraq ona təhvil vermişdir. Sonra o, mübahisəli mənzili əsaslı təmir etdirərək mənzilə köçmüşdür və altı ildir ki, heç bir mübahisə olmadan mənzildə yaşayır. İddiaçı mənzilin ona kirayəyə verməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iddia əsassız və qanunsuzdur, ondan əlavə pul əldə olunması üçün verilmiş iddiadır. Mübahisəli mənzilin mülkiyyətçisi olmayan, onunla heç bir kirayə müqaviləsi olmayan iddiaçı ondan əsassız olaraq kirayə pulu tələb edir, mülkiyyətçinin hüquqlarından sui-istifadə edərək ondan mənzilin boşaldılmasını tələb edir. Qeyd etdiyi kimi, hazırki iddia tələbi qanunsuz və əsassızdır. Hesab edir ki, məhkəmə qaydasında rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X1 ifadəsində bildirdi ki, cavabdehin keçmiş qayınanasıdır. Mübahisəli mənzili Mehmandan 2018-ci ildə 20.000 manata razılaşıb almışlar, lakin pulu 3-4 dəfəyə vermişlər. Ümumilikdə 16.500 manat pul vermişlər, qalanını da verəcəkdilər. Lakin Mehman onları məhkəməyə verdiyindən, ödənişi dayandırmışlar. Özü Lənkəranda yaşayır. Pulun nə vaxt verildiyi dəqiq yadında deyil. Həmin mənzildə 6 il ona görə qalmışlar ki, Mehmana ilkin ödəniş kimi pul vermişlər, qalanını da xırda-xırda vermişlər. Qonşu Tofiq də şahiddir. İş materiallarına əlavə olunmuş: - Səbail rayon İcra Hakimiyyəti başçısının 31 yanvar 2014-cü il tarixli 19 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası DNŞ-nin 22 noyabr, 16 və 23 dekabr 2013-cü il tarixli ARDNŞ/13-1000/xx-xx-000002, ARDNŞ/13-1000/xx-xx-000004 və ARDNŞ/13-1000/xx-xx-000006 saylı məktubları ilə daxil olmuş, Azərbaycan Respublikası DNŞ-nin rəhbərliyi və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin birgə iclaslarının protokol qərarlarına (pr. № 12, 15) əsasən Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə İddiaçı mənzillə təmin edildikləri bildirilməklə, qərarların təsdiq olunması xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 7- 4469/17 saylı, Azərbaycan Respublikası DNŞ-nin yuxarıda qeyd olunan məktubları və Səbail rayon İcra Hakimiyyəti başçısının Mənzil məsələləri üzrə ictimai komissiyasının rəyini (pr. № 1) nəzərə alaraq, Azərbaycan Respublikası DNŞ-nin rəhbərliyi və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin birgə iclaslarının protokol qərarlarından (işçilərin mənzillə təmin edildikləri barədə) çıxarışlar təsdiq edilmişdir. Sərəncamın 5-ci bəndinə əsasən İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, oğlu) Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi ev 1 mərtəbə 1 yaşayış sahəsi 31,26 m2 olan, 2 otaqdan ibarət, 3 saylı mənzili ayrılmış və mənzil nöbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi ev 1 mərtəbə 1 yaşayış sahəsi 31,26 m2 olan, 2 otaqdan ibarət, 3 saylı mənzili Səbail rayon İcra Hakimiyyəti başçısının 31 yanvar 2014-cü il tarixli 19 saylı sərəncamına əsasən İddiaçı ayrılmışdır. Onun mənzil üzərində hüquqları Dövlət tərəfindən tanınır və qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi, İddiaçı mənzilin boşaldılması tələbini irəli sürməyə subyektiv hüququ mövcuddur. Onun bu hüquqa malik olması Səbail rayon İcra Hakimiyyəti başçısının 31 yanvar 2014-cü il tarixli 19 saylı sərəncamı ilə təsdiq olunur. Bu səbəbdən, iddia Cavabdeh əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində təmin edilməlidir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında öhdəlik və vəzifələrin yaranması üçün kirayə müqaviləsi bağlanmamışdır. Kirayə müqaviləsinin hansı müddətə, hansı şərtlər daxilində bağlanması, aylıq icarə haqqının hansı məbləğ təşkil etməsi barədə mötəbər sübutlar təqdim edilmədiyindən, cavabdehdən iddiaçının xeyrinə kirayə haqqı tutula bilməz. Cavabdeh iddiaya etirazının əsası kimi bildirir ki, iddiaçı ilə aralarında mənzilin alğısatqısına dair müqavilə bağlanıb, iddiaçıya bunun müqabilində pul vəsaiti ödəyib, bu səbəbdən, cavabdeh hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməli olduğu halda, alğı-satqı ilə əlaqədar ilkin müqaviləni, ödənişləri təsdiq edən sənədləri, ödənişlərin məhz mənzilin alğı-satqısı səbəbi ilə ödənilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin məhkəməyə dəvət etdiyi və ifadəsi dinlənmiş şahid cavabdehin keçmiş qayınanasıdır. Aydındır ki, şahid cavabdehin maraqlarına uyğun ifadə verir. Məhkəmə bu səbəbdən şahidin ifadəsinə tənqidi yanaşır. Digər tərəfdən, bu qəbildən olan işlər üzrə alğı-satqı faktını təsdiq edən mötəbər sübut kimi şahid ifadələri deyil, tərəflər arasında qanuna müvafiq şəkildə bağlanmış alğısatqı müqaviləsi, ilkin alğı-satqı müqaviləsi, ödəniş sənədləri çıxış edir. Göründüyü kimi, cavabdehin iddiaya etirazı subyektiv xarakter daşıyır, hər hansı mötəbər sübutla təsdiqini tapmır. Ödəniş qəbzindən göründüyü kimi məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 130 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 1 saylı evin 3 saylı mənzilindən çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 100 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 1 saylı evin 3 saylı mənzilindən çıxarılsın və mənzil boşaldılsın. Ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 100 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar