Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3566/2025 25.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Əliyev X3 rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - 19 sentyabr 1985-ci il təvəllüdlü X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.1985-ci il təvəllüdlü X4 2012ci ildə işə düzəlmək adı ilə adını bilmədiyi xarici ölkəyə getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxtdan bəri oğlu N.Ərizəçi heç bir xəbər ala bilməmişlər. Oğlu Ərizəçi L.Əliyeva ilə birgə nikahda olmuşdur. Lakin L.Əliyeva vəfat etmişdir. Qeyd edir ki, hal hazırda Bərdə rayon Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmışdır. Oğlunun ölmüş elan edilməsi və nəticə etibarı ilə ölüm haqqında şəhadətnamənin alınması ona həmin vərəsəlik işi üçün zəruridir. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsi məhkəməyə 14 noyabr 2025-ci il tarixli məktubla müraciət edərək, iş yükünün çoxluğunun nəzərə alınaraq Ərizəçi tələbinə dair iş üzrə məhkəmə baxışı iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubu nəzərə alaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1985-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur. - Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı, polis kapitanı Nicat Qasımovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Ərizəçi müraciəti əsasında toplanmış HK-1/1594 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən X2 tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi məqsədi ilə qərarın surəti axtarış işi açılması üçün Səbail RPİ-nin CAŞ-nə göndərilməsinə dair qərar verilmişdir. Həmin qərardan göründüyü kimi, ərizəçi hazırda məhkəməyə təqdim etdiyi ərizəsində oğlunun işləmək üçün adını bilmədiyi ölkəyə getdiyini bildirsə də, hüquqmühafizə orqanına verdiyi izahatda bildirmişdir ki, «xx.xx.1985-ci il təvəllüdlü oğlu X4 xx.xx.2013-cü il tarixdə işləmək üçün yaşadıqları ünvandan çıxaraq Gürcüstan Respublikasına getmişdir. Getdiyi gündən təxminən 3-4 ay ərzində onlarla telefon əlaqəsi saxlamışdır. Axırıncı dəfə danışarkən Türkiyə Respublikasında olduğunu və işlədiyini bildirmişdir. Sonuncu danışıqdan sonra Nicatdan bir xəbər ala bilməmişdir. Eşitdiyinə görə Nicat Suriyadadır, amma onun tam məlumatı yoxdur». Məhkəmə qeyd edir ki, ərizəçi oğlunun Suriya dövlətinin ərazisində olduğunu kimdən, yaxud kimlərdən eşitdiyini hüquq-mühafizə orqanına bildirməmişdir. Halbuki bu, hüquq-mühafizə orqanının araşdırmasına kömək etmiş olardı. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 01 oktyabr 2025-ci il tarixli 3-38-33/2-3839/2025 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2013-cü il tarixdən ölkə ərazisini tərk etməsinə dair məlumat qeydə alınmışdır. - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-1054/15 saylı məktubundan görünür ki, Ərizəçi X2 adına ölüm haqqında şəhadətnamənin alınması barədə müraciətinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - xx.xx.2025-ci il tarixli 26877 saylı ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan 6 altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinin tələbinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 19 sentyabr 1985-ci il təvəllüdlü X2 bədbəxt hadisə, təbii fəlakət, müharibə və s. bu kimi səbəblərdən öldüyünü güman etmək üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdən etibarən şəxs barəsində axtarış işinin aparılmasına dair tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bundan öncə isə şəxsin axtarılması və yerinin müəyyən edilməsi ilə bağlı daxili işlər orqanılarına müraciət edilməmiş və şəxsin tapılması ilə bağlı hər hansı tədbir həyata keçirilməmişdir. Nəzərə alınmalıdır ki, yaxın müddət ərzində daxili işlər orqanlarına müraciət edilmiş və şəxs barəsində axtarış işi açılmışdır. Müvafiq orqanın icraatında yaxın müddətdə açılmış axtarış işi nəticələnmədən şəxsin ölmüş elan edilməsi haqqında qərarın qəbul edilməsi məqsədəuyğun hesab edilə bilməz. Çünki səlahiyyətli orqan tərəfindən şəxsin uzun müddət axtarışının həyata keçirilməsi heç bir nəticə verməyəcəyi halda onun ölmüş olma ehtimalı ortaya çıxa bilər. Uzun müddət ailə üzvləri ilə əlaqənin olmaması şəxsin ölmüş hesab edilməsi üçün müstəqil səbəb olaraq qiymətləndirlə bilməz, yalnız digər tədbirlərin nəticə verməməsi ilə birlikdə qiymətləndirilə bilər. Digər tərəfdən şəxsdən xəbər alınmaması birbaşa olaraq onun ölməsinə işarə verən hal deyil. Bundan başqa, ərizəçinin oğlunun Suriya ərazisində olmasını eşitməsi barədə hüquq-mühafizə orqanına bildirdiyi məsələ ilə əlaqədar məhkəmə qeyd edir ki, şayiə, uydurma, əsası olmayan xəbərlər vətəndaşın Suriya dövlətinin ərazisində olmasını təsdiq etmir. Ərizəçinin oğlu həqiqətən Suriya dövlətinin ərazisində olsaydı belə, bu, onun ölmüş elan edilməsinə əsas hesab edilməyəcəkdi. Belə ki, ərizəçinin oğlunun Suriya ərazisində getmiş və başa çatmış müharibədə, döyüş əməliyyatlarında iştirakı barədə hər hansı xəbər, sübut, təsdiq olunmuş məlumat mövcud deyildir. Məhkəmə hesab edir ki, Ərizəçi 19 sentyabr 1985-ci il təvəllüdlü X2 ölmüş elan edilməsi barədə ərizəsi təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3566/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3566/2025
25.11.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver