Məhkəmə qərarları › İş №2(002)-2986/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2986/2022

14.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2986/2022 14.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyaların qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsi üzərində payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əşyaların qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsi üzərində payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 1.000 manat olan yataq mebeli, dəyəri 900 manat olan «İndesit» soyuducu, dəyəri 500 manat olan «Arçelik» markalı paltaryuyan maşın, dəyəri 50 manat olan şirə çəkən maşın, dəyəri 70 manat olan ətçəkən maşın, dəyəri 100 manat olan soba, dəyəri 300 manat olan masa dəsti, dəyəri 200 manat olan 10 yastıq, dəyəri 800 manat olan 6 ədəd döşək, dəyəri 500 manat olan 10 yorğan, dəyəri 50 manat olan qalın ədyal, dəyəri 500 manat olan «TAC» firmasından qab-qacaq, qazan dəsti olan cehiz əşyalarının özünün və ya dəyərinin Cavabdeh alınaraq ona verilməsi; birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən mənzilin birgə mülkiyyət kimi onun 1/2 hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan üç uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah rəsmi qaydada Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, cavabdehlə ailə qurarkən cehiz olaraq dəyəri 1.000 manat olan yataq mebeli, dəyəri 900 manat olan «İndesit» soyuducu, dəyəri 500 manat olan «Arçelik» markalı paltaryuyan maşın, dəyəri 50 manat olan şirə çəkən maşın, dəyəri 70 manat olan ətçəkən maşın, dəyəri 100 manat olan soba, dəyəri 300 manat olan masa dəsti, dəyəri 200 manat olan 10 yastıq, dəyəri 800 manat olan 6 ədəd döşək, dəyəri 500 manat olan 10 yorğan, dəyəri 50 manat olan qalın ədyal, dəyəri 500 manat olan «TAC» firmasından qab-qacaq, qazan dəsti aparmışdır və hazırda həmin əşyalar cavabdehin evində olmaqla ona verməkdən imtina edir. Eyni zamanda, onlar birgə yaşadıqları müddətdə cavabdehin adına ünvan 1 ünvanda yerləşən mənzil almışlar. Hal-hazırda mənzildən cavabdeh istifadə edir və onu həmin mənzilə buraxmaq istəmir. Lakin cavabdehlə birgə nikah dövründə əldə etməklə həmin mənzildə onun da payı var. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə dini nikah ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 3 övladları doğulmuşdur, xx.xx.2003-cü il tarixdə Humay, xx.xx.2005-ci il tarixdə Bəşir, xx.xx.2016-cı il tarixdə İsmayıl. Qanuni nikahları isə 2008-ci ildə baş tutmuşdur. Humay və Bəşir Lökbatan qəsəbəsi 233 saylı orta məktəbi bitirmişlər. Onlar 2002-ci ilin sonu, 2003-cü ilin əvvəllərində torpaq sahəsi alaraq ev inşa etmişlər. 2005-ci ildə evi sərəncam və şəhadətnamə ilə sənədləşdirmişlər. 2019-cu ildə isə o, maaş kartı ilə birgə nikah dövründə "xxxx" ASC-dən 3.800 manat məbləğində kredit götürmüşdür. Bu günkü tarixə qədər Cavabdeh ona heç bir kömək göstərməmişdir. Kreditin vaxtı isə xx.xx.2025-ci il tarixdə bitəcəkdir. Humayın və İsmayılın qəyyumluqları məhkəmə qərarı ilə onda, Bəşirin qəyyumluğu isə atası Cavabdehdır. Bir azyaşlı övladı var, İsmayıl üçün aliment almır. Bütün əziyyətləri özü çəkir. Rəsmi boşanma qərarından sonra ona istər maddi, istərsə də mənəvi heç bir köməklik olmamışdır. Birgə nikah dövründə inşa etdikləri ev 2021-c il tarixdə Cavabdeh adına çıxarışla sənədləşdirilmişdir. 2022-ci ildə son məhkəmə qərarı ilə nikahları ləğv olunmuşdur. O, iki övladı ilə birlikdə 16-17 aydır ki, bir otaqlı evdə 200 manat pul ödəməklə kirayədə yaşayır. Onun tələbi isə sadəcə evin 1/2 hissəsinin ona verilməsidir. Evdəki cehizlik əşyalarının tamı – mebel əşyaları, 1.000 manatlıq yataq dəsti, 500 manatlıq qonaq masa-mizi, 800 manatlıq divan-kreslo, 800 manatlıq pzama TV, 7 ədəd yun yorğan, 7 döşək, 10 tüklü yastıqlar, 900 manatlıq İndesit soyuducu 2019-cu ildə adına kreditlə alınıb, 480 manatlıq Arçelik paltaryuyan maşını kreditlə adına alınıb, hələ də kredit borcu davam edir, 80 manatlıq ətçəkən maşın, 100 manatlıq İltimat soba, 50 manatlıq şirəçəkən, 100 manatlıq Tac qazan dəsti, 300 manatlıq qab-qacaq dəstləri, 400 manatlıq döşəkağı, döşəküzü, pərdə və ədyalları ona qaytarılsın. Xahiş edir ki, təklifləri nəzərə alınsın, tək ana olduğu üçün uşaqlarının və onun haqqı qanuna uyğun şəkildə tələb edilsin. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının ondan tələb etdiyi, iddia ərizəsində göstərilən əşyalar onların birgə nikahı dövründə əldə edilmişdir. Digər tərəfdən pay hüququnun müəyyən edilməsini xahiş etdiyi fərdi yaşayış evi birgə nikahları dövründə inşa edilmədiyi üçün ər-arvadın birgə mülkiyyəti kimi bölünə bilməz. Ona görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflər öncələr xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək faktiki olaraq birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə tərəflərin xx.xx.2003-cü il tarixdə Humay, xx.xx.2005-ci il tarixdə isə Bəşir adlı övladları doğulmuşdur. Tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlamışlar. xx.xx.2016-cı il tarxdə tərəflərin 3-cü övladı olan İsmayıl doğulmuşdur. Tərəflər arasında olan münasibətlər pisləşdiyindən, İddiaçı iddia tələbi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(005)-672/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(005)- 672/2022 saylı qətnaməsindən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və uşağın himayəyə verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2008-ci il tarixdə Qaradağ rayon Qeydiyyat Şöbəsində 969 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X3 atasının, xx.xx.2016-cı il təvəllüdlü X2 isə anasının yanında saxlanılmış, iddia qalan hissədə rədd edilmişdir. Tərəflər rəsmi nikaha daxil olmamışdan öncə, 14 iyun 2005-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 212,64 m2 ərazisi olan torpaq sahəsini satıcı X1 almışdır. Həmin torpaq sahəsində mübahisə edilən tikili inşa edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26 mart 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən həmin fərdi yaşayış evi Cavabdeh adına tam pay üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 548 saylı reyestr kitabının 51610 saylı vərəqində qeydiyyata alınmışdır. Həmin evin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2021-ci il tarixə bazar dəyəri 40.000 manat təşkil etmişdir. Bu barədə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq arayış verilmişdir. Fərdi yaşayış evinə dair həmçinin texniki pasport tərtib olunmuş, zəruri parametrlər qeyd olunmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 14 saylı Mediasiya Təşkilatının 14 sentyabr 2022-ci il tarixli MŞB/14-00061 saylı arayışından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək, 50 manat mediasiya, 10 manat poçt xərcərini ödəmişdir. İddiaçının iddia tələbləri aşağıdakılardan ibarətdir: - iddia ərizəsində sadalanan əşyaların cehiz əşyaları kimi, onlar mövcud olmadıqda dəyərlərinin cavabdehdən alınaraq ona qaytarılması; - fərdi yaşayış evinin ümumi birgə mülkiyyət kimi 1/2 hissəsinə pay hüququnun müəyyən edilməsi. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının cavabdehdən tələb etdiyi əşyalar iddiaçıya cehiz əşyaları kimi verilməmişdir. Həmin əşyalar birgə nikah dövründə alınmışdır və tərəflərin ümumi birgə mülkiyyətidir. İddiaçı qeyd olunan əşyaların tərəflər arasında payları bərabər olmaqla bölünməsini deyil, hamısının cavabdehdən alınaraq ona verilməsini tələb edir. Bu səbəbdən, iddia qeyd olunan hissədə təmin edilə bilməz. İddia - birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən mənzilin birgə mülkiyyət kimi onun 1/2 hissədə pay hüququnun müəyyən edilməsi tələbinə dair hissədə də təmin edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, fərdi yaşayış evi birgə nikah dövründə əvəzli şəkildə əldə olunmamışdır. Həmin fərdi yaşayış evi cavabdehin iddiaçı ilə rəsmi nikaha daxil olmamışdan öncə aldığı torpaq sahəsində inşa edilmişdir. Fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmədiyindən, yəni rəsmi nikah bağlanandan əvvəl inşa edildiyindən, həmçinin birgə nikah dövründə həmin evə əsaslı vəsait qoyulmadığından, birgə nikah dövründə əldə edilən əmlak kimi iddiaçının 1/2 hissədə pay hüququ tanına bilməz. Bu səbəbdən, İddiaçı Cavabdeh qarşı «cehiz əşyaların qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsi üzərində payının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «cehiz əşyaların qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsi üzərində payının müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat poçt xərci iddiaçıya aid edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, əşyaların yarısının və yaxud dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsi, həmçinin fərdi yaşayış evi üzərində mülki qanunvericiliyə müvafiq olaraq mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılması tələbi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əşyaların qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsi üzərində payının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat mediasiya xərci və 10 manat poçt xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar