Məhkəmə qərarları › İş №2(002)-461/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-461/2022

24.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-461/2022 24.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X2, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 iştiraklı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 1-ci küçədə yerləşən 28 saylı yaşayış evi 02.02.2012-ci il tarixdən xüsusi mülkiyyət olaraq ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun qardaşı, Yusif və Türkanə onun uşaqları, Leyla isə digər vəfat etmiş qardaşının qızıdır. Cavabdehlər rayon qeydiyyatda olduqlarına görə 2005-ci ildə ona məxsus evə qeydiyyata saldırmışdır. Lakin bir gündə olsun ona məxsus evdə yaşamamış, formal olaraq ona məxsus evdə qeydiyyatda qalmışlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması bir sıra problemlər yaradır. Belə ki, bu onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə olaraq kommunal xidmət haqqı ödəmək məcburiyyətində qalır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 1ci küçə, 28 saylı mənzilə istifadə hüquqlarının olub-olmamasının müəyyən edilməsi və bunun cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 hər biri ayrı-ayrılıqda iddia tələbini qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı X2 və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan qonşular tərəfindən tərtib olunaraq imzalanmış 21.12.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatda olsalar da həmin ünvanda heç vaxt yaşamamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 1-ci küçə, 28 saylı mənzil X2 mülkiyyətinə keçərkən onunla cavabdehlər arasında daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü halda keçməsinə səbəb olan məhdud əşya hüququ ilə bağlı notariat qaydasında müqavilə bağlanmamış, bu müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa, məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının qardaşı və qardaşı uşaqları olmaqla, onlar rayon qeydiyyatında olduqlarına görə iddiaçı onları özünə məxsus mənzilə formal olaraq qeydiyyata saldırmış, həmin şəxslər qeyd olunan mənzildə yaşamırlar. Bu baxımdan həmin şəxslərin göstərilən yaşayış sahəsinə istifadə hüquqlarının olub-olmaması konkret tələblə bağlı olmadığından təmin edilə bilməz. Bundan başqa, iddia tələbində göstərilmiş cavabdehlərin istifadə hüquqlarının olub-olmamasının müəyyən edilməsinin cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması hissəsi də təmin edilə bilməz. Çünki göstərilən tələb müstəqil iddia tələbi kimi deyil, yalnız iddianın təmin və ya rədd edilməsinin əsası məhkəmə tərəfindən müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı X3 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi və bunun cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə iddiası təmin edilməsin. İddia tələbi üzrə iddiaçı X4 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar