Məhkəmə qərarları › İş №2(002)-468/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-468/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-468/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) «iş stajı faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində qeyd etməklə, «iş stajı faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1976-1993-cü illər ərzində Ağdam rayonu Qalayçılar kənd orta məktəbində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1993cü il tarixədək Ağdam rayonu Qalayçılar kənd orta məktəbində Fransız dili müəllimi vəzifəsində çalışaraq, fasiləsiz iş stajı olmuşdur. Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra 1993-cü il tarixdən Bakı şəhərində məskunlaşmışlar. Qanunvericiliyin tələblərinə müvafiq olaraq o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazımi orqana müraciət etmişdir. Lakin həmin təşkilat, yəni ƏƏSMN-in tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialı tərəfindən ona imtina məktubu yazılmışdır. O, 1976-cı ildən 1993-cü ilə qədər Ağdam rayonu Qalayçılar kənd tam orta məktəbində işləməsi barədə arxiv arayışının verilməsi məqsədi ilə X9 Filialına müraciət etmişdir. Arxiv İdarəsindən ona ünvanlanmış məktubda qeyd edilmişdir ki, ünvan 2-cü ilə qədər olan arxiv sənədləri işğal zonasında qaldığı üçün filialda mühafizə olunmur. Məlum olduğu kimi, vətəndaşlara müəyyən halların təsdiq edilməsi üçün arxiv sənədləri lazım olur. Lakin onun düşdüyü vəziyyətdə Azərbaycan Respublikasında baş vermiş hadisələrlə əlaqədar arxiv sənədlərini əldə etmək mümkün deyil. Onun həmin dövrdə qeyd etdiyi məktəbdə işləməsi ilə bağlı müəyyən sayda şahidləri vardır. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialının nümayəndəsi X6 məhkəmə iclasında ərizəyə etiraz etdi və izahatında bildirdi ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Qalayçılar kənd orta məktəbində Fransız dili üzrə müəllim vəzifəsində fasiləsiz olaraq işlədiyini və əmək haqqı aldığını iddia edir. Ərizəçi yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi filiala müraciət etmişdir. Lakin onun əmək fəaliyyətini təsdiq edən sənədlərin olmaması səbəbindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Bundan sonra Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Qalayçılar kənd orta məktəbində işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq olunmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası DSMF-in Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı qərarı ilə təsdiq olunmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi, iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bü müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Qərarında öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərzəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi, o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Azərbaycan Respublikası MPM-in 104.3cü tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Ərizəçi ərizəsində qeyd etmişdir ki, işlədiyini iddia etdiyi dövrləri onunla birgə işləmiş şahidləri təsdiq edə bilər. xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Qalayçılar kənd orta məktəbində hazırki iş üzrə ərizəçinin işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçila eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı qərarında qeyd olunmuşdur ki, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə ən azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəçi işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrü xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrü əhatə edərək, ümumilikdə 17 il 3 ay 30 gün təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, mübahisələndirilən dövrün qanunvericiliyin tələblərinə uyğun gəlməyərək, 25 illik sığorta stajının yarısından çox olduğu aşkardır. Bu səbəbdən, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, X3 məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, o, Ağdam rayonu Qalayçılar kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləmişdir. Ərizəçi 1976-cı ildən 1993-cü ilə qədər həqiqətən həmin məktəbdə fransız dili müəllimi işləmişdir. Xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyinin nəzərə alınmasını xahiş etmişdir. X8 məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, o, Ağdam rayonu Qalayçılar kənd orta məktəbində kimya və biologiya müəllimi işləmişdir. Ərizəçi 1976-cı ildən 1993-cü ilə qədər həqiqətən həmin məktəbdə fransız dili müəllimi işləmişdir. Xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyinin nəzərə alınmasını xahiş etmişdir. X1 və X4 əmək kitabçalarından görünür ki, onlar Ağdam rayonu Qalayçılar kənd orta məktəbində müəllim işləmişlər. Ərizələri mötəbərdir (mötəbər sübutdur). Təqdim olunmuş sənədlərdən (arayış, məcburi köçkün vəsiqəsi, ali təhsil haqqında diplom, əmr, arxiv arayışı) görünür ki, 1955-ci il təvəllüdlü Ərizəçi Ağdam rayonundan məcburi köçkündür, fransız dili müəllimi ixtisası üzrə ali təhsil almışdır. Ağdam rayon Təhsil Şöbəsinin 23 avqust 2021-ci il tarixli 59 saylı əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən Qalayçılar kənd orta məktəbinin müəllimi vəzifəsindən azad edilmişdir. Öncəki dövrlərdə işləməsinə dair sənədlər arxivdə tapılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ərizəçiyə ünvanlanmış məktubun surətindən görünür ki, ərizəçinin müraciətinə baxılmış və bildirilmişdir ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Qalayçılar kənd orta məktəbində əmək fəaliyyəti dövrü məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən, onun müraciətinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada alabilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə qeyd edir ki, müəyyən edilməsi xahiş olunan fakt hüquqi əhəmiyyətli faktdır, həmin faktın müəyyən edilməsi ərizəçinin əmək pensiyası alması hüququnun əmələ gəlməsinə səbəb olmaqla yanaşı, işin faktiki halları nəzərə alındıqda həmin faktları təsdiq edən lazımi sənədlər başqa qaydada əldə edilə, yaxud bərpa oluna bilməz. Məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, ərizəçinin Laçın rayon İmanlar kənd orta məktəbində işləməsinə dair sənədlərin məlum hadisələrlə əlaqədar olaraq ərizəçi tərəfindən əldə edilməsi, həmçinin arxiv materiallarının olmaması səbəbindən də sənədlərin bərpası mümkün deyildir. Bundan başqa maraqlı şəxsin etirazı hüquq haqqında mübahisənin olmağına əsas vermir. Buna görə də, ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılması mümkün hesab edilməlidir. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 1.2-ci bəndində göstərilir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-nin 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Məhkəmə onu da qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi iş stajı, əmək fəaliyyəti barəsində faktları təsdiq edən müvafiq sənədləri üzrlü səbəbdən əldə etməsi mümkün deyildir və həmin faktın məhkəmədən kənar müəyyən edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 37.1-ci bəndinə görə, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya və xidmət illərinə görə pensiayaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. 17-ci bəndinə görə, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Göstərilən qüvvədən düşmüş normativ hüquqi aktların məzmunundan görünür ki, iş stajı barədə sənədlər olmadıqda və onları əldə etmək mümkün olmadıqda əmək stajı ərizəçini birgə işdən tanıyan şahidlərin ifadələrinə əsasən müvafiq icra hakimiyyəti orqanında təşkil olunan komissiya tərəfindən müəyyən edilirdi. Əmək stajının müəyyən edilməsinə dair münasibətləri tənzimləyən qüvvədə olan qanunvericilik aktlarında isə bu qəbildən olan faktların yalnız məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyəti olan faktların siyahısında göstərilməsə də, qanunvericilik digər hüquqi əhəmiyyəti olan faktların da məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutmuşdur və məhkəmə hesab edir ki, hazırki ərizənin əsaslılığı sübutetmə ilə bağlıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4.-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən Plenum qərarında qeyd edildiyi kimi, əmək stajının müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi üçün yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlara istinad olunmalı, o şəxslərin şahid qismində ifadələri mötəbər hesab olunaraq nəzərə alınmalıdır ki, onlar ərizəçi ilə eyni müəssisə və ya təşkilatda həmin dövrdə birlikdə işləmiş olsunlar. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan normaları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Qalayçılar kənd orta məktəbində Fransız dili müəllimi vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Qalayçılar kənd orta məktəbində Fransız dili müəllimi vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar