Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2968/2022 21.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 55 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 yetkinlik yaşına çatmadığından, onun adı cavabdehlər sırasından (siyahısından) çıxarılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 55 saylı mənzili «Qum Adası» X11 İdarəsində qüsursuz işlədiyinə, eyni zamanda mənzil növbəsində olduğuna görə Suraxanı rayon XDS tərəfindən 01 aprel 1994-cü il tarixli 020317 saylı order əsasında ona verilmişdir. Mənzil təmirsiz olduğundan ora dəmir qapı qoydurmuşdur. Bir müddətdən sonra həmin mənzilə ailəsi ilə birgə köçmək istədikdə orada Cəbrayıl rayonundan məcburi köçkün ailəsinin yaşadığının şahidi olmuşdur. Belə ki, X8 və X1 mənzilə qanunsuz olaraq daxil olmuş və orada yaşamışlar. Bununla əlaqədar o, Qaradağ rayon Məhkəməsinə müraciət edərək, həmin şəxslərin mənzildən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qaradağ rayon Məhkəməsinin 06 iyul 2010-cu il tarixli 2(002)-631/2010 saylı qətnaməsi ilə X8 və X2 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 55 saylı mənzilindən çıxarılması qət edilmişdir. Bu qərar uzun müddət icra edilməmişdir. Halhazırda həmin mənzildə Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq yaşayırlar. O, yenidən məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2010-cu il tarixli 2(002)-631/2010 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı X3 və X7 qarşı «mənzilin əvvəlki vəziyyətinə gətirilməklə mənzildən çıxarılma» tələbinə dair iddiası qismən təmin edilmiş, X5 və X2 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 55 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Suraxanı rayon XDS İK tərəfindən verilmiş 01 aprel 1994-cü il tarixli 020317 saylı orderə əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 55 saylı mənzili yaşamaq üçün 5 nəfər ailə üzvü ilə birlikdə İddiaçı verilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DNŞ Sosial İnkişaf İdarəsinin MKXD-nin 22 saylı MİS-in arayışına əsasən yuxarıda qeyd olunan mənzil Cəbrayıl rayonundan məcburi köçkünlər – həmin iş üzrə cavabdeh olmuş X8 və X4 tərəfindən zəbt olunmuşdur. Həmin mübahisəyə yuxarıda qeyd olunan qətnamə ilə müvafiq hüquqi qiymət verilmişdir. Hazırkı iş üzrə Cavabdeh1 xx.xx.1988-ci il təvəllüdlü olmaqla, Cəbrayıl rayonu Maralyan kəndində doğulmuşdur. İddiaçıya ailə üzvləri ilə verilmiş mənzil üzərində hər hansı hüququ yoxdur, iddiaçının ailə üzvü deyil, özbaşına olaraq mənzilə köçməklə, mənzili zəbt etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 17 iyun 1999-cu il tarixli Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimyyəti orqanları öz səlahiyyətləri daxilində, məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınmışq salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəliq olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh müstəqil olaraq müvəqqəti məskunlaşmamış, işğal faktı baş verəndən uzun illər keçəndən, 2010-cu ildən sonra həmin mənzili zəbt edərək iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Cavabdehin məcburi köçkün olub-olmaması, məcburi köçündürsə hansı ərazi üzrə qeydiyyatda olması, Cəbrayıl rayonundan məcburi köçkün düşərkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti evlə təmin olunub-olunmamasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçıya verilmiş mənzil cavabdeh tərəfindən zəbt olunmuşdur və iddiaçının hüquqları davamlı şəkildə pozulur. Bu səbəbdən, iddia əsaslı olmaqla, təmin edilməlidir. Ödəniş qəbzindən göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindəmn 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 yetkinlik yaşına çatmamış ailə üzvü Cavabdeh2 ilə birlikdə İddiaçı verilmiş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 55 saylı mənzilindən çıxarılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 yetkinlik yaşına çatmamış ailə üzvü Cavabdeh2 ilə birlikdə İddiaçı verilmiş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 55 saylı mənzilindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2968/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2968/2022
21.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver