Məhkəmə qərarları › İş №2(002)-28/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-28/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-28/2022 14.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.10.2012-ci il tarixli, 527 saylı kredit müqaviləsinə əsasən Cavabdeh LPO İddiaçı ASC qarşısında 3.739 manat 54 qəpik əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 921 manat 06 qəpik faiz olmaqla, cəmi 4.660 manat 60 qəpik borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın girov predmeti olan «Mercedes Benz-C240» markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.10.2012-ci il tarixli 527 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 26 % olmaqla, 6.700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan «Mercedes Benz - C240» minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 17.10.2012-ci il tarixli 464 nömrəli girov müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.10.2012-ci il tarixli 527 saylı kredit müqaviləsinə əsasən Cavabdeh LPO İddiaçı ASC qarşısında 3.739 manat 54 qəpik əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 921 manat 06 qəpik faiz olmaqla, cəmi 4.660 manat 60 qəpik borc öhdəliyi yaranmışdır. Tərəflər arasında bağlanmış 17.10.2012-ci il tarixli 527 saylı kredit müqaviləsinin 1 və 3-cü bəndlərinə əsasən, borcalan bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 18 ay müddətinə 26 % ödəməklə 6.700 manat məbləğində kredit vermişdir. Girov müqaviləsinin 2-ci bəndinə əsasən, kreditin təminatı kimi «Mercedes Benz -C240» markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Göründüyü kimi, cavabdeh öz müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 17.10.2012-ci il tarixli 527 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 26 % ödənilməsi şərti ilə 6.700 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 23.04.2019-cu il tarixə 3.739 manat 54 qəpik məbləğində əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 921 manat 06 qəpik faiz olmaqla, cəmi 4.660 manat 60 qəpik borcunun mövcud olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 17.10.2012-ci il tarixli 464 saylı girov müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus olan, 2000-ci il buraxılışlı «Mercedes Benz-C240» markalı ** ML *** dövlət qeydiyyat nişanlı minik avtomobilini banka ipoteka qoymuşdur. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəmi reyestrindən 28 oktyabr 2011-ci il tarixli, AA seriyalı, 025069 saylı çıxarışdan görünür ki, tərəflər arasında bağlanmış 27.10.2011-ci il tarixli, 276 saylı ipoteka müqaviləsi rəsmi reyestrdə qeydiyyata alınmışdır. Lakin həmin avtomobilin 17.10.2012-ci il tarixli, 464 saylı ipoteka müqaviləsi üzrə yüklü edilməsi ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəmi reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, həmin avtomobil qiymətləndirilməsi üçün qiymətləndiriciyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmənin avtomobilin qiymətləndirilməsi barədə qərardadının icrası mümkün olmamış, "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinin 22 noyabr 2021-ci il tarixli 30 saylı məktubu ilə qərardad icra olunmadan məhkəməyə qaytarılmışdır. Bildirişdən görünür ki, LPO İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17.10.2012-ci il tarixli 527 saylı kredit müqaviləsinə əsasən 3.739 manat 54 qəpik əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 921 manat 06 qəpik faiz olmaqla, cəmi 4.660 manat 60 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Belə ki, avtomobilin 17.10.2012-ci il tarixli 464 saylı ipoteka müqaviləsi üzrə yüklü edilməsi ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəmi reyestrində qeydiyyata alınmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.10.2012-ci il tarixli 527 saylı kredit müqaviləsinə əsasən 3.739 manat 54 qəpik əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 921 manat 06 qəpik faiz olmaqla, cəmi 4.660 manat 60 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar