Məhkəmə qərarları › İş №2(002)-571/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-571/2022

27.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-571/2022 27.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X9, Cavabdehlərin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları 22.09.2011-ci il təvəllüdlü X3, 27.09.2012-ci il təvəllüdlü X4 və 19.05.2018-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Salyan yolu küçəsi 91 saylı evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı X1 ikinci cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmiş, iddiaçının vəsatəti təmin olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 avqust 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan doğulmuş 22.09.2011-ci il təvəllüdlü X3, 27.09.2012-ci il təvəllüdlü X4 və 19.05.2018-ci il təvəllüdlü X8 adlı üç uşaqları var. Cavabdeh ilə olan nikahları Qaradağ rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların onun himayəsində saxlanılması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Salyan yolu küçəsi 91 saylı sahədə Ələt Bələdiyyəsinin 10.09.2007-ci il tarixli 10 saylı qərarı ilə Cavabdeh adına 500 m2 torpaq sahəsi ayrılmışdır. Onlar ailə qurandan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirməklə ailəsi ilə birlikdə orada yaşamışlar. Ona və uşaqlarına məxsus olan bütün əşyalar həmin evdə yerləşdirilmişdir. Cavabdehlərlə birlikdə həmin evdə yaşamaqla, ümumi təsərrüfat aparmışlar. Hazırda cavabdehlərlə aralarında narazılıq yarandığına görə o və uşaqları evdən çıxmışlar. Hazırda uşaqları ilə birlikdə müvəqqəti olaraq kirayədə yaşayırlar. Həmin ev onun və uşaqlarının yeganə yaşayır yeridir. Həmin evi birgə nikah dövründə tikdirmişlər. Ona məxsus əşyalar həmin evdə olsa da, cavabdehlər hazırda onu evə buraxmaq istəmir. Həmin ev onun yeganə yaşayış yeri olmaqla, başqa yerdə qalmağa evi yoxdur. Cavabdeh onu yaşadığı evə buraxmamaqla, onun qanunla qorunan hüquqlarını pozur və onun öz evindən istifadə etməsinə əngəllər yaradır. Hazırda cavabdeh həmin evdə yaşamaqla, istifadə edir. Lakin onun və uşaqlarının evdə yaşamasına imkan vermirlər. Ələt Bələdiyyəsinin 22 yanvar 2022-ci il tarixli 12/05 saylı məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Salyan yolu küçəsi 91 saylı evin torpaq sahəsi X1 adına rəsmiləşdirmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 14.10.2021-ci il tarixli arayış səhv arayışdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş arayışda Ələt qəsəbəsi Salyan yolu küçəsi 91 saylı torpaq sahəsinin Cavabdeh adına ayrılması qeyd olunur. Lakin sonradan müəyyən olunmuşdur ki, Ələt qəsəbəsi Salyan yolu küçəsində torpaq sahəsi Cavabdeh adına deyil, onun atası X1 adına 10.09.2007-ci il tarixdə sənədləşdirilmişdir. Bununla yanaşı X1 adına ayrılmış torpaq sahəsinin nömrəsi 33-dür. Bununla bağlı Ələt Bələdiyyəsi 21 yanvar 2022-ci il tarixli arayış vermiş və arayışda qeyd etmişdir ki, 91 nömrəli torpaq sahəsinin Cavabdeh adına ayrılması barədə 14.10.2021-ci il tarixli arayış səhvən verilmişdir. Ələt Bələdiyyəsinin 21 yanvar 2022-ci il tarixli arayışı məhkəməyə təqdim edilmişdir. İddiaçı öz ərizəsində göstərir ki, yuxarıda qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi nikah dövründə tikilmişdir və cümlədən belə başa düşülür ki, həmin evin tikilməsi iddiaçının vəsaiti hesabına da olmuşdur. Lakin bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən cavabdehə məxsus torpaq sahəsinə, evin mövcudluğuna və həmin evin iddiaçının vəsaiti hesabına tikilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, özbaşına tikilidə yaşamaları və oradan istifadə etmələrini qadağan edən norma yoxdur. Lakin, iddiaçı nəzərə almır ki, cavabdehə məxsus olmayan torpaqda özbaşına tikiliyə istifadə hüququ tanına bilməz və bu səbəbdən hər hansı şəxsin qanunsuz tikiliyə məcburi qaydada köçürülməsi tələbi qanuna ziddir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (evin həyat yoldaşı Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilməsi, həmin evin birgə nikah dövründə inşa edilməsi və s.) dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlər toplusundan göründüyü kimi, mübahisə edilən ev iddiaçının qayınatasına məxsus torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin torpaq sahəsi iddia ərizəsində iddia edildiyi kimi 91 saylı deyil, 33 saylı sahədir. Evə dair hüquqmüəyyənedici sənəd yoxdur, hazırda özbaşına tikili hesab edilir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə torpaq sahələrinin ikisinə də yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə edilən ev 91 saylı deyil, 33 saylı sahədə inşa edilmişdir. 33 saylı sahə iddiaçının ərinə deyil, qayınatasına məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisə edilən ev birgə nikah dövründə inşa edilməmişdir, iddiaçının əvvəllər yaşadığı ev 2007-ci ildə iddiaçının qayınatasına satılmış torpaq sahəsində, iddiaçı ilə əri arasında nikah bağlanaraq ailə qurduqları 2011-ci ildən xeyli öncə inşa edilmişdir. İddiaçı həmin evdə yaşamış, lakin sonradan övladları ilə birlikdə evi tərk edərək, yaşamaq üçün başqa yerə getmişdir. Ev iddiaçının ərinin deyil, qayınatasına satılmış torpaq sahəsində yerləşməklə hazırda özbaşına tikili hesab olunur. Göründüyü kimi, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar