Məhkəmə qərarları › İş №2(002)-335/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-335/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-335/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X2, iddiaçının etibarnamə üzrə digər səlahiyyətli nümayəndəsi X8, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və həmin fərdi yaşayış evinə köçürülmə tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 mənzil 5a ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 mənzil 5a ünvanında yerləşən fərdi yaşayış evindən azyaşlı övladları ilə birlikdə çıxarılaraq mənzilin boşaldılması və iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X11 izahat verərək bildirdi ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiyi torpaq sahəsində öz vəsaiti hesabına inşa etdirdiyi tikilidən ibarətdir, həmin evin cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994-cü il tarixli 1337 saylı sərəncamı ilə Sahil qəsəbəsi, Şimal keçidi, ev 14, mənzil 5-də yaşayan iddiaçının həyat yoldaşı Fazil Qədirova yaşadığı evin həyətində qaraj tikintisinə icazə verilmişdir. İddiaçı həyat yoldaşı ilə birgə həmin yerdə mübahisəli yaşayış evinin tikintisinə başlamış, tikilinin müəyyən hissəsi inşa edildikdən sonra 2007-ci ildə iddiaçının həyat yoldaşı Qədirov Fazil vəfat etmişdir. İddiaçı tikilinin layihəsinin razılaşdırılması üçün özü 2009-cu ildə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı tərəfindən fərdi yaşayış evinin yekun tikintisi təqribən 2011-2012-ci illərdə tamamlanmış, tikinti xərcləri iddiaçının özü tərəfindən ödənilmiş, hətta iddiaçı Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanındakı mənzilini sataraq həmin evin təmirinə vəsait xərcləmişdir. Tikinti işlərinə övladları Tural və Amid də kömək etmişlər. Cavabdehin və qohumlarının isə evin tikintisində hər hansı rolu və iştirakı olmamışdır. Belə ki, iddiaçının oğlu Qədirov Tural cavabdeh ilə 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçərək evlənmiş, cavabdeh gəlin kimi Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanına köçmüşdür. Fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra iddiaçı oğlu Turalın ailəsi ilə birgə həmin evdə onunla birlikdə yaşamasına icazə vermişdir. Lakin 2014-cü ildə Tural və cavabdeh boşanmışlar, cavabdeh isə iddiaçıya məxsus evdə qanunsuz olaraq yaşamağa davam etmişdir. Cavabdeh ilə münasibətləri pozulduğundan iddiaçı digər oğluna məxsus evdə yaşamağa məcbur olmuşdur. Lakin hazırda iddiaçı özünə məxsus olan evə köçüb yaşamaq istəyir, eyni zamanda üç otaqlı yaşayış evinə qanunsuz sahiblik edən cavabdehin oradan çıxarılmasını tələb edir. Mübahisəli ev özbaşına tikili kimi Sahil Bələdiyyəsində iddiaçının adına qeydə alınmışdır, əmlak və torpaq vergiləri də iddiaçı tərəfindən ödənilir. İddiaçının özünə məxsus evdən istifadə etməsi cavabdeh tərəfindən əngəlləndiyindən, iddiaçının mülkiyyət və mənzil hüquqları pozulmuşdur. Halbuki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən heç bir formada istifadə hüququ yoxdur. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və hazırda iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı digər etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X18 iddiaçının nümayəndəsi və vəkili X2 izahatına uyğun izahat verdi və iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddia tələblərinə etiraz edərək izahatında bildirdi ki, o, iddiaçının oğlu Qədirov Tural ilə xx xxxxxxxx 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək evlənmiş, birgə nikahdan iki uşaqları doğulmuşdur. İlk dəfə gəlin kimi ünvan 1 mənzil 5 ünvanına köçmüşdür, sonra bir müddət kirayədə yaşamışlar, nəhayət 2011-ci ildə həyat yoldaşı Turalla birgə mübahisəsi gedən özbaşına evin tikintisinə başlamışlar. Həmin evin tikintisi üçün o, öz qızıllarını satmışdır, həmçinin anası 1000 manat, dayısı və xalasının əri hər biri 500 manat maddi yardım göstərmişlər, qardaşı da evin tikintisində şəxsən iştirak etmişdir, ev özünün və həyat yoldaşı Turalın zəhməti və vəsaiti hesabına inşa edilmişdir. Mübahisəli ev həqiqətən mərhum qaynatasına qaraj üçün ayrılmış yerdə inşa edilmişdir, orada müəyyən tikililər olsa da evin yaşayış üçün tam hazır vəziyyətə gətirilməsi 2011-2012-ci illərdə həyata keçirilmişdir. Həmin özbaşına tikili tikildikdən sonra o, ailəsi ilə birlikdə oraya köçüb yaşamış və bu günə kimi bütün kommunal xərcləri öz anası ödəmişdir. İddia ərizəsində mübahisəli evin iddiaçının mülkiyyətində olduğu qeyd edilsə də, fərdi yaşayış evi özbaşına tikili olduğundan həmin evin iddiaçının mülkiyyətində olmasını təsdiq edən sənəd yoxdur. İddiaçı ünvan 1 mənzil 5-i sataraq, bu evin yox, başqa yerdə iki mərtəbəli evin tikintisinə sərf etmişdir və hazırda da orada yaşayır. Bundan əlavə, iddiaçı tərəfin qeydiyyatda olduğu, Turalın adına olan mənzil də satılaraq iki mərtəbəli evin tikintisinə sərf edilmişdir. İddiaçının yaşayış üçün kifayət qədər geniş yeri vardır. Lakin onun özünün azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa heç bir yeri yoxdur, özü işləmir, qeydiyyatda olduğu valideynlərinə məxsus ev isə olduqca darısqaldır, uşaqları ilə birlikdə orada yaşaması mümkünsüzdür. Bundan əlavə qeyd edir ki, hazırda iddia ərizəsinin verilməsi onun Qədirov Turaldan aliment tələb etməsi ilə bağlıdır. Belə ki, aliment tələb etmədiyi dövrdə onun evdə yaşamasına iddiaçı etiraz etməmiş, lakin aliment təyin edildikdən dərhal sonra iddia qaldırmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbləri tamamilə əsassızdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 Cavabdeh izahatına uyğun izahat verdi və iddia tələblərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X20 ifadə verərək bildirdi ki, o, mərhum Qədirov Fazilin qonşusudur. Mübahisəli evin bünövrəsinin hazırlanması, tikintisi tamamilə mərhum Qədirov Fazil və həyat yoldaşı İddiaçı tərəfindən həyata keçirilmişdir. Fazil həmin evi Turala yox, özü üçün tikirdi. Qəsəbə sakinlərinin əksəriyyəti təsdiq edər ki, evin tikintisi üçün bütün zəhməti Fazil və Nazilə çəkiblər. Hətta evin xərclərini qarşılamaq üçün İddiaçı tərəfindən iki otaqlı mənzil satılmışdır. Tural və Fərqanənin evin tikintisi üçün usta gətirdiyini görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X23 ifadə verərək bildirdi ki, Cavabdeh onun baldızının qızıdır. Sözügeden yaşayış evinin yerləşdiyi yer Turalın atası Fazilə məxsus qaraj yeri olub, yarımçıq tikili vəziyyətində olmuşdur. 2011-2012-ci illərdə Tural zəng vuraraq polisin tikinti işlərini dayandırdığını bildirmiş və ondan kömək etməsini xahiş etmişdir. Həmin dövrdə tikintinin davam etməsinə kömək edib. Fərqanənin qardaşının tikintiyə kömək etdiyinin də şahidi olub, Fərqanənin başqa qohumları da kömək edib. Lakin evin tikinti xərclərinin ödənilməsi üçün cavabdehin qızıllarını satmağından xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, Cavabdeh onun bacısıdır. Sözügeden yerdə əvvəllər qaraj olub, 2011-2012-ci illərdə evin tikintisi aparılıb, Fərqanənin xahişi ilə həmin fərdi yaşayış evinin tikintisinə kömək edib. Belə ki, daşları həyətə yığıb, damın tikintisində iştirak edib. Fərqanənin həmin evin tikintisi üçün qızıllarını satdığını indi özündən eşitmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı hesab olunaraq qiasmən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994-cü il tarixli 1337 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsi, Şimal keçidi ev 14, mənzil 5-də yaşayan X10 yaşadığı evin həyətində köhnədən tikilmiş 6x6 ölçüdə binanı təmir edib qaraj kimi istifadəsinə icazə verilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2009-cu il tarixli məktubun surətindən görünür ki, ondan eskiz layihəsini rayon İcra Hakimiyyətinə təqdim etməsi xahiş edilmişdir. İş materiallarında olan torpaq və əmlak vergiləri üzrə xx.xx.2020-ci il tarixli tədiyyə bildirişindən görünür ki, İddiaçı Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5a üçün 51,9 manat məbləğində vergi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı – hökümət ödəniş portalı üzrə qəbzlərdən görünür ki, bələdiyyə əmlak vergisi və bələdiyyə torpaq vergisi xidmətlərinə görə İddiaçı ödəniş etmişdir. İş materiallarında olan Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, SB-115 saylı arayışdan görünür ki, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanında yerləşən 1 mərtəbəli 200 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı Qədir qızının özünə məxsusdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilən xx.xx.2017-cı il tarixli arayışdan və cədvəldən görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi sakini X24 ilə bağlanmış müqaviləyə əsasən ona məxsus daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrinin müəyyənləşdirilməsi aparılmışdır. Belə ki, aparılan təhlil və hesablamalar evin yaşayış sahəsinin 200 kv.m, qeyri-yaşayış sahəsinin 30.0 kv.m olduğunu göstərmişdir. Bu sənəd yerli bələdiyyə vergiləri üçün istifadə olunur. İş materiallarında olan 119 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 568 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, 2 saylı evin 45 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbəsindəki Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən həyət evində qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri 45 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş X9, X6, X4 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, onlar xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh yaxından tanıyırlar. Cavabdeh 2010-cu ildə ünvan 2 mənzil 5 ünvanına gəlin köçmüşdür. xx.xx.2013-cü il tarixdə həmin binanın həyətində tikilmiş evə köçmüşdür. Cavabdeh 2014-cü ildə həyat yoldaşı X24 ilə boşanmışdır, həmin vaxtdan bu günə kimi azyaşlı uşaqları X21 və X22 ilə birlikdə Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2476/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X24 ilə Cavabdeh arasında xx xxxxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində 733 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx xxxxxxxx 2011-ci il təvəllüdlü X12 və xx xxxxxx 2012-ci il təvəllüdlü X13 iddiaçı Cavabdeh ilə qalması qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 783539 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx xxxxxxxx 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qədirli Məsumənin atası X24, anası Cavabdehdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 037553 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qədirli Zeynəbin atası X24, anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1524/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxx 2020-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün X14 hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan kommunal xidmətlərlə (işıq, su,) bağlı qəbzlərdən görünür ki, mübahisəli evlə bağlı kommunal xidmətlər üzrə abonent qismində Qədirov Tural qeyd olunmuş və kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan AZ-İ No 271665 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxxxx 2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2007-ci il tarixində 459 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzil X16 xüsusi mülkiyyətindədir və bu barədə 139 nömrəli reyestr kitabının 13057 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, SB-05/11 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin xx.xx.2019-cu il tarixli 37 nömrəli Sərəncamına dair xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar Sahil qəsəbəsi (yaşayış massivi) üzrə 2000-ci ilədək tikilmiş, lakin rəsmiləşdirilməmiş fərdi yaşayış evlərinin Sahil Bələdiyyəsi tərəfindən qeydiyyatı aparılmışdır. Vətəndaş İddiaçı Qədir qızı xx.xx.2020-ci il tarixdə öz tikdirdiyi qanunsuz tikilini qeydiyyatsız kimi Sahil Bələdiyyəsində qeydiyyatdan keçirmiş və 2020-2021-ci illər üçün əmlak və torpaq vergisini ödəmişdir. Vətəndaş İddiaçı Qədir qızının mərhum həyat yoldaşı X7 yaşadığı evin həyətində köhnədən tikilmiş 6x6 m ölçüdə binanı təmir edib qaraj kimi istifadə etməsinə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1337 saylı Sərəncamına əsasən icazə verilmişdir. Sonradan qaraj sahəsi ətrafında əlavə tikinti işləri apararaq fərdi yaşayış evi kimi istifadə etmişdir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin, onların nümayəndələrinin izahatlarına, şahidlərin ifadələrinə, yazılı sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, mübahisəli yaşayış evi faktiki olaraq Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994-cü il tarixli 1337 saylı sərəncamına əsasən iddiaçının mərhum həyat yoldaşına qaraj tikintisi üçün ayrılmış yerdə inşa edilmişdir və hazırda özbaşına tikili olmaqla hüquqmüəyyənedici sənədi yoxdur. Tərəflərin həmin evlə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna baxmayaraq, mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına və qonşuların notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən müəyyən olunur ki, həmin ev cavabdehin uşaqları ilə birlikdə faktiki yaşayış yeri olmuşdur. Həmçinin, şahidlərin (A.Cavadov, İ.Nəcəfzadə) ifadələrinə əsasən cavabdehin evin tikintisində iştirakı, kommunal ödəniş qəbzlərinə, “xxxx” MMC tərəfindən tərtib edilən arayışa əsasən cavabdehin keçmiş ərinin tikiliyə aidiyyəti nəzərə alınmaqla, cavabdehin uşaqları ilə birlikdə mübahisəli yaşayış evindən çıxarılması tələbi əsassız və ədalətsiz hesab olunmalıdır. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edildi ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994-cü il tarixli 1337 saylı sərəncamı, mübahisəli tikilinin yeri, Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli məktubuna və şahid ifadəsinə (S.Muradov) əsasən tikinti və layihələndirmə işlərində iddiaçının iştirakı, Sahil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, SB-115 saylı arayışına, tədiyyə bildirişinə və xx.xx.2021-ci il tarixli, SB-05/11 saylı məktubuna əsasən özbaşına tikilinin müvafiq ərazi üzrə bələdiyyədə onun adına qeydiyyata alınmaqla torpaq və əmlak vergilərinin tərəfindən ödənilməsi, habelə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvandan məhrum olmaqla hazırda qeydiyyatda olmadığı başqa ünvanda yaşaması halları nəzərə alınaraq, iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikahda olduğu dövrdə inşası başlanmış mübahisəli evdə yaşayış hüququ təmin olunmalı və iddia tələbi evə köçürülmə hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 mənzil 5a ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar