Məhkəmə qərarları › İş №2(002)-3303/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3303/2025

01.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3303/2025 01.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu uşaqları ilə birlikdə birgə nikah dövründə inşa etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 1 saylı fərdi yaşayış evinə köçürülməyi və dövlət rüsumu üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahış etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır, o Cavabdeh ilə 01 aprel 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan üç uşağı doğulmuşdur. Cavabdehlə birgə nikahda olduğu müddətdə 19 aprel 2016-cı il tarixdə etibarnamə əsasında X1 xx.xx.1993-cü il tarixli 1854 saylı sərəncamla verilmiş Lökbatan qəsəbəsində 600 kv.m sahəli torpaq sahəsini almış və həmin torpaq sahəsində ikimərtəbəli fərdi yaşayış evi tikərək 2018-ci ildə həmin evə köçüb yaşamışlar. Hazırda onların birgə nikah dövründə əldə etdiyi əmlak, eləcə də onun şəxsi əşyaları həmin evdə yerləşdirilmişdir. Cavabdehlə aralarında olan narazılığa görə nikahı Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə aralarında olan nikah pozulduqdan sonra cavabdeh onu və uşaqların həmin evdən qovmuşdur və hazırda kirayədə yaşamaq məcburiyyətindədir. Həmin ev qanunsuz tikili olmaqla birgə nikah dövründə tikdirmişlər. Ona məxsus əşyalar həmin evdə olsa da cavabdeh hazırda onu evə buraxmır. Həmin evə onun yeganə yaşayış yeridir və başqa yerdə qalmağa evi yoxdur. Cavabdeh onu yaşadığı evə buraxmadığından onun qanunla qorunan hüquqlarını pozur və onun öz evindən istifadə etməyinə imkan vermir. Mübahisəli ev birgə nikah dövründə inşa edilsə də mülkiyyət hüququ təsdiq edən sənədi olmadığından özbaşına tikili sayılır. Mübahisəli ev onların yaşayış yeri olmuş, hazırda cavabdeh həmin evdə yaşamaqla istifadə edir. Lakin onun evdə yaşamağına imkan vermir. Cavabdeh mübahisəli tikiliyə onunla birlikdə eyni hüquqa malikdir. Onun hazırda köçmək istədiyi yaşayış sahəsindən başqa onun yaşayış evi yoxdur. Bu səbəbdən dən cavabdehin onun evdə yaşamağına mane olması əsassız və qanunsuzdur. Bərabərlik prinsipinə uyğun olaraq onun da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Evin bütün kommunal xidmətləri cavabdehin adınadır və bununla bağlı sənədlərin surətini də ərizəyə əlavə edir. İddiaçı məhkəmə iclasında izahatında qeyd etdi ki, iddianı müdafiə edir, cavabdeh ilə boşanmışdır. Torpaq 2016-cı ildə alınıb, evdə 2016-cı ildə tikilmişdir. 2018-ci ildə həmin mənzilə köçüb. Evi bir yerdə tikmiş və 2022-ci ildə evdən çıxmışdır. Torpağı etibarnamə ilə Altaydan almışdır. Evin tikintisi zamanı bankdan dostunun adına kredit götürüldü və uşaqlara toy edərək pul yığmışdılar. Ev ikimərtəbəli, yuxarı 4 otaq, aşağı 2 obyektdən ibarətdir. Özü hal-hazırda kirayədə yaşayır, xəstədir, 2 əməliyyat keçirmişdir. Uşaqları 139 №-li məktəbdə oxuyur. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək bildirdi ki, o hal-hazırda Lənkəran şəhərində yaşayır, burda onun evi yoxdur. Qeyd edilən mənzil dostu Aqil Mamayevindir. O hal-hazırda xarici ölkədə yaşadığı üçün evin kommunalları onun adına rəsmiləşdirilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1854 №-li sərəncamına əsasən, Sahil qəsəbəsi, Sahil küçəsi 41№-li ev 9 №-li mənzil sakini X2 fərdi yaşayış evi tikdirməsi üçün Bakı şəhər İH-in 1983№-li xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Lökbatan qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 kv.m ayrılıb verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı cavab Cavabdeh arasında olan ailə mübahisəsinin həlli üçün ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli AZ-İ 451206 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh Rafik oğlu ilə X4 arasında nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2334/2023 saylı məhkmə qətnaməsi ilə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-in bildirişindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 1 saylı fərdi yaşayış evinin abonent kartı Cavabdeh adınadır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından, tərəflərin məhkəmə iclasındakı izahatlarından görünür ki, tərəflər arasında nikah pozulmuş və birgə nikahdan olan uşaqlar iddiaçının himayəsindıədir. Mübahisəli ev tərəflərin birgə nikah dövründə tikilmiş özbaşına tikilidir, iddiaçı və cavabdeh həmin evdə qeydiyyatsız yaşayıblar. Sonradan cavabdeh tərəfindən iddiaçının uşaqları ilə birlikdə həmin evdə yaşamağına və istifadə edilməsinə müəyyən maneələr yaradılmışdır. Hazırda iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməyini tələb edir, cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməsinə etiraz etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək qeyd edir ki iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, hazıki vəziyyətə iddiçının yaşadığı yerdən məhrum edilməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahublik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli ev tərəflərin birgə nikah dövründə tikilmiş özbaşına tikili olduğundan odur ki, birgə nikah dövründə əldə edilmiş əşyaya dair İddiaçı da cavabdehlə eyni həcmdə hüquqi gözləntisi, əşyadan istifadə etmək və sahiblik hüququ vardır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzildə yaşamaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malikdir.Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının həmin evdən istifadə etməsinə, yaşamasına maneələr törədilir. Bu hal isə iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də, iddia təmin edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanuna əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (azyaşlı övladları-xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 1 saylı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 67-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 67-1.2-ci maddəsinə əsasən birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 67-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. İddiaçı hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Nümayəndə ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. İddiaçı tərəfində ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 50 manat ödənilmiş mediasiya xərcinin əvəzi iddia tələbi təmin edildiyindən Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı (azyaşlı övladları-xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 1 saylı fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 50 manat ödənilmiş mediasiya xərcinin əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Nümayəndə ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar