Məhkəmə qərarları › İş №2(002)-404/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-404/2022

02.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-404/2022 02.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh2 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızına qarşı «xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh2 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızına qarşı «xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızının ünvan 1 ünvandan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, 2-ci dərəcəli kapitan, N nömrəli hərbi hissədə X4 rəisi vəzifəsində işləmiş Cavabdeh2 30.07.N-ci il tarixli raportla həmin hərbi hissə komandirinə müraciət edərək ailə vəziyyətinə, eləcə də onun və ailə üzvlərinin 14 il müddətində kirayədə qalmasına əsaslanaraq «Puta» hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onun mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh2 həmin hərbi hissənin X4 rəisi vəzifəsində xidmət etməsi, eləcə də onun ailə vəziyyəti, 10.11.2010-cu il tarixdən digər cavabdeh Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızı ilə nikahda olması, onların birgə nikahlarından 23.08.2011-ci il təvəllüdlü və 08.04.2013-cü il təvəllüdlü iki qızının olması və digər diqqətə layiq hallar nəzərə alınmaqla, Cavabdeh2 yuxarıda sözügedən raportuna istinadən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Bakı şəhəri Qaradağ rayonu «Puta» hərbi şəhərciyində ona 57/2 saylı binadan 110,39 m2 sahədən ibarət 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 6 saylı mənzil ayrılmışdır. Cavabdeh2 həmin hərbi hissəyə verdiyi N noyabr N-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/2 saylı ünvanda yerləşən 6 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli hərbi hissənin Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Qeyd etməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə cavabdeh, 2-ci dərəcəli kapitan Cavabdeh2 «Hərbi xidmət keçmə haqqında Əsasnamə»nin 156 (V) bəndinə uyğun olaraq xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh2 hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra ona yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid mənzili boşaltması və aidiyyatı üzrə təhvil verilməsi barədə Cavabdeh2 müvafiq bildiriş göndərilsə də, o, həmin mənzili boşaltmamışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət mənzil fondlarının yaşayış sahələrinin məcmusuna daxil olan xüsusi təyinatlı mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsində nəzərdə tutulan digər şəxslərlə yanaşı hərbi orqanlarda xidmətdə olan şəxslərə də verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.3-cü maddəsinin tələbinə görə xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Nəzərə alınmalıdır ki, Cavabdeh2 hərbi xidmətdən ehtiyata buraxıldığından, eləcə də onun xüsusi təyinatlı yaşayış sahəsinə aid olan yuxarıda sözügedən mənzildən çıxarılmasını istisna edən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-102.2.4-cü maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından o, digər ailə üzvləri ilə birlikdə hərbi xidmət keçmə müddəti ərzində ona ailə üzvləri ilə birlikdə yaşamaları üçün verilmiş mənzildən çıxmaqla, həmin mənzili boşaltmalı və aidiyyəti üzrə təhvil verilməlidir. Yuxarıda sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edirlər ki, Cavabdeh2 hərbi xidmətdən ehtiyata buraxıldığından və bununla əlaqədar onunla bağlanmış kirayə müqaviləsinin müddəti başa çatdığından onun və digər cavabdehin yuxarıda sözügedən mənzildən çıxarılmalarına və həmin mənzilin aidiyyəti üzrə Mənzil İstismar Xidmətinin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa, «Azərbaycan Respublikası Silahlı Qüvvələrdə Xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 05.04.2014-cü il tarixli 02 nömrəli qərarının 1.15-ci bəndindən görünür ki, mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən kənarda yerləşən, müvafiq qaydada hasarlanmış, ərazisinə yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən, bəzi hallarda, əlavə olaraq ərazisində patrulluq etmə aparılan hərbi şəhərciklər qapalı hərbi şəhərciklərə aiddir. Bununla da, 2-ci dərəcəli kapitan Cavabdeh2 Azərbaycan Respublikası Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə «Hərbi Xidmətkeçmə haqqında Əsasnamə»nin 156 «v» (xəstəliyə görə) bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmasını xüsusi ilə qeyd etmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-ci maddəsində göstərilir ki, işə götürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlil olmuş İ və ya İİ qrup əlillər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlil olmuş İ və ya İİ qrup əlillər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrini yerinə yetirən zaman xəstəlik nəticəsində yalnız İ və ya İİ qrup əlil olmuş hərbi qulluqçular yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Cavabdeh2 2020-ci ilin dekabr ayından ehtiyata buraxılsa da, lakin o, bu günədək İ və ya İİ qrup əlilliklə bağlı rəsmi sənədlər təqdim edə bilməmişdir. Ona görə də, Cavabdeh2 yuxarıda qeyd olunan maddənin təsir dairəsinə düşmür. Çünki, «Hərbi Qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və ya daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətində yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququ vardır. O cümlədən yaşayış yeri olmayan Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qaydasının təkmilləşdirilməsi məqsədi ilə «hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2006-cı il tarixli 171 nömrəli qərarının 2-ci bəndinə əsasən Bakı şəhərində yaşayış yeri olmayan hərbi qulluqçulara hər ay 150 manat, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün isə kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə pul kompensasiya verilir. Yəni, hərbi qulluqçuya məsələn, üç ailə üzvlərinin sayına görə 375 manat məbləğində pul kompensasiyası ödənilir. Bununla da, belə nəticəyə gəlmək olur ki, Cavabdeh2 ailə üzvlərinin sayına görə hər ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2006cı il tarixli 171 nömrəli qərarının 2-ci bəndinə əsasən 375 manat məbləğində pul kompensasiyası ödəniləcək. Yəni, «Hərbi Qulluqçuların Statusu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən onun mənzil hüququ yaransa da o, qeyri-qanuni həmin xüsusi təyinatlı yaşayış sahəsini özündə saxlaya bilməz. Çünki ona xidməti istifadə üçün verilmiş xüsusi təyinatlı yaşayış sahəsi hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, məhkəmənin icraatında iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ona və X1 qarşı «xüsusi təyinatlı mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki iş vardır. Həmin iddia ərizəsinə aşağıdakı əsaslarla etiraz edir. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsi bundan əvvəl Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən təqdim edilmiş iddia ərizəsi ilə eynilik təşkil edir. Fərq yalnız ondan ibarətdir ki, iddiaçının adı dəyişilmişdir. Bu zaman ortaya məntiqi sual çıxır: Müdafiə Nazirliyi durduğu yerdə birdənbirə hansı səbəbdən ona qarşı iddia qaldırmaq qərarına gəlmişdir? Bunu zəruri edən hansı səbəblər vardır? Əgər Müdafiə Nazirliyi ona qarşı iddia qaldırmaq istəyirdisə elə əvvəldən özü iddiaçı qismində çıxış edərdi. Məhkəmə tərəfindən qanuni olaraq N saylı hərbi hissənin iddiasının baxılmamış saxlanılması haqqında 02.12.2021-ci il tarixli, 2(002)- 3406/2021 saylı qərardadından sonra dərhal iddiaçının adının dəyişdirilməsi onu bir daha təsdiq edir ki, bu işdə N saylı hərbi hissə komandirinin marağı var və Müdafiə Nazirliyi həmin iddianı eynilə köçürərək ona qarşı iddia qaldırmaqla, N saylı hərbi hissə komandirinin sifarişini yerinə yetirdiyini təsdiqləmişdir. Eyni zamanda, bu işdə sifarişin olduğunu təsdiqləyən digər sübut ondan ibarətdir ki, onun qanunsuz olaraq mənzildən çıxarılmasına dair tərtib olunmuş bildirişi N saylı hərbi hissə komandiri imzalamışdır. Burada yenə də sual olunur, əgər Müdafiə Nazirliyi həqiqətən də onu mənzildən çıxarmaq istəyirdisə və əvvəldən belə bir məqsədləri vardısa, o zaman bildirişi elə Müdafiə Nazirliyinin özü imzalamalı idi və qanuni şəkildə ona təqdim olunmalı idi. Bu isə baş verməmişdir. İddiaçı öz iddia ərizəsinin 2-ci səhifəsinin 7-ci abzasında Mənzil Məcəlləsinin 102-ci maddəsinə birtərəfli qaydada və məntiqsiz olaraq istinad etmişdir. Belə ki, iddiaçı qeyd edir ki, guya onun tərəfindən İ və İİ qrup əlilliyə dair sənədlər təqdim edilməmişdir, ona görə də, guya onun haqqı çatır ki, onu və ailə üzvlərini qanunsuz şəkildə mənzildən çıxarsın. İddiaçıya xatırladır ki, Mənzil Məcəlləsinin 102-ci maddəsi sosial kirayə müqavilələri əsasında verilmiş yaşayış sahələrinə dair olan maddədir. Qeyd edir ki, onun Müdafiə Nazirliyinin hər hansı bir idarəsi ilə rəsmi qaydada bağlanmış sosial Kirayə Müqaviləsi mövcud olmamışdır. Bu zaman sual olunur ki, Müdafiə Nazirliyi hansı hüquqi əsasla ona qarşı iddia qaldırmışdır? Çünki, rəsmi qaydada bağlanmış Kirayə Müqaviləsi olduğu təqdirdə tərəflər arasında müvafiq öhdəliklər yaranmalı idi, bu isə baş verməmişdir. O, ehtiyatda olan 2-ci dərəcəli kapitan Dadaşov X2 Nazirinin 29 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Qeyd edir ki, o, xəstəliyə görə ehtiyata buraxıldıqdan sonra yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi ilə təmin olunmamışdır. 3 övladları var və hazırda yaşadıqları Bakı şəhəri Qaradağ rayonu «Puta» hərbi şəhərciyi 57/2 ünvanda yerləşən 6 saylı mənzil ailələrinin yeganə yaşayış sahəsidir. İddiaçı ərizədə əsasən ona istinad edir ki, Cavabdeh2 hərbi xidmətdən buraxılarkən həmin mənzili təhvil verəcəyinə dair iltizamla öhdəlik götürmüşdür. O, iltizamı N-ci ildə yazmışdır. Bilməmişdir ki, 6 ildən sonra, yəni 2021-ci ildə hərbi xidmət zamanı səhhətini itirəcək və xəstəliyə görə ehtiyata buraxılacaqdır. Göründüyü kimi, 2021-ci ildə şərait əhəmiyyətli dərəcədə dəyişmiş, o, səhhətini əhəmiyyətli dərəcədə itirdiyindən xəstəliyə görə ehtiyata buraxılmış, ona görə də, N-ci ildə yazılmış iltizamın da heç bir əhəmiyyəti qalmamışdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kimlərdir və onların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsini birtərəfli qaydada və özünə sərf edən formada istinad etməsinə baxmayaraq həmin maddədə həmçinin qeyd olunur ki, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış yaşa görə pensiyaçılar xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Beləliklə, o, ehtiyatda olan 2-ci dərəcəli kapitan Cavabdeh2 xəstəliyə görə ehtiyata buraxılmasını, yaşa görə əmək pensiyaçısı (********** nömrəli arayış) olmasını və yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi ilə təmin olunmadığı üçün digər yaşayış sahəsi verilmədən mənzildən çıxarıla bilməz, həmçinin, həmin yaşayış sahəsinin ailələrinin yeganə yaşayış sahəsi olduğu səbəbindən iddiaçının tələbi qanunsuzdur, əsassızdır və buna görə də, təmin edilməməlidir. Qeyd edir ki, o, Azərbaycan Ordusunda 24 il 8 ay xidmət etmişdir. Bunu nəzərə alaraq, onun və ailəsinin mənzillə təmin olunması Müdafiə Nazirliyinin xətti ilə və ya aildiyyatı üzrə yerli icra orqanı tərəfindən təmin olunduqdan sonra, mənzili dərhal təhvil verməyə hazırdır. Cavabdeh Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə cavabdeh, 2-ci dərəcəli kapitan Cavabdeh2 «Hərbi xidmət keçmə haqqında Əsasnamə»nin 156 (V) bəndinə uyğun olaraq xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan başqa, Cavabdeh2 yaşa görə əmək pensiyaçısıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh2 20 təqvim ilindən çox hərbi xidmət etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Mənzil Məcəlləsinin 102.2, 102.2.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış yaşa görə pensiyaçılar xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Göründüyü kimi, cavabdeh yaşa görə pensiyaçı olmaqla xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Bu səbəbdən, iddia təmin edilə bilməz. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh2 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızına qarşı «xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh2 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızına qarşı «xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar