Məhkəmə qərarları › İş №2(002)-405/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-405/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-405/2021 17.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İskəndiyar oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İskəndiyar oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 İskəndiyar oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5, 43 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5, 43 saylı mənzil x xxxxxxxx 1999-cu il tarixdə verilmiş ÖM seriyalı, 075131 saylı çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. Cavabdehlər onun oğlu Rabil və Rabilin ailə üzvləridir. Cavabdehlər 2000-ci ildən mənzili birdəfəlik tərk edərək Rusiya Federasiyasına köçüb getmişlər, həmin vaxtdan onunla əlaqə saxlamırlar. Hazırda özü işləmir, təqaüdçüdür, cavabdehlərin əvəzinə artıq məbləğdə kommunal xidmət haqları ödəyir, buna görə də maddi vəziyyəti çətinləşir, eyni zamanda mülkiyyətçi kimi hüquqları məhdudlaşır. Eyni zamanda bildirir ki, 1999-cu ildə Cavabdeh1 İskəndiyar oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1596, ev 5, 44 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilmiş, həmin mənzil onun tərəfindən X1 satılmış, Cavabdeh1 İskəndiyar oğluna da min manat pul verilmişdir. Sonradan Cavabdeh1 İskəndiyar oğlunun xahişi ilə cavabdehləri müvəqqəti olaraq 43 saylı mənzilinə qeydiyyata almışdır. 20 ildən çoxdur ki, cavabdehlər onunla yaşamır və əlaqə saxlamırlar, onların formal qeydiyyatı isə problemlər yaradır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından və onların məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. İddiaçı ilə uzun müddətdir ki, qonşuluq münasibətindədir. Cavabdehlər iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5, 43 saylı mənzildə 20 ildən çoxdur ki, yaşamırlar, Rusiyaya köçüb getmişlər, dəqiq harada yaşadıqları ona məlum deyildir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5, 44 saylı mənzil iddiaçı tərəfindən ona 2000-ci ildə satılmış, iddiaçı həmin mənzilin pulundan min manatı onun iştirakı ilə Cavabdeh1 İskəndiyar oğluna vermişdir. Həmin vaxtdan sonra cavabdehləri görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, iddiaçının qızıdır. Cavabdeh1 İskəndiyar onun qardaşı olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5, 43 saylı mənzildə yaşamır və ailəsi ilə birgə 2000-ci ildən Rusiya Federasiyasına köçmüşdür. Həmin vaxtdan sonra cavabdehləri görməmişlər. Məhkəmə, izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 075131 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5, 43 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan X3, X5 və X4 tərəfindən verilmiş tərtib edilmiş və Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 İskəndiyar oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 mənzil 43 ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2000-ci ildən hal-hazıradək göstərilən ünvanda yaşamırlar və harada yaşadıqları məlum deyildir. İş materiallarında olan 152 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1336 saylı, xx.xx.2020-ci il tarixli Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5, 43 saylı mənzildə yaşayır. Həmin mənzildə İddiaçı, Cavabdeh1 İskəndiyar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 daxil olmaqla 14 nəfər qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 İskəndiyar oğlunun və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5, 44 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilmişdir. İş materialalrında olan Cavabdeh1 İskəndiyar oğlu tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli qəbzin surətindən görünür ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1596, ev 5, 43 və 44 saylı mənzillərin satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan 108719 saylı, xx.xx.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1596, ev 5, 44 saylı mənzili X1 satmışdır. Beləliklə, məhkəmə izahatlara, şahidlərin ifadələrinə və iş materiallarında olan sübutlara əsasən müəyyən edir ki, cavabdehlər uzun illərdir ki, iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar, iddiaçının izahatına və şahidlərin ifadələrinə əsasən Rusiya Federasiyasında yaşayırlar. Cavabdehlər iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçı onların əvəzinə kommunal xidmətlərə görə əlavə xərc çəkir, eyni zamanda bu hal onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçının ailə üzvü olan cavabdehin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından və o, həmin mənzildə iddiaçı ilə birgə yaşamadığından, onun hüquqi vəziyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir, ona görə də iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ, onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamasından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçi ilə birgə yaşamayan ailə üzvləri Mülki Məcəllənin 228.5-ci maddəsinin dairəsinə düşmür. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamadıqları halda qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 İskəndiyar oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5, 43 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar