Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-490/2023 03.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və qeyrilərinin onlara məxsus əşyalarla birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi bina 14-də yerləşən 61 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyriqanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 08 noyabr 2013-cü il tarixli 14/61 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün X2 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində yerləşən 14 saylı evin 61 nömrəli mənzili ilə təmin edilmişdir. X8 09 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Bu faktı təsdiq edən ölüm haqqında şəhadətnamə təqdim edilmişdir. Xüsusi təyinatlı yaşayş sahəsinin müqaviləsinin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismarı Departamentinin Müşfiqabad Mənzil Kommunal İstismar Sahəsinə təqdim edilməli olduğu halda, MKİS-in rəisi ilə birlikdə aparılan araşdırma zamanı 61 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 61 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. İddiaçı iddia ərizəsində «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2-3.7-ci bəndlərinə, Mənzil Məcəlləsinin 98.1, 82.5, 91.2, 91.3, 99.1-99.4, 100.3-cü maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyib izahatında bildirdi ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi onun anası ilə bağlanılmışdır. Həmin kirayə müqaviləsində kirayəçinin ailə üzvü kimi onun adı qeyd olunmasa da, anası X8 xəstə olduğuna görə davamlı olaraq anası ilə birgə yaşamış, ona o qulluq etmiş, anası 22 aprel 2021-ci ildə ürək xəstəliyindən vəfat etmişdir. Əvvəllər nikahda olmuş, həmin yaşayış sahəsinə ehtiyaci olmamışdır. Lakin əri ilə nikahı pozulduqdan sonra başqa yaşayış yeri olmadığından mübahisəli mənzildə yaşamağa davam etmişdir. Birgə nikahından bir oğlu bir qızı var, oğlu hərbi xidmətddə, qızı isə tələbədir. Mənzilin onun adına keçirilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq müraciətinə baxılmamışdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Cavabdeh 2016-cı ildən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış bina 14-də yerləşən 61 nömrəli mənzildə yaşayır. Əvvəllər həmin mənzil onun mərhum anasına məxsus olmuş, həmin mənzildə o anası ilə birgə yaşamış, anası vəfat etdikdən sonra isə qeyd edilən mənzildə uşaqları ilə birgə yaşayır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (müqavilədən, aktlardan) görünür ki, xx.xx.2013-cü il tarixli 14/61 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində yerləşən 14 saylı evin 61 nömrəli mənzili 1 nəfər ailə tərkibi ilə (özü) X1 verilmişdir. 22 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 173756 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 09 aprel 2021-ci il tarixdə Bakı şəhərində, işemik kardiomiopatiyadan vəfat etmişdir. Bu barədə 22 aprel 2021-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində 185 saylı akt qeydi aparılmışdır. xx.xx.2013-cü il tarixli 14/61 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, mənzil yalnız X1 verilmiş, ailə üzvləri qismində heç kimin, o cümlədən Cavabdeh adı qeyd olunmamışdır. Cavabdeh həmin xüsusi təyinatlı mənzil sahəsindən istifadə etmək hüququ yoxdur. Cavabdehə rəsmi şəkildə müraciət olunaraq, mənzilin boşaldılaraq təhvil verilməsi tələb olunsa da, cavabdeh tərəf bu tələbə məhəl qoymamışdır. Göründüyü kimi, iddia Cavabdeh əşyaları ilə birlikdə xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində yerləşən 14 saylı evin 61 nömrəli mənzilindən çıxarılmalı, həmin mənzil iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində tələb yönəldilən şəxslərin dairəsini dəqiq göstərmədən cavabdehdən başqa qeyri şəxslərin də əşyaları ilə birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir. Bu isə, qeyri-müəyyənlik yaradır. MPM-in tələbinə görə işdə iştirak edən şəxslərin dairəsi aydın şəkildə göstərilməlidir. Tələb aydın olmalıdır, qeyrimüəyyənliyə yol verilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində yerləşən 14 saylı evin 61 nömrəli mənzilindən çıxarılsın. Həmin mənzil iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-490/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-490/2023
03.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver