Məhkəmə qərarları › İş №2(002)-642/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-642/2022

16.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-642/2022 16.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı X3 nümayəndələri X1, X8 və vəkili X11, Cavabdeh Bakı şəhəri 9 saylı internat məktəbinin nümayəndəsi X4, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri 9 saylı xüsusi internat məktəbinə, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə qarşı «işə bərpa olunması və məcburi iş buraxmaya görə itirdiyi əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Bakı şəhəri 9 saylı xüsusi internat məktəbinə qarşı «işə bərpa olunması və məcburi iş buraxmaya görə itirdiyi əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı xüsusi internat məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12.07.2021-ci il tarixli, 07 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 15.09.2014-cü il tarixli əmrlə 9 nömrəli xüsusi internat məktəbində müvəqqəti olaraq tibb bacısı vəzifəsinə təyin edilmişdir. 13.08.2018-ci il tarixli əmrlə həmin məktəbdə daimi tibb bacısı vəzifəsinə təyin edilmişdir. 12.07.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «A» bəndinə əsasən guya onun təhsil sənədi dövlət hüquqlu olmadığından əmək fəaliyyətinə xitam verilmişdir. Həmin əmrlə razı deyil və tamamilə qanunsuzdur. Belə ki, o, 1994-cü il tarixdə Respublika təsərrüfat hesablı «Loğman» tibb məktəbinin müalicə işi şöbəsinə daxil olmuşdur və 1997-ci ildə feldşer ixtisası üzrə tam kursu bitirmişdir. 10 mart 1997-ci il tarixdə ona feldşer ixtisası verilmişdir. Dörd ildən bir o, test imtahanından keçməklə Səhiyyə Nazirliyindən sertifikatlar almışdır və həmin ixtisas üzrə işləməsi mümkün hesab edilmişdir. Sonuncu dəfə 06.07.2021-ci il tarixdə imtahan vermişdir və imtahandan keçmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra bu barədə X9 müraciət etmişdir. Həmin təhkilatda araşdırma aparılmış və məktəbin direktoruna verilmiş əmrin ləğv olunması üçün 21.12.2021-ci il tarixdə məktub göndərilmişdir. Onu əsassız olaraq işdən azad etdiyinə görə, məktəb direktoru barəsində İXM-nin 192.6-cı maddəsi ilə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə qərar qəbul edilmişdir. Lakin məktəb direktoru bütün bunlara əhəmiyyət verməmiş, onun işə bərpa olunmasını təmin etməmişdir. Bu barədə Mediasiya Şurasına da müraciət etmişdir. Lakin cavabdeh tərəf mediasiya şurasına gəlməkdən imtina etmişdir. Onun həyat yoldaşı, İ Qarabağ müharibəsi iştirakçısı, oğlu isə İİ Qarabağ müharibəsi iştirakçısıdır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, habelə onunla əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalına əməl olunmadan xitam verilmişdir. İddiaçının nümayəndələri X2 və X15 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçının vəkili X17 çıxış edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində tibb bacısı vəzifəsində çalışanların təhsil haqqında sənədlərinin yoxlanılması istiqamətində araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 4 nəfərin orta tibb təhsili aldığı barədə arxiv materiallarında məlumat aşkar edilməmiş, 9 nəfərin təhsil haqqında sənədi isə orta ixtisas tibb təhsili müəssisələri tərəfindən verilməmişdir. Qeyd olunan şəxslərin siyahısında E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin tibb bacısı işləmiş X3 adı da göstərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09 iyul 2021-ci il tarixli, 05-09-548/13 saylı məktubunda yuxarıda qeyd olunanlara əsasən təhsil haqqında sənədləri təsdiq olunmamış şəxslərin tibb bacısı vəzifəsində fəaliyyət göstərməsi mümkün hesab edilməmişdir. Bu səbəbdən, cavabdehin 13 iyul 2021-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. İddiaçı qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən buraxaraq, 4 ay sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da iddiaçı iddia müddətini ötürmüşdür. Bu səbəbdən, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X13 izahatında bildirdi ki, iddiaçı qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən buraxaraq, 4 ay sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da iddiaçı iddia müddətini ötürmüşdür. Bu səbəbdən, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin izahatlarını və iddiaçının vəkilinin çıxışını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - İşəgötürənlə işçi arasında 15 sentyabr 2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır; - Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində tibb bacısı vəzifəsində çalışanların təhsil haqqında sənədlərinin yoxlanılması istiqamətində araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 4 nəfərin orta tibb təhsili aldığı barədə arxiv materiallarında məlumat aşkar edilməmiş, 9 nəfərin təhsil haqqında sənədi isə orta ixtisas tibb təhsili müəssisələri tərəfindən verilməmişdir. Qeyd olunan şəxslərin siyahısında E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin tibb bacısı işləmiş X3 adı da göstərilmişdir; - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09 iyul 2021-ci il tarixli, 05-09-548/13 saylı məktubunda yuxarıda qeyd olunanlara əsasən təhsil haqqında sənədləri təsdiq olunmamış şəxslərin tibb bacısı vəzifəsində fəaliyyət göstərməsi mümkün hesab edilməmişdir; - İşəgötürənin yuxarıda qeyd olunan səbəblərdən 13 iyul 2021-ci il tarixli əmri ilə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir; - Həmin əmrin verilməsindən 1 ay öncə, 10 iyun 2021-ci il tarixdə işəgötürən (internat məktəbin direktoru) tərəfindən işçiyə (iddiaçıya) diplom ilə bağlı işdən çıxarılacağı təqdirdə kiçik texniki işçi vəzifəsi təklif edilmiş, lakin işçi bu təklifi qəbul etməmiş və bununla bağlı tərtib edilmiş aktı imzalamaqdan da imtina etmişdir; - İddiaçı (işçi) əmək kitabçasını 12 iyul 2021-ci il tarixdə aidiyyatı qeydiyyat sənədini (tabeli) imzalamaqla qəbul etmiş, həmin tarixdə işdən azad olunduğunu rəsmi şəkildə öyrənmişdir, işdən azad edilmə barədə əmrin tarixi, nömrəsi və əmrin verilməsi əsası əmək kitabçasındakı müvafiq qrafalara işlənmişdir (yazılmışdır); - İddiaçı 12 iyul 2021-ci il tarixdən işdən azad edildiyini bilsə də, qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir; - İddiaçı 20.09.2021-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri X10 Qaradağ rayon Komitəsinə, 01.12.2021-ci il tarixdə Mediasiya Şurasına, 18.11.2021-ci il tarixdə elektron qaydada X14 Xidmətinə müraciət etmişdir; - İddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız 18 yanvar 2022-ci il tarixdə, iddia müddətini 4 aydan artıq ötürməklə müraciət etmişdir; - Cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 cavabdeh Bakı şəhəri 9 saylı xüsusi internat məktəbinə, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə qarşı «işə bərpa olunması və məcburi iş buraxmaya görə itirdiyi əmək haqqının ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdeh Bakı şəhəri 9 saylı xüsusi internat məktəbinə, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə qarşı «işə bərpa olunması və məcburi iş buraxmaya görə itirdiyi əmək haqqının ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar