Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-51/2021 18.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ rayon İcra Hakimiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Əsədova (Hüseynova) Samirə Rəfail qızına və Cavabdeh1 qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin onun üzərindəki tikililərin cavabdehlərin hesabına sökülməklə boşaldılması və qanuni sahibinə qaytarılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əsədova (Hüseynova) Samirə Rəfail qızına və Cavabdeh1 qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin onun üzərindəki tikililərin cavabdehlərin hesabına sökülməklə boşaldılması və qanuni sahibinə qaytarılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Əsədova (Hüseynova) Samirə Rəfail qızı və Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilərək üzərində tikinti işləri aparılmış Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 01.04.1994-cü il tarixli 400 saylı, 18.01.2001-ci il tarixli 61 saylı sərəncamlarına əsasən onun istifadəsində olan torpaq sahəsinin üzərindəki tikililərin cavabdehlərin hesabına sökülməklə boşaldılması və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 01.04.1994-cü il tarixli 400 saylı sərəncamı ilə X3 avtomobillərə texniki xidmət fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar kimi qeydiyyatdan keçirilərək ona Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi küçəsində hər biri 6x4 metr ölçüdə boksların tikilməsinə icazə verilmişdir. Bundan sonra iddiaçının müraciətinə əsasən Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 18.01.2001-ci il tarixli 61 saylı sərəncamı ilə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 01.04.1994-cü il tarixli 400 saylı sərəncamına əsasən X2 məxsus avtomobillərə texniki xidmət boksunun, avtomobillərin yuyulması boksunun və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının iddiaçının adına keçirilməsinə və həmin obyektlərdə fəaliyyət göstərməsinə icazə verilmişdir. Lakin sonradan cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsi qanunsuz olaraq zəbt edilmiş və həmin torpaq sahəsinin üzərində hasar inşa edilmişdir. İddiaçı dəfələrlə cavabdehlərdən qanuni sahibi olduğu torpaq sahəsinin boşaldılmasını və orada inşa etdikləri tikililərin sökülməsini tələb etsə də, xəbərdarlıqlar heç bir nəticə verməmiş, habelə cavabdehlər əllərində olan saxta sərəncamla həmin mübahisəli torpaq sahəsinin onlara məxsus olmasını sübut etməyə çalışmışlar. Bildirir ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 01.04.1994-cü il tarixli 400 saylı və 18.01.2001-ci il tarixli 61 saylı sərəncamlarından, habelə arxiv arayışlarından görünür ki, həqiqətən mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə ayrılmışdır. Əlavə olaraq bildirir ki, mübahisənin obyektiv həlli üçün iddiaçı tərəfin şifahi vəsatəti nəzərə alınaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuş, lakin iddiaçı tərəf Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyi üçün tələb edilən xərci ödəməkdən imtina etdiyindən ekspert rəyi verilməmişdir. Hesab edir ki, ekspertin bu imtinası tamamilə əsassızdır. Həmçinin bildirir ki, iş materiallarında mövcud olan yazılı sübutlar da iddianın əsaslı olduğunu təsdiq edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, onun istifadəsində olan tikililərin yerləşdiyi torpaq sahəsi Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 22.05.2000-ci il tarixli 467 saylı, 23.05.2000-ci il tarixli 474 saylı, 11.08.2000-ci il tarixli 755 saylı sərəncamlarında əks olunan və Sahil qəsəbəsinin M.Seyidov küçəsində tikilmiş avtotexniki xidmət bokslarının yerləşdiyi torpaq sahəsidir. Qeyd olunan sərəncamlara və etibarnamələrə əsasən həmin tikililərə qanuni əsaslarla sahiblik edir. Həmin tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, iddiaçının istinad etdiyi sərəncamda göstərilən obyektlərin Sahil qəsəbəsinin Salyan şossesində yerləşdiyi aydın şəkildə qeyd olunmuşdur. Sahil qəsəbəsində M.Seyidov küçəsi və Salyan şossesi bir-birindən kifayət qədər uzaq məsafədə olan paralel küçələrdir. Bundan əlavə, iddiaçının istinad etdiyi 18.01.2001-ci il tarixli 61 saylı sərəncamla ona ayrılmış sxemin surətindən də görünür ki, həmin sahə M.Seyidov küçəsindən xeyli kənarda yerləşir. İddiaçı 20 il ərzində ona ayrılmış yerin harada olduğunu dəqiq müəyyən etmədən, təhvil almadan, sahiblik etmədən hazırda ona qarşı ikinci dəfə əsassız iddia qaldırmışdır və onu qanunsuz olaraq narahat etməkdədir. Belə ki, iddiaçı bundan əvvəl də başqa şəxsin adı ilə ona qarşı iddia qaldırmış, həmin iddia rədd edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edir. Digər cavabdeh Əsədova (Hüseynova) Samirə Rəfail qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ rayon İcra Hakimiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 izahat verərək bildirdi ki, Sahil qəsəbəsində M.Seyidov küçəsi və Salyan şossesi küçəsi bir-birindən ayrı və aralı olan paralel küçələrdir. Həmçinin tərəflərin heç birinin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, mübahisənin məhkəmənin mülahizəsinə görə həll edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 01.04.1994-cü il tarixli 400 saylı sərəncamının surətindən görünür ki, X1 avtomobillərə texniki xidmət üzrə fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar kimi dövlət qeydiyyatından keçirilməsinə dair sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 18.01.2001-ci il tarixli 61 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsinin Salyan şossesi küçəsində hər biri 6x4m ölçüdə tikilmiş və F.Allahverdiyevə məxsus olan avtomobillərə texniki xidmət boksunun, avtomobillərin yuyulması boksunun və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının İddiaçı adına keçirilməsinə və ona həmin obyektlərdə fəaliyyət göstərməsinə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli, 2(002)- 1875/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 Cavabdeh1 qarşı qanunsuz olaraq tikilmiş hasarın və digər tikililərin Cavabdeh1 hesabına sökülməsi və maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.11.2020-ci il tarixli, 2(103)-551/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və 45 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 22.05.2000-ci il tarixli 467 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsinin M.Seyidov küçəsində tikilmiş və T.Həşimova məxsus olan 24 kv.m ölçüdəki avtotexniki xidmət boksunun Sahil qəsəbəsi sakini X11 adına keçirilməsinə və ona orada avtomobillərə texniki xidmət göstərməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və 45 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 23.05.2000-ci il tarixli 474 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsinin M.Seyidov küçəsində tikilmiş və Ə.Həşimova məxsus olan 24 kv.m ölçüdəki avtotexniki xidmət boksunun Sahil qəsəbəsi sakini X7 adına keçirilməsinə və ona orada avtomobillərə texniki xidmət göstərməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və 45 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 11.08.2000-ci il tarixli 755 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsi sakini Cavabdeh1 Sahil qəsəbəsinin M.Seyidov küçəsindəki qarajlar cərgəsində yararsız vəziyyətə düşmüş fərdi qarajında rekonstruksiya işləri aparmasına, orada avtomobillərin təmiri və texniki xidmət fəaliyyətinə icazə verilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AR-İ N 105559 saylı 11.01.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, S.Quliyev Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 22.05.2000-ci il tarixli 467 saylı sərəncamı ilə Sahil qəsəbəsinin M.Seyidov küçəsində tikilmiş 24 kv.m obyektin istifadəsi, özəlləşdirilməsi, ona dair sərəncam verilməsi ilə bağlı səlahiyyətlərini 50 il müddətinə Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AR-İ N 105560 saylı 11.01.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, N.Həsənov Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 23.05.2000ci il tarixli 474 saylı sərəncamı ilə Sahil qəsəbəsinin M.Seyidov küçəsində tikilmiş 24 kv.m obyektin istifadəsi, özəlləşdirilməsi, ona dair sərəncam verilməsi ilə bağlı səlahiyyətlərini 50 il müddətinə Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Aparatının memarı N.Səmədov tərəfindən təsdiq edilmiş “Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 18.01.2001-ci il tarixli 61 saylı sərəncamı ilə İddiaçı ayrılmış yerin sxemi”nin surətindən görünür ki, ayrılmış sahə Sahil qəsəbəsində M.Seyidov küçəsindən kənarda yerləşir. İş materiallarında olan peyk xəritəsi çıxarışının surətindən görünür ki, M.Seyidov küçəsi ilə Salyan şossesi küçəsi birbirindən aralıda yerləşən paralel küçələrdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 28.07.2021-ci il tarixli məktubdan görünür ki, tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edilmişdir. Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli 02 nömrəli Qərarına uyğun olaraq iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smeta və hesab vərəqi təqdim edilir. Təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqının ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin göndərilməsi təmin ediləcəkdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin İddiaçı ünvanladığı 04.08.2021-ci il tarixli məktubdan görünür ki, ekspertiza barədə vəsatət vermiş tərəf kimi qeyd olunan xidmət haqqının Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilməsini təmin edərək ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim etməsi xahiş olunmuş, 06.08.2021-ci il tarixli yazılı qeydə əsasən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının xidmət haqqını ödəməkdən imtina etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 03.09.2021-ci il tarixli məlumat məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi Mərkəzə təqdim edilməmiş, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsaən, ekspertizanın aparılmasından imtina edilərək iş materialları icrasız geri qaytarılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdeh1 verilmiş 11.10.2021-ci il tarixli 330 saylı arayışdan görünür ki, Sahil qəsəbəsi 38-ci PB-nin qarşısında olan köhnə və yeni obyektlər M.Seyidov küçəsində yerləşir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 18.01.2001-ci il tarixli 61 saylı sərəncamı ilə Sahil qəsəbəsinin Salyan şossesi küçəsində F.Allahverdiyevə məxsus avtomobillərə texniki xidmətlə bağlı obyektlərin iddiaçının adına keçirilməsinə və ona həmin obyektlərdə fəaliyyət göstərməsinə icazə verilmişdir. İddiaçı tərəf həmin obyektlərin yerləşdiyi torpaq sahəsini cavabdeh tərəfin zəbt etdiyini iddia edir. Məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ rayon İcra Hakimiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin izahatlarına, Qaradağ rayon İcra Hakimiyyəti Aparatının memarı N.Səmədov tərəfindən təsdiq edilmiş “Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 18.01.2001-ci il tarixli 61 saylı sərəncamı ilə İddiaçı ayrılmış yerin sxemi”nin surətinə, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 22.05.2000-ci il tarixli 467 saylı, 23.05.2000-ci il tarixli 474 saylı, 11.08.2000-ci il tarixli 755 saylı sərəncamlarına, AR-İ N 105559 saylı və AR-İ N 105560 saylı 11.01.2011-ci il tarixli etibarnamələrə, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli 330 saylı arayışa, peyk xəritəsi çıxarışının surətinə əsasən müəyyən edildi ki, Cavabdeh1 sahibliyində olan obyektlər Sahil qəsəbəsinin M.Seyidov küçəsində yerləşir, habelə Sahil qəsəbəsində M.Seyidov küçəsi ilə Salyan şossesi küçələri birbirindən ayrı və aralıda yerləşən paralel küçələrdir. Ona görə də müvafiq sərəncamlara əsasən iddiaçıya ayrılmış obyektlərlə cavabdehin sahibliyində olan obyektlər fərqli küçələrdə yerləşdiyindən, iddia tələbinin hazırda cavabdeh tərəfə yönəldilməsinin hüquqi əsası yoxdur. Bundan əlavə, iddia ərizəsində torpaq sahəsinin zəbt edildiyi qeyd olunur, halbuki müvafiq sərəncamdan iddiaçıya yalnız avtomobillərə texniki xidmətlə bağlı obyektlərin ayrıldığı aydın olur, iddiaçının qeyd olunan daşınmaz əmlak üzərində isə hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və iddiaçı həmin əmlaka faktiki sahiblik etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsası olan halları, o cümlədən ona ayrılan obyektlərin cavabdeh tərəfin qanunsuz sahibliyində olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin vəsatəti üzrə təyin edilmiş ekspertizanın keçirilməsinə müvafiq xidmət haqqını ödəməkdən imtina etməklə özü mane olmuşdur. Ona görə də Azərbaycan Respublikasının MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.11.2020-ci il tarixli, 2(103)-551/2020 saylı qətnaməsindən aydın olur ki, həmin iş üzrə iddiaçı eyni predmet və əsaslar üzrə Cavabdeh1 qarşı yönəltdiyi iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən, iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq müəyyən edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Əsədova (Hüseynova) Samirə Rəfail qızına və Cavabdeh1 qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin onun üzərindəki tikililərin cavabdehlərin hesabına sökülməklə boşaldılması və qanuni sahibinə qaytarılması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-51/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-51/2021
18.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver