Məhkəmə qərarları › İş №2(002)-313/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-313/2021

27.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-313/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, 150 saylı evinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, mənzil 150 mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh xx xxxxxx 2003cü il tarixdə qızı X1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Cavabdeh Beylaqan şəhərində yaşamaqla sonradan Bakı şəhərinə köçmüşlər. Cavabdehin Bakı şəhərində işə qəbul olunması üçün o cavabdehə 2006-cı ildə mülkiyyətində olan mənzilə qeydiyyata almışdır. Lakin cavabdeh ona məxsus evdə qeydiyyatda olsa da bir gün də olsun orada yaşamamış və ona məxsus mənzillə heç bir əlaqəsi olmamışdır. Hazırda cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ İ seriyalı 081839 nömrəli nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah xx.xx.2003-cü il tarixdə Qaradağ rayon VVADQ şöbəsində 612 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X7, X3 və Fəzzayev Möhübbət Heybət oğlu öz imzaları ilə təsdiq etmişlər ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, 150 saylı evində yaşamır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş daşınmaz əmlakın dövlət qeydiyyat haqqında sənəddən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, 150 saylı ev İddiaçı adınadır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon İH-nin Lökbatan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, 150 saylı evdə Cavabdeh 2006-cı ildə qeydiyyata düşmüşdür. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının adınadır. Cavabdeh 2006-cı ildən iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır və həmin evdə yaşamır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşamaması işin mübahisəsiz halıdır və iddia təmin edilərək cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında mövcud mübahisəli hüquq münasibətləri 2006-ci ildə yarandığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsinin normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını, mübahisəli evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya məxsus evə istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, 150 saylı evinə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, 150 saylı evinə olan istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar