Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-620/2024 26.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh himayəsində olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı qərarı ilə "Pilot" layihə çərçivəsində Bakı şəhəri, Qaradağ rayonunun baş planına uyğun olaraq qamış və taxta binaların sökülməsi ilə əlaqədar ünvan 2 ünvanında söküntü işləri aparılmış və həmin mənzilin əvəzinə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil onun mülkiyyətinə verilmişdir. Sökülən yaşayış sahəsi 1978-ci ildən onun istifadəsində olmuş və mənzilə dair işıq, qaz, su kimi kommunal xidmətlər üzrə müqavilələr onunla bağlanmışdır. Cavabdeh onun keçmiş gəlinidir. X3 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və həmin nikahdan xx.xx.2013-cı il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X14 adında övladları doğulmuşdur. Cavabdehlə oğlu bir müddət ünvan 2 ünvanında yerləşən mənzildə yaşamağa başlamış, sonradan ailədə yaranan narazılıqlar səbəbindən kirayədə yaşamışlar. Cavabdeh həmin mənzilə istifadə hüququ əldə etməmiş və qeydiyyatda olmamışdır. Həmçinin aralarında mənzildən istifadə hüququnun tanınmasına dair heç bir notarial qaydada razılaşma olmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 ilə Cavabdeh arasında 13 oktyabr 2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 13 noyabr 2013-cü il təvəllüdlü X16 və 18 sentyabr 2015-ci il təvəllüdlü X14 Cavabdeh yanında saxlanılmışdır. Cavabdehlə ailə münasibətlərinin pozulmasından xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh qanunsuz və əsassız olaraq onun mülkiyyətində olan mənzildə yaşamağa davam edir, birgə yaşayış qaydalarını kobud surətdə pozmaqla qərəzli olaraq onun və ailə üzvlərinin mənzildən istifadə etməsinə maneçilik yaradır. Halbuki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-271/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsi ilə cavabdehin həmin mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. 07 may 2021-ci il tarixli "xxxx" X12 ilə aralarında bağlanmış müqavilədən də görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil onların nikahları dövründə əldə edilməmişdir. Eyni zamanda cavabdehlə oğlu arasında nikah pozulduğundan, cavabdehin ona məxsus mənzildə yaşaması mümkün deyildir. Belə ki, cavabdehlə aralarında daim sözlü mübahisələr yaranır. O, öz mənzilindən sərbəst istifadə edə bilmir, hər gün cavabdehin təhqir və narazılıqları ilə üzləşmək məcburiyyətində qalır, bu hallar həm onun, həm də ailəsinin fiziki və psixi sağlamlığına mənfi təsir göstərir. Həyat yoldaşı Baxışov İzzǝtalı Günəşalı oğlu əlildir. İki otaqlı mənzildə daim münaqişə hökm sürür. Öz oğlu belə həmin mənzildə yaşamır. Lakin onun ailə üzvü olmayan cavabdeh mənzildə yaşamağa və hər gün münaqişə yaratmağa davam edir. Cavabdehin yaşayış yeri üzrə qeydiyyat ünvanı valideynlərinin evidir, orada yaşamaq imkanı vardır, həmçinin cavabdeh işləyir və uşaqların saxlanması üçün aliment alır. Lakin yenə də onun mülkiyyətində olan, məhkəmə qətnaməsi ilə istifadə hüququnun tanınmadığı mənzili tərk etmək istəmir. Mövcud vəziyyət dözülməz həddə çatdığı üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, o, 11 oktyabr 2012-ci il tarixdə X9 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduğu ilk gündən ailə üzvü kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10 saylı binada 49 kv.metr sahəsi olan evə gəlin gəlmişdir. Ona məxsus bütün cehiz əmlak həmin evdə olmuşdur. Birgǝ nikahdan onun həmin evdə iki övladı doğulmuşdur. X2 heç bir səbəb olmadan, anası İddiaçı diktəsi əsasında məhkəməyə nikahın pozulması tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və yetkinlik yaşına çatmayan uşaqların onun yanında qalması qət edilmişdir. Nikahlarının ləğvinə baxmayaraq o, uşaqları ilə birlikdə gəlin köçdüyü evdə yaşamağa davam etmişdir. 2020-ci ildə həmin ev qəzalı vəziyyətdə olduğundan, həmin mənzildə yaşayanlar, yəni o, həyat yoldaşı, qayınanası və qayınatası 8 saylı notariat ofisində yaşadığı evin sökülməsinə razılıq vermişlər. Onlara 59 kv.m. sahəsi olan iki otaqlı mənzil verilmişdir və onları 30 dekabr 2020-ci ildə hazırki mübahisəli mənzilə köçürmüşlər. Onun gəlin gəldiyi ev söküldüyündən və buna razılıq verdiyindən, hesab edir ki, mübahisəli mənzildə uşaqları ilə yaşamaq hüququ vardır. Bununla bağlı məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-271/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun uşaqları ilə birgə həmin mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə ki, onun bu mənzildən başqa yaşayış yeri yoxdur, sökülən evdə özü və uşaqları xəstəliyə düçar olmuşlar, özü və uşaqları sökülən evdə yaşamaq hüququ qazanmışlar. Yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan valideynlərinə məxsusdur, lakin uşaqların səhhəti ilə bağlı həmin evdə yaşaması mümkün deyildir. Özü işləsə də, uşaqlara görə aliment alsa da, başqa yerdə yaşamağa maddi imkanı kifayət etmir. 2020-ci ilin oktyabr ayında onlardan evin sökülməsinə dair ərizələr alınmış və o, uşaqları ilə birlikdə mübahisəli mənzilə 2020-ci ilin 30 dekabrında köçmüşdür. Nikahları isə xx.xx.2021-ci il tarixdə məhkəmənin qətnaməsi ilə pozulmuşdur. Həqiqətən yaşadıqları mənzildə daim münaqişə olur, lakin bunlar iddiaçının təqsirindən baş verir. Hesab edir ki, iddiaçı ona mənzildən çıxması üçün kompensasiya ödəməli, ya da ona ayrıca ev alınmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti və "xxxx" X12 məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" X12 (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2021ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən, icraçı inşa ediləcək binanın 1-ci giriş, 3-cü mərtəbə, 1 saylı tam təmirli mənzilini, sifarişçiyə məxsus ünvan 2, mənzil 3 ünvanında yerləşən mənzilin əvəzinə sifarişçiyə təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən, mənzil iki otaqdan ibarətdir, ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 32.4 kv.mdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı qərarı ilə "Pilot" layihə çərçivəsində sifarişçi İddiaçı əvəzsiz olaraq verilir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1496/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən X9 ilə Cavabdeh arasında 13 oktyabr 2012-ci il tarixdə 959 saylı akt qeydi ilə icra edilmiş nikahın pozulması, birgə nikahdan olan 13 noyabr 2013-cü il təvəllüdlü X10 və 18 sentyabr 2015-ci il təvəllüdlü X8 Cavabdeh yanında qalmaları qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-271/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X6 və İddiaçı qarşı onun övladları ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, X5 ikinci dərəcəli əlildir. İş materiallarında olan İddiaçı, X1, X4, Cavabdeh xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrinin surətlərindən görünür ki, onlar qəza vəziyyətində olan ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilin sökülməsi nəticəsində xx.xx.2020-ci il tarixli, 03 nömrəli zəmanət müqaviləsinin 2.3.4-cü bəndinə əsasən tam təmirli yeni mənzilə köçürülmələrinə razılıq verirlər. Müqavilənin şərtlərinə uyğun olaraq, yeni mənzillə təmin olunduqdan sonra qeydiyyatda olduqları mənzildən qeydiyyatdan çıxmalarına zəmanət verirlər. Həmçinin mənzilə dair istifadə hüquqlarına xitam verilməsinə və qeydiyyatda olduqları mənzilin yerləşdiyi binanın tam sökülməsinə etiraz etmirlər. İş materiallarında olan AZ-İ seriyalı, 802544 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 11 oktyabr 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikah bağlandıqdan sonra arvada “Baxışova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 389554 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında nikahın ləğv edilməsi 22 iyun 2021-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, X16 ümumi xəstəliklə sağlamlıq imkanları məhdud uşaqdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli epikrizin surətindən görünür ki, X11 digər dəqiqləşdirilmiş infeksion amillər tərəfindən törədilmiş kəskin bronxit diaqnozu qoyulmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, ev 244,246,248, 1 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, 244, M3, m1) İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, ev 244,246,248, 1 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, 244, M3, m1) mülkiyyətçisi İddiaçıdır. Cavabdeh iddiaçının oğlu ilə 2012-ci ildə rəsmi nikaha daxil olmuş, onların nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan 13 noyabr 2013-cü il təvəllüdlü X16 və 18 sentyabr 2015-ci il təvəllüdlü X14 Cavabdeh yanında saxlanılmışdır. Tərəflər əvvəl ünvan 2, mənzil 3-də yaşamış, həmin bina söküldükdən sonra iddiaçı ilə bağlanmış müqaviləyə əsasən ona hazırda mübahisəli olan mənzil verilmiş, tərəflər həmin mübahisəli mənzildə yaşamağa davam etmişlər. Cavabdehlə mənzilin mülkiyyətçisi arasında mənzilin yaşayış sahəsindən istifadə barədə hər hansı notarial qaydada təsdiqlənən müqavilə bağlanmamış və cavabdehin mənzillə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, həmçinin cavabdeh yaşayış yeri üzrə başqa ünvanda qeydiyyatdadır. Cavabdeh iddiaçıya qarşı övladları ilə birlikdə hazırda mübahisəli mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda qüvvədə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-271/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunanlara və tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququ olmadığından və bu hal qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, mülki iş üzrə sübutlara, məhkəmə iclasında müəyyən edilən hallara və yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X14 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, ev 244,246,248, 1 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, 244, M3, m1) çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-620/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-620/2024
26.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver