Məhkəmə qərarları › İş №2(002)-3214/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3214/2022

19.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3214/2022 19.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı işəgötürənin xeyrinə işçidən borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı işəgötürənin xeyrinə işçidən borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh ümumilikdə 940,16 manat (doqquz yüz qırx manat on altı qəpik) məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, 08 iyul 2021-ci il tarixdən Cavabdeh “X5” MMC-də fəhlə vəzifəsində işləmiş, anbar və bazalarda yardımçı işləri, ərazi və yolların təmizlənməsi, sexlərin və meydançaların yığışdırılması, döşəmələri və pəncərələri yumaq işlərini görmüşdür. 01 iyul 2022-ci il tarixli əmrə əsasən Cavabdeh öz ərizəsi ilə işdən azad olunmuşdur. Cavabdeh işdən çıxdıqda son haqq-hesab tam şəkildə ona ödənilmişdir. Lakin cavabdeh işdən çıxandan sonra, mühasibatlıq tərəfindən səhvən yerinə yetirilən riyazi əməliyyat nəticəsində ona iyul ayı üçün 445,08 manat, avqust ayı üçün 445,08 manat pul ödənilmişdir. Cavabdehin borcunun ümumi miqdarı 890 (səkkiz yüz doxsan) manat 16 qəpik təşkil edir. Borcun əmələ gəlməsi bankın ödəniş cədvəli ilə təsdiq olunur. Mübahisəsiz borcun tutulması mümkün olmamışdır, çünki cavabdehlə dəfələrlə telefon danışıqlarının aparılmasına baxmayaraq bütün təkliflərdən imtina etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində Bakı 9 saylı Mediasiya təşkilatına məsələnin mübahisəsiz həlli üçün müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixində saat 15:30-da ilkin mediasiya sessiyası keçirilmiş, lakin bir daha razılığa gəlmək mümkün olmamışdır, cavabdeh borcu etiraf etsə də, onun qaytarılması şərtləri barədə razılığa gəlməmişlər. Mediasiyanın keçirilməsi üçün 40 (qırx) manat dövlət rüsümü, həmçinin 10 (on) manat kargüzarlıq xərcləri ödənilmişdir. Bu səbəbdən iddiaçı həmin məbləğdə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İddiaçı MMC-nə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, şirkətə fəhlə vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 24/21 saylı, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə “X7” MMC-nin baker qolunun fəhləsi vəzifəsinə işə qəbul edilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 41/17-21 saylı, xx.xx.2021ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də baker/fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 445 manat əmək haqqı ödənilir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də əmək müqaviləsi üzrə fəhlə vəzifəsində işləmişdir, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci ildir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, tutduğu fəhlə vəzifəsindən xx.xx.2022-ci il tarixdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 043/22 saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) baker qolunun fəhləsi Cavabdeh tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişi xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 5 saylı arayışdan görünür ki, İddiaçı MMC-nin sabiq işçisi Cavabdeh xx.xx.2022-ci il tarixində işinə xitam verilməsi ilə bağlı olaraq, aparılmış son haqqhesab xx.xx.2022-ci il tarixində AZ60NİCBO**********001A41010 nömrəli Yelo Bank hesabına 412,57 manat miqdarında köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4 saylı maliyyə arayışından görünür ki, İddiaçı MMCnin mühasibatlığında aparılmış səhv riyazi hesablamalar nəticəsində cəmiyyətin sabiq işçisi Cavabdeh vəzifəsindən azad edildikdən sonra (xx.xx.2022-ci il tarixli 043/2022 əmr) xx.xx.2022-ci il tarixində 445,08 manat, xx.xx.2022-ci il tarixində 445,08 manat, ümumilikdə 890,16 manat məbləğində artıq pul Yelo bankdakı AZ60NİCBO**********001A41010 nömrəli hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları üzrə çıxarışlardan görünür ki, Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə 445,08 manat, xx.xx.2022-ci il tarixdə 445,08 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 063/22 saylı əmrin surətindən görünür ki, İddiaçı MMC-nin mühasibi X4 ehtiyatsızlıqla səhvən yerinə yetirdiyi riyazi əməliyyatlar nəticəsində cəmiyyətin sabiq işçisi Cavabdeh hesablanan əmək haqqı faktı vəzifə səlahiyyətləri tələblərinin kobud şəkildə pozulması kimi təsbit edildiyindən, X6 etdiyi əmələ görə “töhmət” intizam tənbehinin verilməsi əmr edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, əmək müqaviləsinə xitam verildikdən və son haqq-hesab aparıldıqdan sonra cavabdehə xx.xx.2022-ci il tarixində 445,08 manat, xx.xx.2022-ci il tarixində 445,08 manat məbləğində pul köçürülmüş, qeyd olunan köçürmələr aparıldığı zaman tərəflər arasında əmək münasibətləri mövcud olmadığından həmin məbləğlərin köçürülməsi üçün heç bir qanuni əsas olmamışdır. Ona görə də, məhkəmə müəyyən edir ki, iddia tələbi 890,16 (445,08+445,08) manat borcun, habelə 40 manat mediasiya xərcinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Buna baxmayaraq, kargüzarlıq xərcləri üçün 10 (on) manat məbləğində pulun iddiaçı tərəfindən ödənildiyi sübuta yetirilmədiyindən, həmin hissədə iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 930,16 manat (doqquz yüz otuz manat on altı qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı “X5” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar