Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2802/2023 30.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi 22 saylı evin 33 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, o, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 vəfat etdiyindən, onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 07 avqust 2009cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan 02 uşaqları doğulmuşdur. O, Cavabdeh1 ilə ailə qurarkən sonuncunun atasına məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Z.Qasımov küçəsi 22 saylı evin 33 saylı mənzilinə gəlin gəlmişdir. Ona məxsus cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Həmin evdə cavabdehlərlə birgə yaşamaqla ümumi təsərrüfat aparmış və uşaqları həmin evdə doğulmuşdur. Cavabdehlərin razılığı ilə o, həmin evə qeydiyyata düşmüşdür. Sonradan cavabdehlə aralarında narazılıq yarandığına görə məhkəmə qaydasında 04 aprel 2022-ci il tarixdə nikahları pozulmuşdur. Cavabdeh onu yaşadıqları evin balkonundan 5-ci mərtəbəsindən atmağa vadar edib. Onu döydüyünə görə əlindən qaçıb özünü eyvandan aşağı atmışdır. Cavabdeh ona xəsarət yetirdiyinə görə və onu ölümlə hədələdiyinə görə əşyaları evdən çıxarmaqla məcbur olub atası evinə aparmışdır. Mübahisəli ev onun və uşaqlarının yeganə yaşayış yeridir. Onlar müvəqqəti olaraq kirayədə yaşayırlar, onun uşaqlarının özlərinin yaşayış yerləri olmalı və gələcək təhsilləri ilə bağlı onlara şərait yaradılmalıdır. O, eyvandan düşdüyü üçün xəsarətlər almışdır və əmək qabiliyyətini itirmişdir. O, bundan sonra necə etməlidir, uşaqlarını bir damın altına salmağa yeri yoxdur. Uşaqlar həmin evdə qeydiyyatda olmaqla eyni zamanda orada poliklinikada qeydiyyatdadırlar. Hazırda həmin evdə yaşamadığı səbəbindən uşaqlara lazım olan tibbi qulluq da edilmir. Belə ki, həmin evdə olmamaları səbəbindən sahə həkimi uşaqlara nəzarət edə bilmir. Onun isə başqa yaşayış yeri yoxdur. O, hazırda qeydiyyatda olduğu evdə yaşamaqdan məhrum olmuşdur. Göründüyü kimi, onların arasında əvvəlcədən razılaşma olmuş və o, mənzil sahiblərinin özlərinin razılığı əsasında həmin mübahisəli mənzilə köçmüşdür və onların razılığı ilə qeydiyyata düşməklə mənzildən onlarla bərabər istifadə etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş fiziki şəxsin mülkiyyətində olan daşınmaz əmlaka dair məlumat sorğulamasından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi 22 saylı evin 33 saylı mənzili xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-866/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 07 avqust 2009-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində 614 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 İddiaçı himayəsində və yanında saxlanılmış, Cavabdeh1 xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 109 saylı MKİS tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 22 saylı evin 33 saylı mənzilində qeydiyyatdadır, həmin mənzildə yaşamır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri 07 avqust 2009-cu il tarixdə yarandığına görə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından qiymət verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı ilə mənzil mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə əlaqədar notarial qaydada təsdiqlənən yazılı razılaşma mövcud deyil və iddiaçının belə bir hüququnun olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeyd yoxdur. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2802/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2802/2023
30.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver