Məhkəmə qərarları › İş №2(002)-3509/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3509/2023

16.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3509/2023 16.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, iddiaçı Qaradağ rayon Lökbatan Bələdiyyəsinin cavabdeh “Nizami-AS” kiçik müəssisəsinə qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması, özbaşına inşa etdiyi tikilinin öz hesabına sökülməsi və torpaq sahəsinin təyinatına uyğun istifadə etməməsi barədə tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Qaradağ rayon Lökbatan Bələdiyyəsi cavabdeh “Nizami-AS” kiçik müəssisəsinə qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması, özbaşına inşa etdiyi tikilinin öz hesabına sökülməsi və torpaq sahəsinin təyinatına uyğun istifadə etməməsi barədə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Qaradağ rayon Lökbatan Bələdiyyəsinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini tədqiq edərkən müəyyən etmişdir ki, həm iddia ərizəsinə, həm də Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (e-taxes.gov.az) mövcud olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, cavabdeh “Nizami- AS” kiçik müəssisəsinin hüquqi ünvanının ünvan 2 edilmişdir. Belə olan halda, hazırda iddia ərizəsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsində cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qanuni qüvvəyə minmiş qətnamələrin olduğu qeyd olunsa da, həmin qətnamələrin surətləri tam şəkildə iddia ərizəsinə əlavə edilməmiş, bu səbəbdən Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinin tələblərinin araşdırılması mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Qaradağ rayon Lökbatan Bələdiyyəsinin cavabdeh “Nizami-AS” kiçik müəssisəsinə qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması, özbaşına inşa etdiyi tikilinin öz hesabına sökülməsi və torpaq sahəsinin təyinatına uyğun istifadə etməməsi barədə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Qaradağ rayon Lökbatan Bələdiyyəsinə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar