Məhkəmə qərarları › İş №2(002)-277/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-277/2021

27.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-277/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı uşaqları 2006-cı il təvəllüdlü X5, 2009-cu il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü X3 ilə birlikdə ona məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 12 saylı evin 6 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi C.Qəhrəmanov küçəsi 12 saylı evin 6 saylı mənzilini mərhum atası Tofiq Balaağa oğlu tərəfindən xx xxxxxx 2014-cü il tarixli bağışlanma müqaviləsinə əsasən ona bağışlamışdır. Həmin ev xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. Cavabdehlər X7 onun qardaşı, Cavabdeh2 onun onun arvadı, Cavabdeh1 isə onun bacısıdır. Onlar hələ sağlığından həmin mənzildən daimi olaraq köçüb getmişlər, qardaşının və bacısının özünə məxsus evləri olmaqla iddiaçıya məxsus evlə heç bir əlaqəsi yoxdur. Mübahisəli mənzildə yaşamırlar. Hər birinin ayrı-ayrı evləri vardır. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulması, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehlər onun qardaşı, bacısı və qardaşının yoldaşıdır. Onlar artıq illərdir ki, atasının sağlığında ona məxsus evdən daimi öçmüşlər, onların özlərinə məxsus evləri var və orada daimi yaşayırlar. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi 12 saylı evin 6 saylı mənzili İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X5, X6, X7, X3, Cavabdeh1, X4, Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 12 saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, XXX Tofiq Balaağa oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 12 saylı evin 6 saylı mənzilini İddiaçı bağışlamışdır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadırlar və lakin evdə yaşamır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşamamaları işin mübahisəsiz halıdır və iddia təmin edilərək cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında mövcud mübahisəli hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yarandığından, Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53- cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Mülki işin məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, ona atası tərəfindən bağışlama müqaviləsi ilə bağışlanmışdır. Cavabdehlər həmin mənzilə 2000-ci il sentyabrın 1-dək olan müddətdə qeydiyyata düşmüşlər. Hal-hazırda həmin mənzildən daimi olaraq köçmüşlər. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyindən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları 2006-cı il təvəllüdlü X5, 2009-cu il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü X3 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 12 saylı evin 6 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları 2006-cı il təvəllüdlü X5, 2009cu il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü X3 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 12 saylı evin 6 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar