Məhkəmə qərarları › İş №2(002)-2971/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2971/2024

29.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2971/2024 29.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının azyaşlı övladları ilə birlikdə cavabdehlə birgə nikah zamanı tikilən, cavabdehin faktiki istifadəsində və sahibliyində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində yerləşən evə yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh iddiaçının xalası oğludur. Onlar faktiki olaraq 2006-cı ildə nikaha girərək ailə qurmuşlar, rəsmi nikahları isə 2011-ci ildə qeydə alınmışdır. İddiaçı gəlin olaraq Qobustan rayonu, Ərǝbqədim kəndinə köçmüşdür. Birgə nikahlarından 14 fevral 2009-cu ildə Elmar Atakişiyev və 31 yanvar 2011-ci ildə Bağçagül Atakişyeva adlı iki uşaqları doğulmuşdur. 2011-ci ildə cavabdehin işi ilə əlaqədar Qaradağ rayonu, Qobustan qəsəbəsinə köçmək məcburiyyətində qalmışlar. Bu zaman əvvəlcə birotaqlı ev tikərək yaşamağa başlamışlar. Sonra isə həmin evi sökərək yerində 2017-ci ildə çoxotaqlı ev tikmişlər. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində yerləşən həmin ev birgə nikah dövründə tərəflərin öz hesabına tikilmişdir. Həmin evin sənədi olmasa da, tərəflər həmin evdə uzun müddət yaşamışlar. Cavabdehlə iddiaçı arasında münasibətlər 2022-ci ildə korlandıqdan sonra, cavabdeh onu evdən qovmuşdur. Hal-hazırda faktiki olaraq Xaçmaz rayonunda valideyninin yanında qalmağa məcbur olmuşdur, övladları ilə birgə yaşamağa başqa yeri yoxdur. Halbuki, uzun müddət mübahisəli evdə yaşamış və oradan istifadə hüququ əldə etmişdir. Həmin ərazidə yan-yana 2 ev mövcuddur. Həmin evlərdən biri Cavabdeh, digəri isə onun qardaşı TCavabdehdir. Cavabdeh mübahisəli evin və yerləşdiyi torpaq sahəsinin cavabdehin əmisi oğlu Ədalət Atakişiyevə məxsus olduğunu iddia etsə də, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 30 may 1995-ci il tarixli 425 saylı sərəncamı ilə Ədalət Atakişiyevə ayrılmış torpaq sahəsində tikilən ev Telmana məxsusdur, həmin ev 20 ilə yaxındır tikilmişdir. Mübahisə predmeti olan ev isə həmin torpaq sahəsindən kənarda qalmaqla cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində yerləşir. Qaradağ rayonu Qobustan Bələdiyyəsinin təqdim etdiyi arayışlardan məlum olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində 600 kv.metr sahəsində tikilmiş ev Cavabdeh məxsusdur, Cavabdeh həmin torpaq sahəsinə görə vergi ödəyicisi kimi vergi ödəyir. Bir sözlə, birgə nikah dövründə tikilmiş ev Ədalət Atakişiyevin torpağında yerləşmir, onun vəsaiti ilə deyil, tərəflərin öz vəsaiti ilə inşa edilmişdir. Məhkəməyə təqdim edilmiş videodiskdə tərəflərin mübahisəli evdə ev mübarəki tədbiri keçirdikləri əks olunmuşdur, məclisə yığışan adamlar mübahisəli evin hazır olmağı münasibətilə onları təbrik etmişdir. Bundan başqa, kommunal xidmətlər cavabdehin adına olmuşdur. Evin tikintisində iştirak edən şahidlər də xərclərin Elman tərəfindən çəkildiyini təsdiq edir. Mübahisə predmeti olan ev özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunmuşdur. Ona görə də iddia əsaslı hesab olunmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 digər Nümayəndə1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərin maddi imkansızlığı səbəbindən nəvəsi Elmarın kiçik toyu ilə ev mübarəki tədbiri birgə keçirilib. Elman bir müddət Ədalətə məxsus sexdə işləsə də, mübahisəli evin tikintisi üçün ondan hər hansı vəsait almayıb. Evin tikintisində işləyən ustaların pulunu da Elman özü verib. Bələdiyyədə vergi ödəyicisi də Elmandır, lakin onun adından torpaq vergisini Xaçmaz rayonunda özü ödəmiş və bununla bağlı qəbzləri məhkəməyə təqdim etmişdir. Bir daha qeyd edir ki, Ədalətin torpaq sahəsində inşa edilmiş ev Elmanın deyil, onun qardaşı Telmanın evidir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar tamamilə əsassız va qanunsuzdur. Belə ki, mübahisə predmeti olan evin nə iddiaçıya, nə də cavabdehə heç bir aidiyyəti yoxdur. Həmin evin yerləşdiyi torpaq sahəsi, həmçinin evin özü cavabdehin əmisi oğlu X8 məxsusdur. Sadəcə olaraq, Elmanın torpaq sahəsi və yaşayış evi almaq və ya tikmək üçün maddi imkanı olmadığına görə, Ədalət Atakişiyev yaxın qohum kimi insanlıq baxımından kömək etmək məqsədilə özünə məxsus torpaq sahəsi üzərində öz vəsaiti ilə tikdirdiyi evi müvəqqəti olaraq tərəflərin istifadəsinə vermişdir. Belə ki, Ədalət qəsəbədə imkanlı adam olduğuna və işləri çox olduğuna görə, onun sexində işləyən Elmana bir qohum kimi etibar etmiş, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 30 may 1995-ci il tarixli 425 saylı sərəncamı ilə özünə ayrılmış 6 sot torpaq sahəsində olan birotaqlı evdə müvəqqəti qalmasına şərait yaratmış, sonradan orada çoxotaqlı ev inşa etməyi Elmana tapşırmış, bütün tikinti xərclərini özü ödəmiş, tikinti başa çatdıqdan sonra tərəflərə müvəqqəti olaraq orada yaşamağa icazə vermişdir. Tərəflər maddi imkansız olduğundan, onların öz vəsaiti ilə ev tikməsi mümkün deyildi. Lakin sonradan İddiaçı qadın adını ləkələyən hərəkətlərə yol verdiyi üçün tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş və iddiaçının özü evi tərk etmişdir. Belə ki, qonşular tərəfindən Elnurənin cavabdehə xəyanət etməsi və başqa şəxslərlə intim münasibətlərdə olması barədə Elmana məlumat verilmişdir. Cavabdeh bu məlumatların doğruluğunu, Elnurənin həqiqətən həmin şəxslə görüşüb-görüşmədiyini yoxlamaq üçün xx.xx.2022-ci il tarixində saat 20:00 radələrində işdən evə tez gəlmiş, həyətin giriş qapısını xeyli müddət döydükdən sonra qapının açılmadığını gördükdə həyətin arxa tərəfinə keçərək həyətə düşmüş, bu vaxt Elnurənin və onun görüşdüyü şəxsin evdən qaçaraq müxtəlif istiqamətlərə uzaqlaşdıqlarını görmüşdür. Cavabdeh Elnurənin ona həqiqətən xəyanət etdiyinin şahidi olmuşdur. Göründüyü kimi, Elnurəni heç kim qovmamış, onun özü evi bu cür rüsvayçılıqla tərk etmişdir. Bundan sonra, iddiaçının yaxın qohumları gələrək Elnurənin əşyalarını götürüb Xaçmaz rayonunda yerləşən ata evinə yerləşdirmişlər. Təbii ki, cavabdeh Elnurənin ona xəyanət etdiyini öz gözləri ilə gördüyü üçün iddiaçının cavabdehə nə zəng etməyə, nə də onunla görüşməyə üzü qalmışdır. İddiaçı hal-hazırda da Xaçmaz rayonunda valideynlərinə məxsus evdə yaşayır. Bu faktlar bir daha sübut edir ki, iddiaçı tərəfin bildirdiyi hallar tamamilə əsassızdır. Belə ki, iddiaçı özü xəyanət üstündə tutulduğuna görə evdən qaçaraq getmişdir. Halhazırda da iddiaçının daimi yaşayış yeri vardır. Belə bir şəxsin belə bir hərəkətdən, bütün qəsəbədə bilinən rüsvayçılıqdan sonra yenidən orada yaşaması gələcəkdə ağır cinayət hadisəsinin baş verməsinə səbəb ola bilər. Eyni zamanda bildirmək istəyir ki, mübahisəli evə nə iddiaçının, nə də Elnurənin aidiyyəti yoxdur. Ədalətə ayrılmış torpaq sahəsində Ədalətin vəsaiti ilə tikilmiş evə tərəflərin hər hansı hüququ tanına bilməz. Mübahisəli ev Qaradağ rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Ədalətə ayrılmış 6 sot torpaq sahəsində inşa edilmişdir, həmin torpaq sahəsi üzrə vergi ödəyicisi də Ədalət özüdür. Elman heç vaxt torpaq vergisi ödəməmişdir, iddiaçının nümayəndəsi təsdiq edir ki, torpaq vergisini iddiaçı tərəf özü ödəmişdir, ona görə də həmin ödəniş qəbzləri sübut kimi nəzərə alına bilməz. Qobustan Bələdiyyəsinin sonuncu arayışında mübahisəli ünvanda 6 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Ədalət Atakişiyevə məxsus olduğu, Elmana dair hər hansı sənədin və məlumatın olmadığı təsdiq olunur. İddiaçı tərəf Ədalətin topraq sahəsində Telmanın evinin tikildiyini deyir, halbuki Telmanın evi 10 sotda yerləşir. Bundan başqa, mübahisəli evin bütün kommunal xidmətləri Ədalətin adınadır, müvəqqəti yaşadıqları dövrdə kommunal xidmətlər Elmanın adına olmuş, lakin iddiaçıya görə yaşanan rüsvayçılıqdan sonra Ədalət bütün kommunal xidmətləri öz adına keçirmişdir. Videodiskdə qeyd edilən təbriklərə gəldikdə, həmin disk tərəflərin oğlu Elmarın kiçik toy kasetidir, iddiaçı onu ev mübarəki tədbiri kimi qələmə verir, çıxış edənlər də uşağı təbrik edirlər, yalnız iddiaçının anası ev barədə danışır. Ona görə də iddiaçı tərəfin dəlilləri əsassız hesab olunmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 məhkəməyə xx.xx.2024-cü il tarixdə teleqram ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, mübahisəli ev və həmin yaşayış yerinin torpaq sahəsi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 30 may 1995-ci il tarixli sərəncamı ilə ona verilmişdir və özünə məxsusdur. Belə ki, Elman onun doğma əmisi oğludur. Elmanın Bakı şəhərində yaşayış yeri olmadığı üçün o, müvəqqəti olaraq həmin evi vermişdir. Bildirmək istəyir ki, torpaq sahəsində tikilən ev onun şəraiti hesabına tikilmişdir və ona məxsusdur. İddiaçı qadın adını ləkələyən hərəkətlərə yol verdiyinə görə onun cavabdehlə nikahına xitam verilmişdir. Buna görə o, tərəflərə həmin evdə yaşamağa icazə vermir. Bir daha bildirmək istəyir ki, iddiaçının iddia ərazisində göstərdiyi fərdi yaşayış evi və torpaq sahəsi ona məxsusdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X19 ifadə verərək bildirdi ki, iddiaçı onun baldızıdır, cavabdehi də onun həyat yoldaşı kimi tanıyır. Mübahisəli evi o, təxminən 2017-ci ildə hər ay gəlib getməklə tikmişdir. Ev dördotaqlıdır, evin tikintisi üçün ona təxminən 5-6 min manat ödənilmişdir, bu ödənişi Elman həyata keçirmişdir. Həmin vaxt Ədaləti görməmişdir. Evin tikintisi təxminən iki ilə yaxın zamanda başa çatmışdır. Torpaq sahəsi təqribən 6 sotdan ibarət olmuş, onun bildiyinə görə, həmin torpaq sahəsi Elman tərəfindən zəbt olunmuşdur, Elman həmin dövrdə fəhlə işləyirdi. Qonşuluqda olan, Elmanın qardaşı Telmana məxsus evdə də işləmişdir, Telmanın evinin yerləşdiyi torpaq sahəsi isə təxminən 10-15 sot olar. Mübahisəli evin tikintisi zamanı tərəflər arasında müəyyən söz-söhbət olduğunun, Elmanın ailəsinə qarşı diqqətsiz olduğunun şahidi olmuşdur. Tərəflərin birgə nikahlarından olan uşağın kiçik toy məclisində də iştirak etmişdir, toy məclisi həmin evdə keçirilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, iddiaçının anası ilə ailəvi yaxındır. İddiaçı və cavabdehi də tanıyır. Tərəflərin yaşadıqları ev Qobustan qəsəbəsində yerləşir. Əvvəllər tərəflər birotaqlı evdə yaşamışlar, daha sonra Elman həmin torpaq sahəsində birotaqlı evi söküb dördotaqlı ev tikməyə başlamışdır. Evin tikintisi Valik tərəfindən həyata keçirilmişdir. Təxminən üç il əvvəl tərəflərin birgə nikahlarından olan uşaqlarının kiçik toyu həmin evdə keçirilmişdir, kiçik toy zamanı ev mübarəki də olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, o, iddiaçının qohumudur. Elnurə 2006-cı ildə Qobustan rayonuna gəlin köçmüşdür. Daha sonra tərəflər Elmanın işi ilə əlaqədar Qobustan qəsəbəsində birotaqlı ev tikərək orada yaşamışlar. Təxminən 2017-ci ildə Elman öz hesabına birotaqlı evi sökərək hazırda mübahisəli evin tikintisinə başlamışdır. Bu zaman usta Valik idi. O, Ədaləti ümumiyyətlə tanımır. Onun bildiyinə görə, torpaq sahəsi Elmanın olmuşdur. Eyni zamanda o, tərəflərin birgə nikahlarından olan uşaqlarının kiçik toyunda da iştirak etmişdir, toy məclisi həmin evdə keçirilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X27 ifadə verərək bildirdi ki, o, iddiaçının qardaşıdır. Mübahisəli evin tikintisində iştirakı olmuş, bəzi işlərdə usta Valikə kömək etmişdir. Təmənnasız işləmiş, ödəniş almamışdır. Həmçinin, materialların alınmasında maddi deyil, mənəvi dəstəyi olmuşdur. Evin tikintisi 2017-ci ildə başlamışdır. Evə sərf olunan materialların xərci Elman tərəfindən ödənilirdi. Onda olan məlumata görə, həmin dövrdə Elman qohumu Ədalətə məxsus sexdə fəhlə işləyirdi. Kommunal ödənişlər Elmanın adına idi. Tərəflər ayrılan zaman xaricdə olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, həm iddiaçının, həm də cavabdehin xalasıdır. Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev Elmanın əmisi oğlu Ədalətə məxsusdur. Tərəflər arasında ailə münasibətləri Elnurənin xəyanəti ucbatından pozulmuşdur. Elnurə əvvəlcə Qobustan rayonu, Ərəbqədim kəndinə gəlin köçmüşdür. Daha sonra Elman maddi imkansız olduğundan, Ədalət onu Qobustana işləməyə gətirmiş və özünə məxsus torpaq sahəsində olan birotaqlı daxmanı yaşamaq üçün Elmana vermişdir. Tərəflər həmin birotaqlı evə köçmüşlər. O da həmin birotaqlı evə qonaq kimi gəlib-getmişdir. Daha sonra Ədalət həmin torpaq sahəsində dördotaqlı ev tikdirmişdir. Evin tikintisi zamanı usta kimi Elmanın təklifi ilə Valik işləmişdir. Lakin ustanın və materialların pulunu Ədalət özü Elmana verirdi, şəxsən özü də buna şahid olmuşdur. Gündəlik 5-10 manata fəhlə işləyən Elman ev tikə bilərdi? Ədalət imkanlı şəxsdir, sadəcə öz əmisi oğlu Elmanın maddi imkanının olmadığını görüb yaxşılıq etmək istəmiş, həmin evi müvəqqəti olaraq ona yaşamağa vermişdir. Həmin 6 sot torpaq sahəsini Ədalət 1995-ci ildə almışdır. Telmanın evi isə kənarda yerləşir, onun torpaq sahəsi daha böyükdür, Telman həmin torpaq sahəsini Ədalətdən deyil, başqa şəxsdən almışdır. O, tərəflərin birgə nikahlarından olan uşaqlarının kiçik toyunda da iştirak etmişdir. Həmin gün ev təbriki olmamış, sadəcə olaraq uşağın sünnət toyu keçirilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, o, Elmanın əmisi oğludur. Atakişiyev Ədalət onun qardaşıdır. Mübahisəli torpaq sahəsi sənədlə qardaşı Ədalətə məxsusdur. Həmin torpaq sahəsində əvvəllər birotaqlı daxma olmuşdur, təxminən 2011-ci ildə Elman həmin daxmaya köçmüşdür. Sonradan Ədalətin özü üçün hazırki mübahisəli evin tikintisi başlamışdır. Evin tikintisində Valik usta kimi iştirak etmişdir. Lakin Ədalətin öz vaxtı olmadığına görə ustanın pulunu, tikintinin bütün xərcini Elmana vermiş, Elman da həmin işləri görmüşdür. Hətta bəzi zamanlar Ədalət ona zəng vuraraq burada olmadığını və daş lazım olduğu üçün Elmana pul verməli olduğunu bildirmiş, şəxsən buna görə Elmana pul vermişdir. Elmanın ev tikməyə maddi imkanı olmamışdır. Tərəflər həmin evdə müvəqqəti yaşayıblar. Elmanın qardaşı Telman torpaq sahəsini Ədalətdən deyil, Etibar adlı şəxsdən almışdır. O, həmçinin tərəflərin birgə nikahlarından olan uşaqlarının kiçik toyunda da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, Elmanın əmisi oğludur. Mübahisəli ev 1995-ci ildə sərəncamla Ədalətə verilmiş 6 sot torpaq sahəsində yerləşir. Həmin sərəncamda fərdi yaşayış evinin tikilməsi üçün vaxt verilmiş, bu səbəbdən Ədalət əvvəlcə balaca daxma tikdirmişdir, yəni həmin torpaq sahəsində əvvəllər birotaqlı daxma olmuşdur. Elman həmin daxmaya köçmüş, sonradan Ədalət tərəfindən hazırki evin tikintisinə başlanmışdır. Evin tikintisində Valik usta kimi iştirak etmişdir, Valikin usta kimi işləməsini Elman təklif etmişdir. Lakin ustanın və bütün materialların pulunu Ədalət özü vermişdir. Ədalət pulu Elmana, bəzi hallarda Elmanın qardaşı Telmana, hətta ona da vermişdir. Lakin Ədalət hər zaman evin tikintisinə nəzarət etmişdir. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 03-16-5/8-2xx-xx/2023 saylı nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X23 xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Quba regional Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Atakişiyeva soyadı verilmişdir. İş materiallarında olan 3-16-5/7-69-299/2023 saylı doğum haqqında arayışdan görünür ki, X24 14 fevral 2009-cu il tarixdə Qobustan şəhərində anadan olmuşdur. Atakişili Elmarın atası Cavabdeh, anası X17r. İş materiallarında olan 3-16-5/7-69-300/2023 saylı doğum haqqında arayışdan görünür ki, X13 31 yanvar 2011-ci il tarixdə Qobustan şəhərində anadan olmuşdur. Atakişili Bağcagülün atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 adına Qobustan rayonunun Ərəbqədim kəndində JN 0032 nömrəli dövlət aktına əsasən 12.34 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Lakin Cavabdeh adına İdarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC Xaçmaz 4 saylı PŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanı üzrə bələdiyyə torpaq vergisi üçün Cavabdeh adından Qobustan Bələdiyyəsinə ödəniş edilmişdir. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həmin arayış İddiaçı verilmişdir ona görə ki, həqiqətən Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində 600 kv.m torpaq sahəsində yerləşən Cavabdeh tərəfindən qanunsuz şəkildə tikilmiş yaşayış evi mövcuddur, bu torpaq sahəsi Qaradağ rayonu Qobustan bələdiyyəsinin mülkiyyətindədir. Cavabdeh bələdiyyə mülkiyyətində tikdiyi ev bələdiyyənin uçotundadır və Cavabdeh bələdiyyəyə vergi ödəyicisidir. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən verilmiş 2024-cü il üçün yerli (bələdiyyə) vergiləri üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivi ünvanı üzrə vergi ödəyicisi X11r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən və Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 425 saylı, xx.xx.1995-ci il tarixli “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması haqqında” sərəncamının surətindən görünür ki, X12 fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsi, 1-ci massivdən ayrılmış torpaq sahəsindən 600 kv.m ayrılıb verilməsinə, fərdi yaşayış evinin tikintisinin üç il müddətinə başa çatdırılmasına dair sərəncam verilmişdir. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilən sənədlərdən, o cümlədən Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerləşmə sxeminin surətindən görünür ki, "xxxx" MMC tərəfindən hazırlanmış layihənin sifarişçisi X11r, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində 600 kv.m torpaq sahəsində X8 məxsus fərdi yaşayış evi mövcuddur. İş materiallarında olan "xxxx" MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair xx.xx.2012-ci il tarixli hesabat cədvəlinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanında yerləşən tikintinin sahibi X2r. Həmin hesabat cədvəlinə əlavə edilmiş və Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerləşmə sxeminin surətindən görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində 1000 kv.m torpaq sahəsində X3 məxsus fərdi yaşayış evi mövcuddur. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 26/BB saylı məktubundan görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A yaşayış massivində yerləşən Cavabdeh qanunsuz istifadə etdiyi 600 kv.m torpaq sahəsi Qobustan bələdiyyəsinin mülkiyyətindədir. Qanunsuz torpaqda ev inşa edilmişdir. Qobustan bələdiyyəsində həmin torpaq sahəsinin Cavabdeh və digər fiziki şəxsin adına ayrılması barədə heç bir rəsmi sənəd mövcud deyildir. xx.xx.2018-ci il tarixində Cavabdeh vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 34/BB saylı məktubundan görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 (indiki massiv 1A) ərazisində 600 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi X8 məxsusdur. Vətəndaş Cavabdeh adına ev və ya torpaq sahəsi olmasına dair Qobustan bələdiyyəsində heç bir rəsmi sənəd yoxdur. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş bildiriş-xəbərdarlıqlardan, abonentin saldosundan, elektrik enerjisi və su təchizatı üzrə bildirişlərdən və ödəniş qəbzlərindən görünür ki, Qobustan qəsəbəsi, massiv 1 ünvanına aid eyni abonent kodları üzrə abonent kimi əvvəl Cavabdeh, hazırda X15 qeyd olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2776/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X14 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 11 sentyabr 2023-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-936/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci ildə bağlanmış nikah qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı yaşayış yeri üzrə qeydiyyat ünvanı Xaçmaz şəhəri, B.Məcidov küçəsi, ev 1, Cavabdeh yaşayış yeri üzrə qeydiyyat ünvanı Qobustan rayonu, Ərəbqədim kəndidir. İş materiallarına əlavə edilmiş videoyazıların tədqiqi zamanı müəyyən edildi ki, həmin videoyazılarda tərəflərin birgə nikahdan olan oğlu Elmarın kiçik toy şənliyi qeydə alınmış, həmin şənlikdə iştirak edən bəzi şəxslər tərəfindən təbriklər səsləndirilmiş, o cümlədən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2: “Elman zəhmət çəkib bu evi tikib, can sağlığı ilə yaşasınlar, uşaqlarının böyük toyunu görsünlər, Allah bacıma rəhm eləsin, Elnurə ilə Elmana böyüklük edib, onun sayəsində olub hər şey” ifadələrini işlətdiyi əks olunmuşdur. İş materiallarına həmçinin fotoşəkillər əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında rəsmi nikah 2011-ci ildə bağlanmış, onlar 2006-cı ildən faktiki ailə münasibətlərində olmaqla Qobustan rayonu, Ərəbqədim kəndində yaşamışlar. İddiaçı yaşayış yeri üzrə Xaçmaz rayonunda, cavabdeh isə yaşayış yeri üzrə Qobustan rayonunda qeydiyyatdadır. Tərəflər 2011-ci ildən cavabdehin işi ilə əlaqədar Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində 600 kv.m torpaq sahəsində yerləşən özbaşına tikilidə yaşamış, həmin tikili əvvəl birotaqlı, sonradan çoxotaqlı yaşayış evi olmaqla hər hansı hüquqmüəyyənedici sənədə malik olmamışdır. Tərəflər faktiki olaraq 2022-ci ildə ayrılmış, həmin vaxtdan iddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu Xaçmaz rayonunda yaşamış, nikahları 2024-cü ildə pozulmuşdur. Hazırda iddiaçı tərəf mübahisəli tikilinin birgə nikah dövründə tərəflərin hesabına tikildiyini iddia etməkdə, cavabdeh tərəf isə qeyd olunan torpaq sahəsinin və tikilinin mülki işə üçüncü şəxs qismində cəlb edilmiş, tərəflərin ailə üzvü olmayan Ədalət Atakişiyevə məxsus olduğunu qeyd edərək iddia tələbinə etiraz etməkdədir. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək ilk öncə müəyyən edir ki, qanunvericliyə əsasən özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməz olduğundan, iddia tələbinin istifadə hüququnun tanınmasına dair hissəsinin qanuni əsası yoxdur, ona görə də iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbinin evə köçürülmə ilə bağlı hissəsinin əsaslandığı hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, o cümlədən bu barədə təqdim edilmiş sübutlar ziddiyyətli olmaqla digər sübutlarla təkzib edildiyindən, iddia tələbinin həmin hissəsi də əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları, o cümlədən hər iki tərəfin eyni dərəcədə qohumu (xalası) olan şahid R.Nəzirovanın ifadəsi ilə təsdiq olunur ki, tərəflərin 2011-ci ildə Qobustan qəsəbəsinə gəlişi cavabdehin işi ilə bağlı olmuş, maddi çətinlikləri olan cavabdehin işi və yaşayışı üçün Ə.Atakişiyev tərəfindən köməklik göstərilmişdir. Cavabdehin maddi vəziyyətinin çətinliyi izahatlarda və digər şahidlərin ifadələrində də əks olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubunun surəti, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 425 saylı, xx.xx.1995-ci il tarixli sərəncamının surəti, Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər, həmçinin həmin Bələdiyyənin xx.xx.2024-cü il tarixli məktubu, eyni zamanda şahidlərin ifadələri mübahisəli tikilinin Ə.Atakişiyevə ayrılmış 6 sot torpaq sahəsində inşa edildiyini təsdiq edir. İddiaçı tərəf Ə.Atakişiyevə ayrılan torpaq sahəsində cavabdehin qardaşı T.Atakişiyevin evinin yerləşdiyini bildirsə də, həmin dəlil şahidlərin ifadələri (o cümlədən iddiaçı tərəfin şahidi V.Yağıyevin ifadəsi) ilə, habelə iş materiallarında olan xx.xx.2012-ci il tarixli hesabat cədvəlinin, həmin hesabat cədvəlinə əlavə edilmiş və Qobustan Bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerləşmə sxeminin surətləri ilə təkzib olunur, belə ki, həmin sənədlərə görə X3 məxsus fərdi yaşayış evi 1000 kv.m ərazidə 2002-ci ildə inşa edilmişdir. İddiaçı tərəfin Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarına istinadla tikilinin cavabdehə məxsusluğu barədə dəlilləri isə həmin Bələdiyyənin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər, habelə sonuncu xx.xx.2024-cü il tarixli məktubu ilə təkzib olunur. Həmçinin, torpaq vergisinin iddiaçının nümayəndəsi tərəfindən ödənilməklə iddiaçı tərəfin lehinə sübutun yaradılmasına cəhd edilməsi başadüşülən deyildir. Bununla yanaşı, hazırda mübahisəli ünvan üzrə vergi ödəyicisinin və kommunal xidmətlər abonentinin Ə.Atakişiyev olduğu iş materialları ilə təsdiq olunur. Bundan əlavə, tərəflərin birgə nikahdan olan oğlu Elmarın kiçik toy şənliyini əks etdirən videoyazılar iddia tələbini əsaslandıran hal kimi qiymətləndirilə bilməz, belə ki, həmin dövrdə tərəflərin mübahisəli evdə yaşadığı tərəflər arasında mübahisə doğurmur. Şahid V.Yağıyevin evin tikintisində iştirakını hər iki tərəf təsdiq edir, lakin həmin şahidin Qobustan Rayon Məhkəməsində ifadə verərkən ona zəhmət haqqı kimi cavabdeh tərəfindən 1000 manat, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində ifadə verərkən 5-6 min manat ödənildiyini bildirməsi, tikinti xərcinin həcmi və kimə məxsusluğu baxımından ifadənin mötəbərliyinə və işin həqiqi hallarına uyğunluğuna şübhə yaradır. Həmçinin, iddiaçı tərəfin təqdim etdiyi digər şahidlərin (D.Daşdəmirova, Z.Salahova, X.Rəcəbov) ifadələri məhkəmə iclasında tədqiq olunan digər sübutlarla təsdiq edilmədiyindən və onların iddiaçı tərəfə yaxınlıqları səbəbindən mötəbər sübut kimi qəbul edilə və qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlara, işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə hərtərəfli və obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisəli evə istifadə hüququnun tanınması tələbinin qanuni əsası olmadığından, evə köçürülmə ilə bağlı tələbin əsaslandığı hallar isə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, o cümlədən bu barədə təqdim edilmiş sübutlar ziddiyyətli olmaqla digər sübutlarla təkzib edildiyindən, iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 4.11-ci bəndinə əsasən, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar