Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2941/2024 15.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsində 622 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə tanışlıqları şagirdinin valideyninin vasitəsi ilə olmuşdur. Cavabdeh onun xalası oğludur. O, öz həyat şəraitini yaxşılaşdırmaq və gələcəyi üçün yatırım etmək məqsədi ilə ipotekaya ev almaq istəmişdir. Lakin ipoteka götürmək üçün lazım olan şərtlərdən biri də, ailəli olmaq idi. Bu səbəbdən də, şagirdinin valideynin subay qohumu olan Mehman ilə ipotekaya ev götürmək məqsədi ilə nikaha daxil olaraq dövlət tərəfindən verilən həmin güzəştlərdən istifadə etmək istəmişdir. Bu məqsədlə, 24 aprel 2024-cü il tarixdə Mehmanla nikah qeydiyyatına düşmüşlər. Bundan sonra onlar birlikdə ipoteka ilə ev üçün müraciət etdikdə, Mehmanın adına ev olduğu üçün onlara yenə ipoteka düşmədiyi bildirilmişdir. Bu səbəbdən də, birgə nikahda qalmağın bir mənası olmadığı üçün, nikahın etibarsız hesab edilməsini istəyir. Belə ki, onlar nikahda olsalar da, ailə qurmaq niyyətləri olmamış, nikaha yalandan, güzəştli şərtlərlə ev almaq üçün daxil olmuşlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirir. Bu səbəbdən iddianı etiraf edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli AZ-İİ seriyalı 624250 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında nikah 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsində 622 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00993 saylı arayışdan görünür ki, tərəflər xx.xx.2024cü il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlmişlər, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanmış nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3-cü maddəsinə əsasən nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 28.1-ci maddəsinə əsasən bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. 28.2-ci maddəsinə əsasən nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. 28.3-cü maddəsinə əsasən bu Məcəllənin 38 və 39-cu maddələrinə əsasən ər və arvad arasında bağlanmış nikah müqaviləsi etibarsız sayılır. 28.4-cü maddəsinə əsasən nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. 28.5-ci maddəsinə əsasən nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən bu Məcəllənin 85-86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36-37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. 28.6-cı maddəsinə əsasən ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. 28.7-ci maddəsinə əsasən nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin rəsmi nikah qeydiyyatından keçməkdə məqsədləri ailə qurmaq deyil, iddiaçının güzəştli şərtlərlə ipoteka krediti ilə mənzil almasına şərait, hüquqi zəmin yaratmaq olmuşdur. Ailə Məcəlləsinin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Hazırki iş üzrə tərəflər bildirirlər ki, ailə qurmaq niyyətləri olmamış, faktiki olaraq ailə qurmamışlar. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddianı etiraf qanunun tələblərinə zidd deyil, iddianı etiraf heç kimin maraqlarına və mənafelərinə xələl gətirmir. Nikahın etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsində istinad edilən hallar mövcuddur. Bu səbəbdən, iddia əsaslı olmaqla təmin edilməli, tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsində 622 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci tələb olunmadığından İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsində 622 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2941/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2941/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver