Məhkəmə qərarları › İş №2(002)-488/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-488/2025

07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-488/2025 07.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1956-cı il tarixdə Ucar rayonu Qulabənd kəndində doğulmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X1 Lətifə Ağalar qızı ilə nikahda olmuşdur. Onların birgə nikahdan 1951-ci il təvəllüdlü X11 və 1952-ci il təvəllüdlü X16 adlı iki övladları olmuşdur. X3 xx.xx.1953-cü il tarixdə vəfat etmişdir. Bundan sonra X2 onun anası X12 ilə faktiki nikaha daxil olmuşlar. Lakin nikaha daxil olduqları vaxt nikahlarını rəsmiləşdirməmişlər. O, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Valideynlərinin rəsmi nikahları olmadığından onun doğum şəhadətnaməsində ana qrafasında anasının adı X12, ata qrafasında isə nikahları olmadığına görə atasının soyadı verilməmiş, ata qrafasında ata adı Kərimov Seyfi kimi yazılmışdır. Valideynlərinin nikahları olmadığına görə ona anasının soyadı ilə Kərimov soyadı verilmişdir. X2 olmuş və anası ilə faktiki nikahdan o doğulmuşdur. Valideynləri xx.xx.1957-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuşlar və anası da Şıxəliyeva soyadını qəbul etmişdir. Valideynlərinin birgə nikahdan xx.xx.1957-ci il tarixdə X13, xx.xx.1958-ci il tarixdə X14, xx.xx.1962-ci il tarixdə X10, xx.xx.1964-cü il tarixdə X17, xx.xx.1966-cı il tarixdə X4 doğulmuş və onların soyadı Şıxəliyev kimi yazılmışdır. Eyni zamanda sonradan onun da bütün sənədlərində soyadı Şıxəliyev yazılsa da, doğum akt qeydində soyadı Kərimov kimi qalmışdır. Valideynlərindən X2 xx.xx.2006-cı ildə, anası X5 isə xx.xx.1989-cu il tarixdə vəfat etmişlər. Hər ikisi vəfat edənə qədər onunla birlikdə yaşamışlar və sonuncuları özü dəfn etmişdir. Hazırda doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etsə də, atalıq müəyyən olunmadığından soyadının Kərimov yazıldığı müəyyən olunmuşdur. Buna görə də, X6 onun atası olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. X6 onun atası olması faktını, onun atasının birinci nikahdan olan bacı və qardaşı, eləcə də, ondan sonra doğulan bacı və qardaşları da təsdiq edə bilərlər. Hazırda valideynlərindən Ucar rayonunda torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsini sənədləşdirmək üçün onun doğum haqqında şəhadətnaməsi lazımdır. Lakin yuxarıda qeyd etdiyi səbəblərdən doğum faktı müəyyən olunduqdan sonra Şıxəliyev soyadı ilə yeni doğum haqqında şəhadətnamə almaq zərurəti yaranmışdır. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, sənədin şəxsə məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən 06 avqust 2024-cü il tarixdə verilmiş 1143 saylı arayışın ona məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə məktubla müraciət edərək, iş həcminin çoxluğu ilə əlaqədar nümayəndələrini məhkəməyə göndərə bilmədiklərini qeyd etmiş və məhkəmədən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə həmin məktubu nəzərə alaraq ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1143 saylı arayışdan görünür ki, X27 xx.xx.1956-cı il tarixdə Ucar rayonunda doğulmuşdur, atası Kərimov Seyfi, anası X7r. Doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. - xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 137915 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2006-cı il tarixdə Ucar rayonu Qulabənd kəndində ürəyin işemik xəstəliyindən vəfat etmiş, bu barədə xx.xx.2006-cı il tarixdə 04 saylı akt qeydi aparılmışdır. - Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.1989-cu il tarixdə xroniki bronxit, ciyər çatmamazlığından Ucar rayonu Qulabənd kəndində vəfat etmişdir. Bu barədə xx.xx.1989-cu il tarixdə 01 saylı kitabın 09 saylı səhifəsində müvafiq qeydiyyat aparılmışdır. - Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/09İS/111039-23 saylı arayışdan görünür ki, X8 xx.xx.1966-cı il təvəllüdlü olmaqla, Ucar rayonu Qulabənd kəndində doğulmuş, xx.xx.2000-ci il tarixdə vəfat etmiş, vəfat edənədək subay olmuşdur. - Digər sənədlərdən göründüyü kimi, Ərizəçi digər bacı və qardaşlarının (Sevil, Tünzalə, Məzahir, Namiq) adına olan doğum haqqında şəhadətnamələri və arayışları sübut kimi məhkəməyə təqdim etmişdir. - Qaradağ RPİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü olmaqla, Ucar rayonu Qulabənd kəndində doğulmuşdur. ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarından göründüyü kimi, ərizəçinin adına Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1143 saylı arayışda ərizəçinin soyadı Kərimov kimi qeyd edilsə də, həmin arayış Ərizəçi məxsusdur. Soyadların uyğun gəlməməsi onunla bağlıdır ki, ərizəçi doğularkən həmin dönəmlərdə valideynləri nikahlarını rəsmiləşdirməmişlər və uşağa doğum haqqında şəhadətnamə verilərkən ata barədə məlumat ananın sözlərinə istinadən yazılmışdır. Sonradan ərizəçinin valideynləri rəsmi nikaha daxil olmuşlar. Təsadüfi deyildir ki, ərizəçinin bacı və qardaşlarının soyadları rəsmi sənədlərdə Şıxəliyev kimi qeyd olunmuşdur. Eləcə də, ərizəçinin anasının ölüm haqqında sənədində soyadı Şıxəliyeva kimi qeyd olunmuşdur. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və sənədlərdə ərizəçinin soyadlarında uyğunsuzluq ərizəçidən asılı olmayan səbəblərdən yaranmışdır. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1143 saylı arayış xx.xx.1956-cı il tarixdə Ucar rayonu Qulabənd kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1143 saylı arayışın xx.xx.1956-cı il tarixdə Ucar rayonu Qulabənd kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1143 saylı arayışın xx.xx.1956-cı il tarixdə Ucar rayonu Qulabənd kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar