Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-44/2023 12.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, İddiaçı tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə əsasında onun adından Cavabdeh ilə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45,5 m2, yaşayış sahəsi 24,0 m2 olan 2 otaqlı, 8 saylı mübahisəli mənzilə dair Bakı şəhəri 41 saylı Notariat ofisində bağlanmış 02 noyabr 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 iddiaçı tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45,5 m2, yaşayış sahəsi 24,0 m2 olan 2 otaqlı, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə 2005-ci ildən ona məxsusdur. Mənzilin mülkiyyət hüququ ilə ona məxsus olmasına müvafiq çıxarış (Qeydiyyat vəsiqəsi seriya ÖM № 250022) verilmişdir. Cavabdeh onunla bir qəsəbədə yaşayır və Bakı şəhəri 28 May st. Yerləşən "xxxx" BOKT MMC-nin baş ofisində işləyir və vətəndaşlara istehlak və s. kreditlərin verilməsini tənzimləyir. Uzun illərdir ki, onkoloji xəstədir və dava-dərman gücünə yaşayır. Müalicəsi ilə əlaqədar pul vəsaitinə ehtiyacı olduğundan, həmişə ona yardımçı olan qəsəbə sakini, yaxın münasibətdə olduğu X2 30 oktyabr 2021-ci il tarixdə etibarnamə vermişdir ki, ona məxsus hazırki mənzilini bankda girov qoyub müəyyən pul vəsaiti alsın. Bu məqsədlə Cavabdeh müraciət olunub və sonuncu kömək edəcəyini bildirmişdir. Bu məqsədlə, cavabdeh mənzili girov qoyub, müəyyən vəsaiti almaq üçün 02 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 41 saylı Notariat ofisində müqavilə bağlanmasını bildirmişdir. O, Notariat ofisində nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Cavabdeh mənzilə dair girov müqaviləsi əvəzinə alğı-satqı müqaviləsi rəsmiləşdirmiş və notariat ofisinin xüsusi notariusu Natiq Qazızadə də həmin müqaviləni təsdiqləmişdir. Bu zaman ona mənzilə dair 14.100 manat pul vermişdir. Qalan 40.000 manat pul vəsaitinə isə aylar üzrə bölünmüş cədvəl təqdim etmişdir. Onun mənzilinin bazar dəyəri 55.000 manatdır. Müqavilə ilə tanış olduqda ona məlum olmuşdur ki, onun mənzilinə dair kredit müqavilələri deyil, alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzil guya onun tərəfindən 14.100 manata cavabdehə satılmış, cavabdeh də həmin qiymətə mənzili almışdır. Dərhal Cavabdeh ona verilmiş 14.100 manat pulu ona qaytarmağını, müqaviləni etibarsız saydığını bildirsə də, heç bir nəticəsi olmamışdır. Bu müddət iş yerinin rəhbərliyinə, BOKT əməkdaşının qeyri-qanuni hərəkətləri barədə məlumat verməyə cəhd etsə də, onu qəbul etməmişlər. Cavabdeh ona «get nə bilirsən et» deməklə, özünə haqq qazandırmaqda davam edir. Mübahisənin məhkəmədən kənar şəkildə həlli mümkün olmadığından, məcbur olub məhkəməyə müraciət edir. Cavabdeh səlahiyyətlərindən suiistifadə edərək, mənzilini ələ keçirmək üçün onu aldatmış, qanunsuz alğı-satqı müqaviləsi bağlamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi. O, izahatında bildirdi ki, İddiaçı müraciət etdiyi qiymətləndirmə şirkəti tərəfindən onun aldığı mənzilin qiyməti şişirdilməklə yazılmışdır. Mənzilin çıxarışda olan ümumi sahəsi ilə qiymətləndirilən ümumi sahə arasında fərq var. Qiymətləndirici şirkət bilərəkdən evin ümumi sahəsini çox yazmışdır. Mənzil 2 mərtəbəli, olduqca köhnə, «dranka» təmirsiz evdir. Ev elə bir vəziyyətdədir ki, orada yaşamaq mümkün deyildir. Alt qonşu evin sanitar qovşağını təmir etməmiş, ona görə evdə heç kimin yaşamasına icazə vermir. Bütün su-kanalizasiya sistemi yararsız haldadır. Hal-hazırda evdə şəraitsizlikdən yaşaya bilmir. Evin dam örtüyü bərbad haldadır, yağış yağarkən evə damır. Mənzilin təmirinə azı 30.000 manat xərclənməlidir. Mənzilin ümumi həyətə girişi dar, uzun dəhlizdən ibarətdir. Məhəllənin həyətinə avtomobil belə daxil ola bilmir, bütün yüklər əllə 50 metr aralıqdan binaya daşınır. Binanın özünün, damının və dar dəhliz girişinin şəklini çəkib sübut olaraq məhkəməyə təqdim edir. Bunların heç birini qiymətləndirmə şirkəti qeyd etməmişdir. 2 otaqlı mənzilin yaşayış sahəsi 24 m2 olduğu halda həmin mənzil necə 50.000 manat qiymətləndirici şirkət tərəfindən necə qiymətləndirilə bilər? Qiymətləndirmə şirkəti mənzili təmirli 3 otaqlı yeni tikili ilə müqayisə edib. O, özü mənzili müstəqil qiymətləndirici şirkət tərəfindən qiymətləndirmək istəsə də, edə bilməmişdir. Mənzili ona təhvil vermədiklərinə görə, qiymətləndirici şirkətə də bilərəkdən şərait yaratmamışlar ki, mənzili qiymətləndirilsin. Təqribən 18 ildən çox müddətdə onların sərəncamında olan mənzili təmir etmədikləri halda, onunla alğı-satqı müqaviləsi bağlanıldıqdan sonra o, mənzilin əsaslı təmirə başlamışdır. O, iddiaçı məhkəməyə müraciət edənə, məhkəmə bu işə baxan və qərardad çıxarana, iş icraya düşənə kimi evin 50 %-ni təmir edə bilmişdir. Mənzilin bütün pəncərələrini plastiklə dəyişmiş, otaqlarda bərpa işləri görmüşdür. O, mübahisəli mənzili iddiaçı ilə razılaşdırılmış qiymətə iddiaçını həqiqi iradəsinə uyğun almışdır. Notariat kontoru alğı-satqı sənədlərinin surətlərini məhkəməyə təqdim etmişdir, həmin sənədlərdə heç bir qanunsuzluq yoxdur. Notarius tərəfindən iddiaçıya dəfələrlə, “evin satılmasına razısınız” sualı verilib, iddiaçı bu barədə iradəsini ifadə etmişdir. Hətta onlar evin boşaldılması və qeydiyyatdan çıxma tarixləri barədə də razılaşmışlar. Cavabdeh məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə iddiaçı tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi iştirak edən X3 məhkəmə iclasında izahatında bildirdi ki, mənzilin alğısatqısı zamanı tətrəflər arasında həqiqi sövdələşmə olmuş, iddiaçıya qarşı hədə-qorxu gəlmə və aldatma halları olmamışdır. Mənzilin alğı-satqısına görə cavabdeh tərəfindən depozitə köçürülmüş, pul hələ də iddiaçının nümayəndəsi kimi ondadır və iddiaçıya təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməməlidir. - Azərbaycan Respublikası Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). - Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi). - Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). - Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). - Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. - Mülkiyyət hüququnun yaranması üsullarından biri də bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. - Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. (Mülki Məcəllənin 146-cı maddəsi). - Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). - Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). - «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). - Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsindəki 23 saylı evi 8 saylı mənzili Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 10 noyabr 2005-ci il tarixli ÖM seriyalı 250022 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixdə satıcı İddiaçı xx.xx.2021-ci il tarixli etibarnamə üzrə nümayəndəsi X3 vasitəsi ilə alıcı Cavabdeh arasında Bakı şəhəri 41 saylı notariat kontorunda ümumi sahəsi 45,5 m2, yaşayış sahəsi 24,0 m2 olan 2 otaqlı ünvan 1 ünvanda yerləşən 8 nömrəli mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsi əsasında Cavabdeh adına ƏMDX DƏDK və R PHŞ tərəfindən 11 noyabr 2021-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə, onun mənzil üzərində mülkiyyət hüququ ********** sayla qeydiyyata alınmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaqla hazırda həmin alğı-satqı müqaviləsini mübahisələndirmiş və iddiasını aşağıdakı dəlillərlə əsaslardırmışdır: 1) O, onkoloji xəstə olmaqla, pula ehtiyacı olduğundan mənzili girov (ipoteka) qoyub pul götürmək istəmişdir; 2) Mənzili satmaq deyil, girov (ipoteka) qoymaq niyyətində olmuşdur; 3) Notariat kontorunda girov (ipoteka) müqaviləsi əvəzinə səhvən alğı-satqı müqaviləsi bağlanmışdır; 4) Mənzilin dəyəri alğı-satqı müqaviləsində qeyd olunandan bahadır. Məhkəmədə İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi dəlillər araşdırıldıqda həmin hallar təsdiqini tapmamışdır. Məhkəməyə təqdim edilmiş tibbi sənədlərlə iddiaçının onkoloji xəstəlikdən əziyyət çəkməsi təsdiq olunsa da, onun müalicəyə pul vəsaitinə ehtiyacı olduğundan mənzili girov qoyaraq pul götürməsinə dair qeyd etdikləri işin hallarına uyğun gəlmir. Alğı-satqı müqaviləsinin bağlanmasında iddiaçını təmsil edən nümayəndəsinin bildirdiyinə görə, mənzilin alğı-satqısına görə ödənilmiş pul vəsaiti hələ də ondadır və iddiaçı həmin pulu ondan tələb etməmişdir. İddiaçının mənzili satmaq niyyətində olmaması dəlili də işin halları ilə təkzib olunur. O Notariat kontorunda alğı-satqı müqaviləsi bağlanmasından xəbərdar olmuşdur. Notarius tərəfindən ona bağlanan müqavilənin mahiyyəti, qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuş, iddiaçının etibarnamə üzrə nümayəndəsi təqdim olunmuş alğı-satqı müqaviləsini oxuyub tanış olaraq, həmin müqaviləni imzalamış, şərtləri ilə razı olduğunu bildirmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxma və mənzilin təhvil verilməsi tarixlərinə dair bəndlərin şərtlərinin formalaşdırılmasında bilavasitə iştirak etmişdir. Tərəflər arasında mənzilin dəyəri ilə bağlı fikir ayrılığı olduğuna görə məhkəmə ekspertiza təyin etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli 319/mi/22 saylı rəyindən görünür ki, mübahisə edilən mənzilin bazar qiyməti 47.000 manat, likvid qiyməti 42.000 manat təşkil edir. Məhkəmədə yuxarıda qeyd olunan rəyə hüquqi qiymət verildikdə müəyyən olunub ki, həmin qiymətləndirmə mənzil təmir edildikdən sonrakı tarixlərə təsadüf edir. Məhkəmədə həmçinin müəyyən edildi ki, mənzilin alğı-satqısından sonra cavabdeh mənzildə təmir-tikinti işləri aparmağa başlamış, kifayət qədər iş görülmüşdür. Məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri tətbiq edilərək, bu işlər dayandırılmışdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, iddiaçı tərəf mənzilini 14.100 manata cavabdehə təklif etmiş, cavabdeh həmin qiymətlə razılaşaraq, mənzili təklif edilən qiymətə almışdır. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqedən görünür ki, mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alğısatqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Mənzilin əvəzinə pulun verilməsi faktının əlavə hər hansı sənədlə təsdiq olunması mövcud qanunvericilikdə nəzərdə tutulmur və bu hal tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı mülki iş üzrə mübahisələndirilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən olunmadı. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün mülki işin 23-cü səhifəsində olan qəbzi təqdim etmişdir. Həmin qəbzdə qeyd olunmuşdur ki, mübahisəli mənzilin cavabdehin adına keçirilməsi müqabilində cavabdeh tərəfindən iddiaçıya 35.000 manat kredit verilmişdir, kredit gecikmə olmadan və tam ödənildikdən sonra mənzil öz sahibinə qaytarılacaq. Məhkəmə tərəfindən qeyd olunan qəbzə hüquqi qiymət verilməsi üçün məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli 4/923 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 23-cü səhifəsində olan qəbzdə olan əlyazmalar və qəbzin sonunda «Cavabdeh» yazılarının qarşısında olan imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Yuxarıda qeyd olunan qəbzin cavabdeh tərəfindən yazıldığı və imzalandığı müəyyən edilmədiyinə görə sübut kimi qəbul edilmir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı 300 manat tutularaq "xxxx" MMC-yə, 124 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 300 manat tutularaq "xxxx" MMC-yə, 124 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-44/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-44/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver