Məhkəmə qərarları › İş №2(002)-3300/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3300/2025

26.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3300/2025 26.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmrlərin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə onun barəsində əmək müqaviləsi formasında xx.xx.2024-cü il tarixdə ekologiya üzrə mühəndis vəzifəsinə qəbul edilməsi və elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə sözügedən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad edilməklə xitam verilməsi barədə əmrin ləğv edilməsi; mediasiya prosesinin aparılması üçün ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC tərəfindən ona məlum olmayan şərait və səbəbdən, o, xx.xx.2024-cü il tarixdə ekologiya üzrə mühəndis vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş və əmək müqaviləsi bağlanmışdır. Lakin onun bunların heç birindən ümumiyyətlə xəbəri olmamışdır, nə də o, belə bir MMC-ni və MMC-nin rəhbərliyini tanımır. Bu yaxınlarda başqa bir iş yerinə işə düzələn zaman ona sistemdə adına belə bir xitam verilmiş əmək müqaviləsi olduğu, xüsusi ilə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə müqaviləsinə xitam verildiyi bildirilmişdir. Eyni səbəbə görə ona bir neçə iş yerindən işə qəbul edilməsindən imtina olunmuşdur. İşin maraqlı halı budur ki, o, həmin MMC-də müddətsiz əmək müqaviləsi formasında xx.xx.2024-cü il tarixdə ekologiya üzrə mühəndis vəzifəsinə qəbul edilsə də, elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə ilə xitam verilməsi barədə əmr verilmişdir. O, dəfələrlə həmin MMC ilə əlaqə saxlamağa cəhd etsə də, sözügedən əmrin ona rəsmi şəkildə təqdim edilməsini xahiş etsə də, əmri ona təqdim etməkdən boyun qaçırırlar. Sözügedən MMC ilə heç bir əlaqəsi olmadığı və ümumiyyətlə bu müəssisə ilə arasında hər hansı əmək müqaviləsinin bağlanmasından xəbəri olmadığı halda, necə ola bilər ki, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya bu öhdəliklərin məhz kobud şəkildə pozulması əsası ilə həmin əmək müqaviləsinə xitam verilsin. Nəzərə alınmalıdır ki, onun ümumiyyətlə belə bir müəssisə ilə hər hansı əmək münasibətlərində olmamışdır və həmçinin əmək müqaviləsinin mövcudluğundan xəbəri belə olmamışdır. Onun bu müəsissisə ilə bir gün belə olsun heç bir formada əlaqəsi mövcud olmayıb, necə ola bilər ki, onun tərəfindən həmin müəssisənin bir işçi kimi öz funksiyasının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməməsinə görə işin normal ahəngi pozulmuş olsun, yaxud işəgötürənin, əmək kollektivinin, yaxud həmin kollektivin ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hesab edir ki, ilk növbədə məhkəmə baxışı zamanı bu kimi nüanslar araşdırılmalı və onun barəsində yol verilmiş qanun pozuntusu aradan qaldırılmalıdır. Öncəki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh MMC müvafiq qaydada qeydiyyata alınmış, MMC-yə ********** saylı VÖEN verilmişdir. İddiaçı razılığı və məlumatı olmadan onunla Cavabdeh MMC arasında xx.xx.2024cü il tarixdə əmək müqaviləsi bağlanması və həmin əmək müqaviləsinə eyni tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi barədə mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Həmin əmrlərin surətləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, eləcə də, əmrlərin təsdiq olunmuş surətləri cavabdeh tərəfindən məhkəməyə göndərilməmişdir. Qeyd olunmalıdır ki, bir şəxsin buna razılı və xəbəri olmadan əmək müqaviləsi bağlanmaqla işə qəbul edilməsi və elə həmin gün digər əmrlə bağlanması qeyd olunan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi həmin əmrlərin qanunsuz və formal olaraq bağlandığını göstərir. Belə ki, əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilsə də, bu müqavilənin bağlanmasına dair iddiaçının real nəticə yaratmağa yönələn iradə ifadəsi olmamışdır. Həmçinin əmək müqaviləsinə eyni gündə iddiaçının xəbəri olmadan xitam verilməsi də göstərir ki, müqavilə özündə göstərilən hüquqi nəticələri yaratmağa yönəlməmiş, formal xarakter daşımışdır. Bununla yanaşı əmək müqaviləsinin bağlandığı gündə işçinin əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi əsası ilə işəgötürən tərəfindən müqaviləyə xitam verilməsi ağlabatan olmamamqla yanaşı, əmək müqaviləsinin də real mahiyyətinin olmadığını sübut edir. Əmək müqaviləsi etibarsız olduğundan sözügedən müqaviləyə xitam verilməsilə bağlı işəgötürənin əmri ləğv edilməlidir. Faktiki əməmk münasibətləri mövcud deyildirsə bu münasibətlərə xitam verilməsinə dair əmrin də heç bir hüquqi əsası olmayacaqdır. Qeyd olunan əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edildiyindən, iddiaçının hazırda əmək hüquqları kobud şəkildə pozulur. İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlasa da, bunun heç bir nəticəsi olmamışdır. İddiaçı yaranmış mübahisənin həll edilməsi üçün öncə mediasiya təşkilatına müraciət etmişdir. Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/10/2025-00383 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə, saat 14:00-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt və kargüzarlıq xərci ödənilmişdir. Bununla yanaşı, əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsinə dair bildirişin elektron sistemə daxil edilməsi iddiaçının konstitusion hüququ olan əmək hüququnun məhdudlaşmasına səbəb olur. Belə ki, iddiaçı əməmk hüququnu həyata keçirmək üçün hər hansı işəgötürənənə (dövlət orqanları və ya özəl müəssisələrə) müraciət etdikdə əmək funksiyalarinin yerinə yetirilməməsi əsası ilə onun əmək müqaviləsinə xitam verilməsi qarşı tərəfdə onun barəsində əmək intizamının aşağı olması barədə fikir formalaşdırcaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı buraxılmış iddia müddətinin üzrlü hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddianın qeyd edilən ərizəni verməsinə səbəb, hazırki iş üzrə iddia müddətini ötürməsini zənn etməsi olmuşdur. Lakin məhkəmə vurğulayır ki, iddiaçı tərəfindən hazırki mübahisə üzrə iddia müddətinin ötürülməsi halına yol verilməmişdir. Belə ki, mübahisələndirilən əmrlərin surətləri rəsmi şəkildə iddiaçıya təqdim olunmamışdır. Ona görə də, iddia müddətinin ötürülməsi halına yol verilmədiyindən, buraxılmış müddətin üzrlü hesab edilib bərpa edilməsi də mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanması qeyd olunan 29 iyun 2024-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilməli; həmin əmək müqaviləsinin bağlanması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər ləğv edilməli; əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanması qeyd olunan 29 iyun 2024-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. Əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar