Məhkəmə qərarları › İş №2(002)-562/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-562/2021

01.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-562/2021 01.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı « istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və məcburi qaydada evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx xxxx 2002-ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş və birgə yaşadıqları müddətdə xx xxxxxx 2003-cü il tarixdə İlkin adlı və xx xxx 2009-cu il tarixdə Hüseyn adlı iki oğulları dünyaya gəlmişlər. İlk dövrlərdə ailə münasibətlərinin normal olmasına baxmayaraq, son vaxtlar bu münasibətlər həyat yoldaşının müəyyən hərəkətləri üzündən kəskin şəkildə pisləşmiş, birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Nikahlarının məhkəmə qaydasında pozulmasına zərurət yarandığından Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət etmişdir və hazırda mübahisə üzrə iş məhkəmənin icraatındadır. Ailə qurduqları vaxtdan cavabdehin atası evinə, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşamışdır. Münasibətləri gərginləşdiyindən bir neçə həftədir ki, övladlarında birgə valideyinlərinə məxsus evdə yaşayırlar. Lakin atası və anası qardaşının ailəsi birlikdə yaşadıqlarına görə həmin evdə yaşamaqları onların məişət şəraitlərində çətinliklər yaranmasına səbəb olmuşdur. Cavabdeh qeydiyyatda olduqları ünvandakı evdə yaşamaqlarına mane olur, onları evə buraxmır. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə, istifadə hüquqlarının tanınması və məcburi qaydada mənzilə köçürülmələrinə zərurət yaranmışdır. Mübahisəli evə gəlin köçüb yaşadığı gündən, yəni xx xxxx 2002-ci il tarixdən kirayəçinin ailə üzvü kimi həmin evə istifadə hüququm yaranmışdır və bu səbəbdən də oraya məcburi qaydada köçürülməlidir. Evə aid sənədlər cavdehdə olduğundan, həmin sənədləri məhkəməyə təqdim edə bilmir, yalnız evə qeydiyyatda olmaları barədə arayışı ərizəsinə əlavə edir. Sözügedən evdə 2002-ci ildən yaşadığından hüquqlarım xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, mübahisəli evin kimin mülkiyyətində olması barədə onlarda heç bir məlumatın olmadığını, sadəcə nümayəndəlikdən arayış aldıqlarını, orada evin ölmüş şəxs X4 adına olduğu yazıldığını, həmin şəxsin adına order olduğunu, order onda olmadığından həmin orderdə kimlərin adı olduğunu bilmədiyini, orderi əldə edə bilmədiyini,həmin yaşayış evi cavabdehin atasının olduğunu, iddiaçının cavabdehlə ailə qurub həmin evə gəlin köçdüyünü, həmin evdə onların faktiki ailə münasibətlərimiz pis olandan sonra ayrılıblar, həmin evdən iddiaçı uşaqları ilə birlikdə öz istəyi ilə çıxıbdır, öz valideynlərinin evində yaşayır, yaşamağa başqa yeri yoxdur, uşaqlar iddiaçının himayəsindədirilər, hazırda da iddiaçı ilə birlikdə yaşayırlar, analarının yanında qalmaq istəyirlər, anaları ilə yaşamaq istəyirlər, hazırda aralarında olan nikah pozulmayıb, barışıq üçün 3 ay vaxt verilmişdir, bu halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tərəflərin 2002-ci ildə rəsmi nikaha girdiklrəini, mübahisə predmeti olan yaşayış sahəsinin cavabdehin atasına məxssu olduğunu, iddiaçı tərəfindən həmin evə dair heç bir sənədin təqdim eidlmədiyini, sadəcə cavabdehin atasının adına order olduğunu dediyini, lakin həmin sənədi təqdim etmədiyini, həmin orderdə kimlərin adları olduğunun müəyyən edilmədiyini, cavabdehin iddiaçı ilə birlikdə ailə həyatı qurduqdan sonra 2002-ci ildə deyil, həmin evə 2013-cü ildə köçüblər, iddiaçı tərəf həmin evə 2002-ci ildə köçüb yaşamasına dair heç bir sübutu təqdim edə bilmir, iddiaçı cavabdeh uşaqlarıilə birlikdə həmin evdə yaşayıblar lakin 2013-cü il tarixdən yaşayıblar, bundan əlavə uşaqlar iddiaçının yanında olmaqla, hazırda da onunla birgə yaşayırlar, tərəflər arasında nikahın pozulmasına dair başqa mülki iş var, lakin cavabdeh boşanmaq ailəsini dağıtmaq istəmir, iddiaçını uşaqları da həmin evdən heç kim məcbur çıxartmayıb, qovmayıb, iddiaçı uşaqları da özü götürüb, evdən könüllü çıxıb gedibdir, bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 156 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 176 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil özəlləşməyibdir. Həmin mənzil 002420 saylı xx.xx.1995-ci il tarixli orderə əsasən Cavabdeh mərhum atası X4 icarəsində olubdur. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 156 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 121 nömrəli, xx.xx.2021-ci il tarixli Forma 2 arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı, Cavabdeh, X9 və X3 daimi qeydiyyatdadırlar. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmeti qismində fərdi yaşayış evinə dair istifadə hüququnun tanınması və köçürülmə ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə hazırki mülki iş üzrə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməyən orderli evə köçürülmə tələbinə aid olduğundan, onunla bağlı hüquq münasibətlərini isə birbaşa tənzimləyən norma olmadığından, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz anoloji hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn 4 analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırki mülki işinin materiallarından görünür ki, mübahisə predmeti olan yaşayış sahəsi xx.xx.1993-cü il tarixli orderlə cavabdehin atası X5 (icarədar qismində) məxsusdur. İddiaçı həmin yaşayış sahəsində 2002-ci il tarixdə pasport qeydiyyatına alınmışdır. Göründüyü kimi, mübahisə predmeti olan yaşayış sahəsi ilə bağlı tərəflər arasında hüquq münasibətləri məhz 2000-ci il tarixdən sonra yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri əsas götürülməklə həll eidlməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin 4 ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən eidlmidşir ki, mübahisə predmeti olan yaşayış sahəsi order əsasında cavabdehin atası X6 məxsusdur. İddiaçı yaşayış sahəsinin sahibinin gəlinidir. Bu hal işin mübahisəsiz halıdır. Lakin iddiaçı tərəfindən həmin evə dair order məhkəməyə təqdim edilmədiyindən, həmin orderdə mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək hüququna malik olan şəxsləri müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçı və cavabdehin uşaqları ilə birlikdə həmin evdə yaşaması halı da işin mübahisəsi halı hesab edilir. İddiaçı tərəf həmin evdə 2002-ci il tarixdən yaşadığını, həmin tarixdən pasport qeydiyyatına düşdüyünü, cavabdeh isə iddiaçının həmin evdə 2013-cü il tarixdən yaşadığını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçının mübahisə predmeti olan yaşayış sahəsində 2013-cü il tarixdən yaşamasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf 2002-ci il tarixdə ailə həyatı quraraq həmin evə gəlin köçdüyünü bildirmişdir. Bu halda, məhkəmə tərəflrəin 2002-ci il tarixdə evləndiklərini, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsində 2002-ci il tarixdən daimi pasport qeydiyyatında olması halının aşkar olduğunu əsas götürməklə, hesab edir ki, iddiaçı məhz həmin tarixdən etibarən mübahisə predmeti olan yaşayış sahəsində yaşamağa başlamışdır. Qqanunvericiliyin mənasına görə mülkiyyətçinin ailə üzvlərinin (ərinin, arvadının, valideynlərinin və uşaqlarının) yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla yalnız ailə əlaqələrinin mövcud olması zəruri olduğu halda, digər ailə üzvlərinin, o cümlədən gəlininin mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı, həmin razılığın notariat qaydasında təsdiq olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisə predemeti olan yaşayış sahəsinin sahibinə (order əsasında) münasibətdə onun gəlini olduğundan, qanunvericiliyin tələbinə əsasən onun ailə üzvi statusuna mali olmamaqla, Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsində nəzərdə tutulmuş “digər ailə üzvü” statusuna malikdir. Mülki qnaunvericiliyin tələbinə əsasən digər ailə üzvi olan şəxslərin mənzilə dair istifadə hüququnun yaranması üçün mənzilin sahibi ilə həmin şəxs arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmalıdır. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında belə bir razılaşmanın olması halı aşkar edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ yaranmamışdır.Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, qanunvericiliyin tələbini rəhbər tutaraq, iddiaçının müvafiq yaşayış sahəsinə dair istifadə hüququnun yaranmaması halını əsas götürərək, hesab edir ki, iddia tələbi iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə hissəsində əsassız olmaqla, təmin edilməməldir. Məhkəmə iddia tələbinin yetkinlik yaşına çatmayan uşaqların köçürülməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan uşaqlarının hər ikisi iddiaçı ilə birlikdə yaşamaqla, hazırda faktiki olaraq, onun himayəsindədirlər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan uşaqları həmin məznildə yaşamışlar. Qeyd olunan hallar işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahdan olan uşaqları mübahisə predemti olan yaşayış sahəsinə köçüb yaşadıqlarından, onların mülki qanunvericiliyin tələbinə əsasən həmin mənzilə dair istifadə hüquqları yaranmış olsa da, faktiki olaraq uşaqlar hazırda valideyn qismində iddiaçının himayəsində olmaqla, hazırda onunla birlikdə yaşadıqlarından, iddiaçı iddia tələbi qismində məhz övladları ilə birgə yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə tələbi irəli sürdüyündən, iddiaçının isə həmin tələbi təmin edilmədiyindən, iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar