Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3745/2025 25.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, iddiaçı Ərizəçinın maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlığı olmayan şəxs elan edilmə tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlığı olmayan şəxs elan edilmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Ərizəçi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, ərizənin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmiş, həmin tələbə xüsusi icraat qaydasında baxılmalı olduğu (iddiaçının ərizəçi, iddia ərizəsinin ərizə kimi qeyd olunmalı olduğu) nəzərə alınmamışdır. Bundan əlavə, iddia ərizəsinə dövlət rüsumunun elektron ödəniş sistemləri vasitəsilə ödənildiyini təsdiq edən sənəd və ya iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunması barədə hər hansı sənədin əsli və ya təsdiq olunmuş surəti (o cümlədən “Dövlət rüsumu haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən hallardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənədlər) əlavə edilməmişdir. Həmçinin, iddia ərizəsinin surəti ona əlavə edilməmişdir. Belə olan halda, iddia ərizəsinin hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmçinin, məhkəmə izah edir ki, dövlət rüsumunun ödənilməsi üçün şəxsiyyəti təsdiq edən sənədlə bağlı yaranmış çətinliyin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının MPM-nin 67-1-ci maddəsinə əsasən dövlət hesabına vəkillə təmin olunma barədə müvafiq vəkil qurumuna müraciət oluna və vəkil vasitəsilə dövlət rüsumunun ödənilməsi təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149, 140 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlığı olmayan şəxs elan edilmə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə xüsusi icraat qaydasında tərtib olunmuş ərizə ilə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3745/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3745/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver