Məhkəmə qərarları › İş №2(002)-593/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-593/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-593/2021 12.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «11 oktyabr 2019cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «11 oktyabr 2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu 2» yaşayış kompleksindəki 12 saylı binada yerləşən 68 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 11 oktyabr 2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 11 oktyabr 2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvü ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş «Qobu 2» yaşayış kompleksində yerləşən 12 saylı binanın 68 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Daha sonra, Qaradağ rayonu «QobuPark» yaşayış kompleksinin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşamadığı və mənzili kirayəyə verdiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvünün 68 nömrəli mənzildə yaşamadığı və mənzilin başqa şəxsə kirayə verildiyi məlum olmuş və mənzilin başqa bir şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilərək kirayəşinin mənzildən çıxarılması barədə bildiriş verilmiş, lakin kirayəşin mənzildən çıxarılmamışdır. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Cavabdeh1 və ailə üzvünün mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 və Cavabdeh2 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin Mənzil-istismar departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi «Qobu 2» yaşayış kompleksindəki 12 saylı binada yerləşən 68 nömrəli 2 otaqlı mənzilin ona verilməsi ilə bağlı 11.10.2019-cu il tarixli 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. 11 oktyabr 2019cu il tarixli 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 2.4.2, 2.4.3, 2.4.4, 2.4.9, 4.1, 4.3, 5.1, 5.3, 5.4, 5.4.1, 5.4.3, 5.4.4, 5.4.5, 5.7, 5.7.1, 5.7.2, 5.7.3-cü bəndlərinə istinad edən iddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara verilmiş – Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu 2 yaşayış kompleksindəki 12 saylı binada yerləşən 62 nömrəli 2 otaqlı mənzilində yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 157.2, Mənzil Məcəlləsinin 91, 98, 99, 100-cü maddələrinə istinad edən iddiaçı vurğulamışdır ki, cavabdeh tərəfindən kirayə müqaviləsinin şərtləri pozulduğundan onunla iddiaçı arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, 11.10.2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu 2 yaşayış kompleksində yerləşən 12 saylı binanın 62 nömrəli 2 otaqlı mənzili 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) Cavabdeh1 kirayə verilmişdir. Cavabdeh1 müqavilə şərtlərinə riayət etməmiş, mənzili digər şəxsə kirayəyə verərək, müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdehə rəsmi şəkildə müraciət olunaraq, mənzili kirayə verdikləri şəxsin (şəxslərin) həmin mənzildən çıxarılmasını tələb etsələr də, cavabdeh tərəf bu tələbə məhəl qoymamışdır. Kirayə müqaviləsinin 2.4.2-ci bəndinin tələbinə görə cavabdehin kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini subkirayə verməyə səlahiyyəti (hüququ) yoxdur. Göründüyü kimi, müqavilə tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bu isə, həmin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehlərin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmalarına əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu 2” yaşayış kompleksindəki 12 saylı binada yerləşən 68 nömrəli 2 otaqlı mənzildə yaşamadığı müəyyən edildiyindən, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Qobu 2 yaşayış kompleksində yerləşən 12 saylı binanın 62 nömrəli 2 otaqlı mənzilindən çıxarılmalıdırlar. MPM-in 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, idiaçı büdcə təşkilatı cavabdehlər məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.1.14 və 9.1.20ci maddələrinin mənasına görə, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələ, şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, cavabdehlər məcburi köçkün olduğundan qeyd edilən məhkəmə məsrəfinin əvəzi onlardan tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli 12/68 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu 2 yaşayış kompleksində yerləşən 12 saylı binanın 62 nömrəli 2 otaqlı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar