Məhkəmə qərarları › İş №2(002)-573/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-573/2021

13.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-573/2021 13.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Ərizəçi Smirnovna Qalina Pavlovnanın Maraqlı şəxs1 və 8 saylı Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə qohumluq və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Smirnovna Qalina Pavlovnanın Maraqlı şəxs1 və 8 saylı Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə qohumluq və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2” ilə “X1”- nın eyni şəxs olmaqla anası olması faktını və övladı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, dalan 1, ev 8, mənzil 1-in miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə iddia ərizəsi ərizəçinin səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən verilsə də, verilmiş iddia ərizəsi imzalanmamışdır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə iddia ərizəsində ərizəçinin iki tələbi qeyd olunmuşdur ki, həmin tələblərdən biri qohumluq faktının müəyyən edilməsi, digəri isə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır. Göründüyü kimi bu iki tələb bir-biri ilə əlaqədar olmayan tələblərdir. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarını rəhbər tutaraq, hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi ərizəçi və ya onun nümayəndəsi tərəfindən imzalanmadığından, habelə bir-biri ilə əlaqəli olmayan iki tələb birləşdirildiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə bilrikdə ərizəçiyə geri qaytarılmalıdır. Bundan əlavə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə ərizəçinin iddia ərizəsində qeyd etdiyi tələblərdən biri qismində çıxış edən qohumluq faktının müəyyən edilməsinə dair tələbi məhz vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə bağlıdır. Bu halda, məhkəmə aşağıda qeyd olunan hüquq normalarının ərizəçinin diqqətinə çatdırmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi ərizəçi və ya onun nümayəndəsi tərəfindən imzalanmadığından, habelə bir-biri ilə əlaqədar olmayan iki iddia tələbi bir iddia ərizəsində birləşdirildiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149- 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Smirnovna Qalina Pavlovnanın Maraqlı şəxs1 və 8 saylı Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə qohumluq və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar