Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-47/2022 23.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X7 Hüseynovun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, tərcüməçi X2, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, ev 4, 2 saylı paylı mülkiyyətdə olan mənzilin naturada paylara uyğun ayrılması (real bölgüsü) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, mübahisəli mənzil atası X4 məxsus olmuş, atası 11 may 2006-cı il tarixdə vəfat etmişdir. Atasına məxsus olan həmin mənzil ½ hissədə onun və cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, onlara bu barədə 2012-ci ildə RX seriyalı ******* saylı çıxarış verilmişdir. Cavabdeh anası ilə 2017-ci ilədək hər hansı problemləri olmamış, mehriban yaşamışlar. Lakin 1990-cı illərin əvvəlində yaşamaq üçün Rusiyaya gedən qardaşı X3 2017-ci ildən onlarla birlikdə yaşamağa başlayandan sonra problemlər yaşamağa başlamışlar. Belə ki, qardaşı onu, qızını, qız nəvəsini demək olar ki, hər gün söyüb təhqir edir, üfunət qoxusundan otaqlara daxil olmaq olmur. Digər tərəfdən, cavabdeh aldığı təqaüdü qardaşına xərcləyir. Evin bütün kommunal xərclərini isə özü ödəyir. Hazırda qızı boşanıb, bir qız uşağı ilə birlikdə onunla yaşayır. Bu səbəbdən ailəni saxlamaqda və kommunal xərcləri ödəməkdə çətinlik çəkir. Bu hallara nəzərə alaraq, cavabdehə dəfələrlə təklif etmişdir ki, belə ağır şəraitdə yaşamaqlarının hər hansı mənası yoxdur, ya evi bölsünlər, ya da evi sataraq iki ayrı mənzil alsınlar və bütün bu münaqişələrə son qoyulsun. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, ev 4, 2 saylı paylı mülkiyyətdə olan mənzilin naturada paylara uyğun ayrılması mümkün olsa, onunla cavabdeh arasında olan mübahisəyə son qoyulacaqdır. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı öz qızı olsa da, onunla qətiyyən yola getmir. Mübahisəli mənzilin naturada bölünməsinə razı deyildir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, ev 4, 2 saylı mənzil Cavabdeh və İddiaçı hər birinin ½ payı olmaqla xüsusi mülkiyyətlərindədir və bu barədə 1723 nömrəli reyestr kitabının 158331 nömrəli vərəqində 27.10.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2659/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdehlər İddiaçı, Cavabdeh, Bakı şəhəri 8 saylı notariat kontoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışların ləğvi, miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi tələbləri barədə iddiasının təmin edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(002)-2085/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4696/2021 saylı, 21.09.2021-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 2(103)- 2659/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2022-ci il tarixli, 10/7030 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, ev 4, 2 saylı mənzilin faktiki sahəsi, **********6-05101-093001 reyestr nömrəli Texniki Pasport sənədində qeyd edilən tikilinin ümumi sahəsi və RX ******* nömrəli çıxarış sənədində qeyd olunan ümumi sahələr arasında uyğunsuzluqlar olduğundan mübahisə predmeti olan tikilinin tərəflər arasında bölünübbölünməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara və ekspert rəyinə əsasən müəyyən edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, ev 4, 2 saylı mənzil Cavabdeh və İddiaçı hər birinin ½ payı olmaqla xüsusi mülkiyyətlərindədir. Hazırda iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, ev 4, 2 saylı paylı mülkiyyətdə olan mənzilin naturada paylara uyğun bölünməsini tələb etməkdədir. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2022-ci il tarixli, 10/7030 nömrəli ekspert rəyindən görünür ki, həmin mənzilin naturada paylara uyğun bölünməsi mümkün deyildir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-47/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-47/2022
23.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver