Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-54/2023 22.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən istifadə hüquqlarına xitam verməklə məcburi qaydada çıxarılması və 100 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə verilmiş kreditin təminatı kimi ipoteka müqaviləsi imzalanmışdır. Qeyd olnan ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 53,5 m2 olan 2 otaqlı 13 nömrəli mənzil ipoteka hüququ ilə yüklü edilmişdir. Borclu Cavabdeh1 kredit öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmədiyi üçün "xxxx" BOKT MMC kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2(002)-1455/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin olunmuşdur. Daha sonra, cavabdehlər tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2018-ci il tarixli 2(102)-3754/2018 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün müvafiq icra qurumuna yönəldilmişdir. Hal-hazırda ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 53,5 m2 olan 2 otaqlı 13 nömrəli mənzil ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" BOKT MMC-nin mülkiyyətindədir. İddiaçının nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin öncəki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(002)-1455/2017 saylı qətnaməsindən göründüyü kimi, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 əsas borc üzrə 23.850,44 ABŞ dolları, faiz üzrə 3.525,10 ABŞ dolları, cərimə üzrə 5.207,25 ABŞ dolları olmaqla, cəmi 32.582 ABŞ dolları 79 sent və ödənilmiş dövlət rüsumu məbləğindən 30 manatın tutularaq iddiaçı təşkilatın hesabına ödənilməsi; Cavabdeh4 məxsus Bakı şəhəri Sahil qəsəbəsi N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, mənzilin satışından əldən edilmiş vəsaitdən 32.582 ABŞ dolları 79 sentin iddiaçı təşkilatın xeyrinə ödənilməsi, mənzilin satışından götürülmüş məbləğ iddiaçı təşkilatın tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin Cavabdeh1 təşkilatın xeyrinə tutulması, mənzilin satışından əldə edilmiş məbləğ iddiaçının tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2017-ci il, 2(002)-1455/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək, Cavabdeh1 ilə iddiaçı təşkilat arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli razılaşmaya xitam verilməsi, Cavabdeh1 əsas borc üzrə 23.850,44 ABŞ dolları, faiz üzrə 3.525,10 ABŞ dolları, cərimə üzrə 100 ABŞ dolları olmaqla, cəmi 27.475,54 ABŞ dollarının tutularaq iddiaçı təşkilatın hesabına ödənilməsi, tərəflər arasında bağlanmış kredir müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiymətinin 58.500 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri qismində 150 manat pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi, ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 may 2018-ci il tarixli 2(102)-3754/2018 nömrəli qərarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(005)- 4858/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 cavabdeh "xxxx" MMC-yə qarşı «hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2(103)- 4079/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(005)- 4858/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 2(102)-3027/2023 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2(103)-4079/2022 saylı qətnaməsi iddiaçı Cavabdeh1 kassasiya şikayətinə əsasən ona aid hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan məhkəmə aktları ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Natiq Mustafayev küçəsi 2 saylı evin 13 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə "xxxx" BOKT MMC-nin adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər həmin mənzildə qeydiyyatda qalmaqda və yaşamaqda davam edirlər və bu iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Məhkəmədə müəyyən edildi ki, mübahisəli mənzil qanunla müəyyən edilmiş qaydada məhkəmənin qanun qüvvəsini almış qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər həmin mənzildə yaşayırlar və orada qeydiyyatda qalmışlar. Belə olan halda onların həmin mənzilə istifadə hüquqlarının əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə onların yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsini istisna etmir. Bundan başqa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" BOKT MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzil boşaldılmalı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli və onlar həmin mənzildən məcburi qaydada çıxarılmalıdırlar. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" BOKT MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzil boşaldılsın. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin və onlar həmin mənzildən məcburi qaydada çıxarılsınlar. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-54/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-54/2023
22.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver