Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3048/2025 11.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh9 oğlunun, Cavabdeh A.Qəribovun vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsi cavabdehlər Cavabdeh1, X2, Cavabdeh9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh3 qarşı «orderin etibarsız hesab edilməsi və mənzildən çıxarılma» tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsi Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Səngəçal-1 hərbi şəhərciyi, Qorki küçəsində yerləşən 25 nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil- İstismar hissəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş xx.xx.1996-cı il tarixli 21 nömrəli xidməti orderin etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh1, həyat yoldaşı X1, oğlu Cavabdeh9, oğlu Cavabdeh7, gəlini Cavabdeh8, nəvəsi Cavabdeh5, nəvəsi Cavabdeh6, gəlini Cavabdeh3, nəvəsi Cavabdeh2 Səngəçal-1 hərbi şəhərciyi, Qorki küçəsində yerləşən 25 nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X7 və X3 yetkinlik yaşına çatmayan ailə üzvlərinin hüquq və mənafelərinin qorunması məqsədilə onların qanuni nümayəndələri qismində mülki iş üzrə prosesə cəlb edilmişlər. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Səngəçal-1 hərbi şəhərciyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin balansındadır. Burada yerləşən bütün mənzillər xidmətidir və hərbçi ailələrinin yaşaması üçün nəzərdə tutulmuşdur. xx.xx.1996-cı il tarixdə Cavabdeh1 21 nömrəli xidməti order əsasında Səngəçal-1 hərbi şəhərciyində yerləşən 25 nömrəli Fin tipli ev verilmişdir. Daha sonra Cavabdeh1 Abşeron rayonu Məmmədli kəndi ev 2, 64 nömrəli mənzillə təmin olunmasına baxmayaraq ona verilmiş Səngəçal-1 hərbi şəhərciyində yerləşən 25 nömrəli Fin tipli evi Salyan rayon mənzil istismar hissəsinə təhvil verməmişdir. O, hal-hazırda həmin mənzildə yaşamır. Cavabdeh1 xidməti mənzili təhvil verməsi barədə dəfələrlə xəbərdarlıq olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbini əsassız və qanunsuz hesab edir. Belə ki, mübahisəli mənzil hüquqi vəziyyətinə görə xidməti mənzildir və ona (ailəsinə) hərbi hissədə xidmət etdiyinə görə verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi, özü tərəfindən tərtib edilmiş arayışa əsasən mübahisəli mənzil iddiaçının balansındadır. Lakin evin yerləşdiyi torpaq sahəsi Müdafiə Nazirliyinin deyil, bələdiyyənin balansındadır. Qeyd edir ki, 1992-ci ildən etibarən o, Müdafiə Nazirliyi N saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır, 2015-ci ilə qədər xidmət etmişdir və pensiyaya çıxmışdır. Hərbi xidmətçi kimi 4 nəfərdən ibarət olan ailəsinə Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin 14 oktyabr 1996-cı il tarixli orderi əsasında mübahisəli mənzil verilmişdir. Həmin tarixdə bu günə kimi, yəni 30 ildir ki, ailəsi mübahisəli evdə yaşayır. Bir neçə il bundan əvvəl alğı-satqı müqaviləsi əsasında özünə iki otaqlı mənzil almışdır. Qeyd edir ki, mübahisəli ev ona təhvil verilən zaman bərbad vəziyyətdə olmuşdur, evin taxtadan olan divarları əhəmiyyətli dərəcədə çürümüşdür, mənzil yaşamaq üçün yararsız vəziyyətdə olmuşdur, iddiaçı mənzilin istismarı ilə məşğul olmamışdır. Ona görə də, o, həmin mənzili əsaslı təmir etmişdir, buna görə külli miqdarda vəsait sərf etmişdir, yaşamaq üçün yararsız olan mənzili yararlı vəziyyətə salmışdır. Yaşadığı müddətdə isə mənzili vaxtaşırı təmin edərək evin mövcudluğunu təmin etmişdir. Əks halda ev çoxdan uçub dağılmışdı və hazırki mübahisəyə isə əsas qalmamış olardı. Mübahisənin hüquqi tərəfinə gəldikdə isə, iddiaçının tələbinin hüquqi əsası kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmişdir (2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi). Halbuki, qanunun tələbinə görə mübahisə həll edilərkən mülki münasibətlərin yarandığı zaman qüvvədə olan maddi normalara istinad edilməli və həmin normalar tətbiq edilməlidir. Yəni, hazırki mübahisəyə 1983-cü il tarixdə qəbul olunmuş Mənzil Məcəlləsinin normaları əsasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yaranmadığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mənzillə bağlı münasibətlər 1996-cı ildə yaranmışdır. Deməli, həmin zaman qüvvədə olan 1983-cü il tarixli Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən müəssisə, təşkilat və idarələrdə 9 ildən artıq xidmət etmiş şəxslər, habelə pensiyaya çıxmış şəxslərin xidməti mənzillərdən çıxarılmasına yol verilmir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli mənzil onun istifadəsinə verilən zaman (1996-cı il) onun ailəsi 4 nəfərdən ibarət olmuşdur. Hazırda onun ailəsi böyümüşdür və 13 nəfərdən ibarətdir. O, yeni, cəmi 2 otaqdan ibarət olan mənzil əldə etsə də, bu onun ailəsinin mənzil problemini həll etməmişdir. Onun uşaqları mübahisəli evdə doğulmuşlar, həmin evdə istifadə hüququ əldə etmişlər, həmin evdə böyüyüb həddi-büluğa çatmışlar, ailə qurub valideynlərindən ayrılmışlar. Onun keçmiş ailəsi hazırda da mübahisəli mənzildə yaşayır, həmin mənzili idarə edir və kommunal xərclərini ödəyirlər. Onlar mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün heç bir qanuni əsas yoxdur. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 yeni mənzil ilə 2018-ci ildə təmin edilmişdir. İddiaçı isə 7 il keçəndən sonra məhkəmə iddia ərizəsi vermiş və onun mənzildən çıxarılmasını tələb etmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı hüquqlarının pozulduğunu 2018-ci ildə bildiyi halda məhkəməyə yalnız 2024-cü ildə müraciət etmişdir. Yəni iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əmlaklar üçün müəyyən edilmiş 6 illik iddia müddətini keçirmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh1 adına verilmiş xx.xx.1996-cı il tarixdə 21 nömrəli xidməti orderin etibarsız sayılmasını tələb etmişdir. Bununla bağlı bildirir ki, orderin verilməsi zamanı qüvvədə olmuş 1983-cü il tarixli Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən mənzil sahəsinə dair verilmiş orderin etibarsız sayılması haqqında tələbi orderin verildiyi tarixdən 3 il müddətində verilə bilər. Göstərilənləri nəzərə alıb, Mülki Məcəllənin 372, 373, 375-ci, Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsaslanaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin vəkili Vəkil məhkəməyə iddia ərizəsinə etiraza əlavə təqdim edərək göstərmişdir ki, cavabdeh yeni mənzillə təmin olunarkən tərəflərin arasında razılaşma əldə olunmuşdur ki, köhnə mənzil də cavabdehin ailəsinin istifadəsində qalacaqdır. Cavabdehin köhnə evin Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsinə təhvil verilməsi barədə razılıq ərizəsi verməmişdir. Buna səbəb o olmuşdur ki, cavabdehin ailə üzvləri 13 nəfər şəxsdən ibarət olmuşdur və yeni mənzilin verilməsi onun ailəsinin mənzil problemini həll etmirdir. Bu hal işin faktiki halları ilə təsdiq olunur. Belə ki, 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli «Yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışdan müəyyən olunur ki, Səngəçal-1 hərbi şəhərciyi, Qorki küçəsində yerləşən 25 nömrəli evdə cavabdehin 9 nəfərdən ibarət ailə üzvü qeydiyyatdadırlar. Həm də nəzərə alınmalıdır ki, qeydiyyatda olanlar cavabdehin övladlarıdırlar və onların 4 nəfər uşaqları mübahisəli evdə doğulub bu günə kimi orada faktiki yaşasalar da, hələ qeydiyyat alınmayıblar. Göründüyü kimi, mübahisəli evdə faktiki olaraq cavabdehin 13 nəfərdən ibarət ailə üzvləri yaşayırlar. Göründüyü kimi, cavabdehin mənzil problemi həll edilməmiş qalmışdır: iddiaçının cavabdehə təqdim edilmiş yeni mənzilin yaşayış sahəsinin qanunla müəyyən edilmiş adambaşına düşən minimal yaşayış ölçülərindən qat-qat aşağıdır. Bu hal da iddia tələbinin rədd edilməsi üçün əlavə bir əsasdır. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu və iddia müddətinin ötürüldüyünü bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh A.Qəribovun vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu və iddia müddətinin ötürüldüyünü bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh9 oğlu məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu və iddia müddətinin ötürüldüyünü bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh9, cavabdeh A.Qəribovun vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1996-cı il tarixli 21 saylı xidməti order əsasında verilmiş Səngəçal-1 hərbi şəhərciyində yerləşən Qorki küçəsi Fin evi 25 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsinin təminatında olan Səngəçal-1 hərbi şəhərciyinin balansındadır. - xx.xx.2025-ci il tarixli 27/2-6114 saylı məktubundan görünür ki, vətəndaş Cavabdeh1 Müdafiə Nazirliyi tərəfindən ünvan 1 ünvanında dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin olunmuşdur. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair xidməti order Cavabdeh1 Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə (xx.xx.1996-cı il tarixdə) verilmişdir. Buna görə də, iddiaya həmin Məcəllənin müddəalarına əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixi Mənzil Məcəlləsinin 105-ci maddəsinə əsasən aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Göründüyü kimi maddi hüquq norması sadalanan şəxslərin digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılması qadağan olunur. Hazırki mülki iş üzrə tədqiq edilmiş sübutlardan görünür ki, Cavabdeh1 Dövlət hesabına digər yaşayış sahəsi ilə təmin edilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəf yaşayış sahəsi ilə təmin olunmasına baxmayaraq, xidməti evi boşaltmamaqla, qanunvericiliyin tələblərini pozmaqla yanaşı, xidməti mənzilə ehtiyacı olan hərbçilərin mənafeyinə xələl gətirir. Bu səbəbdən, Cavabdeh1 xidməti mənzildən çıxarılmamaması üçün qanuni əsas yoxdur. O, digər yaşayış sahəsi ilə təmin edildiyi üçün, yuxarıda istinad olunan maddi hüquq normasının təsiri altına düşmür. Digər yaşayış sahəsi ilə təmin edilən şəxsin adına verilmiş xidməti order də belə olduğu təqdirdə hüquqi baxımdan aktuallığını itirmiş olur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının xidməti orderin etibarsız hesab edilməsi və cavabdehlərin azyaşlı ailə üzvləri ilə mənzildən çıxarılmaları barədə tələbləri əsaslıdır. Hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh1 hüquqdan sui-istifadə halına yol vermişdir, bu hal davamlı xarakter daşıyır. Hüquqdan sui-istifadə halı davam etdiyindən, hazırki mülki iş üzrə iddia müddəti ötürülmüş hesab edilə bilməz. Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Göründüyü kimi, Cavabdeh1 digər yaşayış sahəsi ilə təmin edilməsinə baxmayaraq, ailə üzvləri ilə xidməti mənzili tərk etməyərək, Fin tipli xidməti yaşayış evini Salyan rayon mənzil istismar hissəsinə təhvil verməmiş, digər sözlə ifadə etdikdə hüquqdan sui-istifadə etmişdir, hazırda da bu hal davam etdiyindən iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsinin iddia tələbləri qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 verilmiş xx.xx.1996-cı il tarixli 21 saylı xidməti order etibarsız hesab edilməli, cavabdehlər yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə Səngəçal-1 hərbi şəhərciyi, Qorki küçəsində yerləşən 25 nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılmalı, həmin ev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsinə təhvil verilməlidir. İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göründüyü kimi, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 verilmiş xx.xx.1996-cı il tarixli 21 saylı xidməti order etibarsız hesab edilsin. Cavabdehlər yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə Səngəçal-1 hərbi şəhərciyi, Qorki küçəsində yerləşən 25 nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılsınlar. Həmin ev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil- İstismar Hissəsinə təhvil verilsin. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3048/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3048/2025
11.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver