Məhkəmə qərarları › İş №2(002)-2813/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2813/2022

21.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2813/2022 21.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı işəgötürənin xeyrinə borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı işəgötürənin xeyrinə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçı qeyd olunan iddia tələbi üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsini təsdiq edən sənədi, habelə iddia ərizəsini imzalamış Kamran Həbibovun iddiaçı "xxxx" MMC-nin direktoru olmasını təsdiq edən sənədi və ya "xxxx" MMC-nin qanuni təmsilçisi barədə dövlət reyestrindən çıxarışı iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.1-ci maddəsinə əsasən, əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisələri bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən, ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda geri qaytarır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı işəgötürənin xeyrinə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC-nə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar