Məhkəmə qərarları › İş №2(002)-382/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-382/2022

31.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-382/2022 31.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçılara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 18, 64 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 18, 64 saylı mənzil paylı mülkiyyət kimi ¼ hissədə ona və digər iddiaçılara məxsusdur. Cavabdeh onun mərhum həyat yoldaşının oğlu, digər iddiaçıların isə ata tərəfdən qardaşıdır. Cavabdeh mənzildə ümumiyyətlə yaşamamış, əsgərlikdən qayıtdıqdan sonra cəmi bir-iki gün qalmışdır. Lakin cavabdeh 1990-cı illərdə daimi yaşamaq üçün Rusiya Federasiyasına getmiş, həmin vaxtdan bir daha mənzilə qayıtmamışdır. 20 ildən artıqdır ki, ona və digər iddiaçılara məxsus mənzillə hər hansı əlaqəsi yoxdur. Cavabdehlə əlaqə saxladıqda o, daimi olaraq Rusiya Federasiyasında yaşamaq istədiyini və Azərbaycana qayıtmayacağını bildirmişdir. Hətta 2007-ci ildə atasının vəfatı barədə ona məlumat verilmiş, lakin o, gəlməkdən imtina etmişdir. Cavabdeh onlarla əlaqəni kəsmişdir, onun faktiki olaraq Rusiyada harada yaşadığı hazırda onlara məlum deyildir. Cavabdeh uzun müddətdir mənzildə yaşamır və həmin mənzilə olan istifadə hüququnu itirmişdir. Cavabdehin hazırda onlara məxsus mənzildə formal olaraq qeydiyyatda qalması bir sıra problemlər yaradır. Belə ki, cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalırlar, həmçinin bu hal onların mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı digər iddiaçılar İddiaçı1 izahatına uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehin faktiki olduğu yer məlum olmadığından və onun məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, iddiaçıların qonşusudur. İddiaçıları 1975-ci ildən tanıyır, onlarla 1981-ci ildən qonşudur. Cavabdehi iddiaçılara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 18, 64 saylı mənzildə 20 ildən çoxdur ki, görməmişdir. Cavabdeh özü könüllü olaraq evdən köçüb getmişdir. Həmin vaxtdan əlaqə saxlamır. Hazırda harada yaşaması ilə bağlı məlumatı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, iddiaçıların yeddisəkkiz ildir ki, qonşusudur. Cavabdehi iddiaçılara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 18, 64 saylı mənzildə heç vaxt görməmiş, sadəcə adını eşitmişdir. Hazırda harada yaşaması ilə bağlı məlumatı yoxdur. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 18 saylı evin 64 saylı mənzili İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 hər birinin ¼ payı olmaqla xüsusi mülkiyyətlərindədir və bu barədə 1701 nömrəli reyestr kitabının 155510 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan X1, X2, X5 tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçılara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 18, 64 saylı mənzildə Cavabdeh qeydiyyatda olsa da, iyirmi ildən çoxdur ki, orada yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, 23.07.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 18 saylı evin 64 saylı mənzilində X3, İddiaçı3, Cavabdeh, X4, İddiaçı2 qeydiyyatdadırlar. İş materiallarında olan 132 saylı MKİS tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış yazılı məlumatdan görünür ki, həqiqətən Eduard İmanov küçəsi, ev 18, mənzil 64 ünvanında qeydiyyatda olan Cavabdeh onlarda olan məlumata əsasən və qonşuların təsdiqinə görə uzun müddətdir ki, Eduard İmanov küçəsi, ev 18, mənzil 64 ünvanında yaşamır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə izahatlara, şahid ifadələrinə və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edir ki, cavabdeh iddiaçıların mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır. Cavabdeh mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçılar onun əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, eyni zamanda bu vəziyyət mülkiyyətçi kimi onların hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından və o, həmin mənzildə iddiaçılar ilə birgə yaşamadığından, onun hüquqi vəziyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir və həmin cavabdehin mənzilin yaşayış sahəsindən istifadə hüququ hazırda qalmadığından, onun itirilməsi barədə iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.05.2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ, onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamasından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçi ilə birgə yaşamayan ailə üzvləri Mülki Məcəllənin 228.5-ci maddəsinin dairəsinə düşmür. Digər tərəfdən, cavabdehin yaşamadığı halda, iddiaçılara məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 18, 64 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar