Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-623/2024 11.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmiş, iddia ərizəsində iddiaçıların ünvanları düzgün göstərilməmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, İddiaçı1 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv, 87; İddiaçı3 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2, 49; İddiaçı2 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M, “AB” massivi, 64, 44-dür. Bundan əlavə, iddia ərizəsi iddiaçılar tərəfindən imzalanmamış və iddia ərizəsinin surəti əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, iddia ərizəsinə əsasən hər bir iddiaçı tərəfindən müxtəlif vaxtlarda aviabiletlər əldə olunmuş və cavabdeh təşkilatla hər bir iddiaçı arasında ayrıca hüquq münasibəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçılar iddia tələbi üzrə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh təşkilata müraciəti təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişlər. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 848-ci maddəsinə əsasən, sərnişin bu Məcəllənin 846-cı maddəsinə əsasən pretenziyaları daşıyıcıya müqavilədə nəzərdə tutulan daşımanın qurtarmasından ən geci bir ay keçənədək verməlidir. Müddət keçdikdən sonra sərnişin pretenziyaları yalnız həmin müddəti öz təqsiri olmadan gözləyə bilmədiyi halda verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, məhkəmə qeyd edir ki, yuxarıda sadalanan nöqsanlar bundan əvvəl xx.xx.2023-cü il tarixli 2(002)-4248 saylı qərardadla iddiaçılara izah edilmiş, lakin onlar həmin nöqsanları aradan qaldırmadan (həmçinin, iddia ərizəsini imzalamadan və iddia ərizəsinin surətini əlavə etmədən) yenidən məhkəməyə müraciət etmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-623/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-623/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver