Məhkəmə qərarları › İş №2(002)-2755/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2755/2024

19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2755/2024 19.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Ərizəçi qızının «şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, Azərbaycan Respublikasında daimi yaşaması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi qızı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, Azərbaycan Respublikasında daimi yaşaması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, «Azərbaycan Respublikası vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixdə Ermənistan SSR Sisiyan rayonu Ağudi kəndində doğulmuşdur. 1987-ci ildə Azərbaycan Respublikası Zəngilan rayonu Mincivan qəsəbəsinə ailə qurmaq üçün gəlin köçmüşdür və qəsəbənin Nəsimi küçəsində 137 saylı evə, yəni qayınatası Atobba Qafarovun evinə pasport qeydiyyatına alınmışdır. Ermənistan SSR-dən verilmiş «SSRİ vətəndaşının pasportu»ndan istifadə etmişdir. xx.xx.1988-ci il tarixdə X4 ilə Mincivan qəsəbə icra nümayəndəliyində 4 saylı aktla nikah qeyd etdirmişlər. Həyat yoldaşı Rəfayıl Qafarov Bakı şəhərində Xətai rayonunda 1 saylı tikinti idarəsində işlədiyindən Bakı şəhərində qeydiyyata alınmışdır. O da, həmin ünvana qeydiyyata alınmaq üçün 19 iyul 1991-ci il tarixdə Zəngilan rayonu Mincivan qəsəbəsindən pasport qeydiyyatından çıxmışdır. Lakin həmin ünvana qeydiyyata düşə bilməmiş və qeydiyyatın mahiyyətini başa düşmədiyindən qeydiyyatsız qalmışdır. Buna baxmayaraq oğlu və qızı Xətai rayonunda pasport qeydiyyatına alınmışlar. Həyat yoldaşı Rəfail Qafarov xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının ərazisində 1987-ci ildən yaşamadığına baxmayaraq Azərbaycan Respublikasının vətəndaşı vəsiqəsini almamışdır. Keçmiş SSRİ pasportunu dəyişmişdir. Hazırda da məqsədi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaqdır. Qayınatası və qayınanası 1993-cü ildə Zəngilan rayonunun ermənilən tərəfindən işğal olunması ilə əlaqədar olaraq məcburi köçkün kimi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində məskunlaşmış və yaşamışdır. Valideynləri isə 1988-ci ildə Ermənistan SSR-dən qaçqın olaraq Bakı şəhəri Binəqədi rayonunda məskunlaşmış və yaşamışlar. Ondan başqa 7 bacı və qardaşlarının, ata və anasının Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikası vətənlaşlığına mənsubiyyətini bildirən şəxsiyyət vəsiqələri vardır. Atası və anası vəfat etmişdir. Şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etsə də, bildirilmişdir ki, o, Azərbaycan Respublikasının vətəndaşı olmadığından bu istəyini yerinə yetirilməsi mümkün deyildir. Belə ki, «Azərbaycan Respublikası vətəndaşlığı haqqında» Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı üçün Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Halbuki yuxarıda qeyd etdiyi kimi, o, ailə qurmaq üçün Ermənistan SSR-dən Zəngilan rayonunun Mincivan qəsəbəsinə köçmüş və Azərbaycan ərazisində yaşayış yeri üzrə xx.xx.1988-ci il tarixdə qeydiyyata alınmış və 19 iyul 1994-cü ildə qeydiyyatdan çıxmışdır. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Bildirir ki, o, daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşamışdır və heç bir dövlətin vətəndaşlığına mənsub deyil. Öncəki məhkəmə iclasında iştirak edən Ərizəçi qızı ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin xahişini nəzərə alaraq, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Ərizəçi qızı 07 fevral 1967-ci il tarixdə Ermənistan SSR Qarakilsə rayonu Ağudi kəndində doğulmuşdur. X2, anası X5r. Ərizəçi qızına Ermənistan SSR-nın aidiyyəti qurumu tərəfindən 26 oktyabr 1984-cü il tarixdə X-SL seriyalı 517057 saylı pasport verilmişdir. Ərizəçi qızı 09 yanvar 1988-ci il tarixdə X4 ilə ailə həyatı qurmuşdur. Nikah Zəngilan rayonu Mincivan qəsəbə sovetliyində 4 saylı akt qeydi ilə bağlanmışdır. Bu barədə ərizəçiyə 09 yanvar 1988-ci il tarixdə İV-JQ seriyalı 410052 saylı nikahın bağlanması haqqında şəhadətnamə təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 02 avqust 2023-cü il tarixli ******* saylı «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında» qərarından görünür ki, Ərizəçi qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi qızının Azərbaycan Respublikası Prezidentinin X1 Xidmətinə xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Ərizəçi qızının xx.xx.2023-cü il tarixli 303726/m nömrəli müraciəti əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq « Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı üçün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərrbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Odur ki, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidməti müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (Sərhəd Nəzarəti) 27 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi qızı barəsində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından məhkəmənin sorğusunun cavablandırılması imkan xaricindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (Sərhəd Nəzarəti) 30 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi qızının xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Yuxarıda qeyd edilən prosessual normada istinad olunan «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin tələbinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qızı xx.xx.1988-ci il tarixdən daimi şəkildə Azərbaycan Respublikasında yaşayır, heç bir dövlətin vətəndaşlığına mənsub deyil və o, könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxs deyil. Ərizəçi yuxarıda qeyd edilən hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 07 fevral 1967ci il tarixdə Ermənistan SSR-də doğulmuş Ərizəçi qızı xx.xx.1988-ci il tarixdən daimi şəkildə Azərbaycan Respublikasında yaşayır, heç bir dövlətin vətəndaşlığına mənsub deyil və o, könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxs deyil. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 fevral 1967-ci il tarixdə Ermənistan SSR-də doğulmuş Ərizəçi qızının xx.xx.1988-ci il tarixdən daimi şəkildə Azərbaycan Respublikasında yaşaması, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxs olmaması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar