Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-678/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilini zəbt etmiş Cavabdeh2 və həyat yoldaşı Cavabdeh1 mənzilindən çıxarılması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Laçın rayonundan məcburi köçkün Alıyev X1 rayon məhkəməsinə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi 12 saylı yataqxanaya köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdi. x xxxxxxxx 2020-ci il tarixli 2(002)-1467/2020 saylı məhkəmə qərarının xx.xx.2020 ci il icra sənədinin xx.xx.2020-ci il tarixində Qaradağ rayonu Sahil qəsəbəsi 12 saylı yataqxananın (hazırda 12/1saylı evin) 8 saylı mənzilinə köçürüldü. Köçürülmə zamanı evdə tanımadığı şəxslərin yaşadığını gördü. Dəfələrlə mənzilini tərk etmələrini istəsə də buna əməl etmədilər. Əksinə onu təhqir etdilər. Məlum oldu ki, keçmiş arvadı X3 mənzili bu şəxslərə qanunsuz olaraq satıb. Mənzildə ona məxsus xeyli əşya var ...Şfaner, Stol, Stul, jurnal stolu, qızdırıcı radiator. X2 mənzildə yaşamağa ehtiyacı yoxdur. O artıq anasının evində yaşayır. Mənzilini zəbt etmiş Cavabdeh2 və Cavabdeh1 dəfələrlə xoşluqla mənzilini tərk etmələrini istəsəm də buna əməl etməmişlər... Şərlərindən çəkindiyi üçün məhkəməyə yazmağa məcbur oldu. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə və müstəqil tələb irəli sürməyə İİİ şəxs qismində işə cəlb edilmiş Qardağ rayonu MKTB-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və İİİ şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 1467/2020 saylı məhkəmə qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, keçmiş 12 saylı Yataqxananın (hazırda 12\1 saylı evin) 8 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli mənzilə köçürülmə haqqında icra aktının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 12 saylı Yataqxananın 8 saylı mənzilinə köçürülməsi ilə bağlı həmin ünvanda olmuşlar, mənzilə baxış keçirilən zaman müəəyyən olundu ki, mənzildə hazırda Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 ilə birlikdə yaşayırlarş Mənzil 1 otaqdan ibarətdir, ümumi istifadədə olan sanitar qovşaqdan ibarətdir.Həmin şəxslərə hüquq və vəzifələri izah edildi və xəbərdarlıq edildi.Qeyd olunan hallarla bağlı akt tərtib edildi.Mənzilin açarının 1 nüsxəsi tələbkara təhvil verildi, mənzilə köçdü heç bir şikayəti yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 247 nömrəli Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq sorğuya cavab olaraq verilmiş məktubdan görünür ki, balanslarında və 119 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xidməti dairəsində olan Bakı şəhəri, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, 12 saylı yataqxanada yerləşən mənzil 8 ünvanında Cavabdeh2 və Cavabdeh1 məskunlaşması barədə məlumat yoxdur. Onların həmin mənzilə dair hər hansı bir hüquqi sənədi mövcud deyildir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan yaşayış sahəsi Qaradağ rayonu MKTBnin balansındadır. İddiaçı məcburi köçkün olmaqla, həmin yaşayış sahəsində müvəqqəti olaraq məskunlaşmış, habelə müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, mülkiyyət” kimi qiymətləndirilə bilər. Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ əmlakdan istifadə hüququ; servitutlar. da əmlak hüquqları sayılır: Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 102.1-ci maddəainə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” haqqında xx xxxxxx 2017-ci il tarixli Qaydaların 1.4-cü bəndionə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan yataqxanada yaşayış sahəsi Qaradağ Rayonu MKTB-nin balansındadır. İddiaçı mübahisə predmeti olan yaşayış sahəsində 2017-ci il tarixdən müvəqqəti məskunlaşmışdır. Həmçinin, müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının mübahisə predemti olan yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. İddiaçı müvafiq məhkəmə qətnaməsinin icrası zamanı onun həmin mənzilə köçürülməsi zamanı evdə tanımadığı şəxslərin olduğunu, onlardan evi tərk etmələrini tələb etsə də, onların həmin mənzildə yaşamağa davam edtiklərini, icra məmuru tərəfindən bu barədə də müvafiq akt tərtib edildiyini, hazırda cavabdehlərin həmin mənzildə yaşaması səbəbindən ona yaşamaq üçün verilmiş yaşayış sahəsinə köçüb yaşaya bilmədiyini, ona görə də məhkəməyə belə bir iddia tələbi ilə mürcaiət etmiş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Göründüyü kimi, mübahsiə predmeti olan yaşayış sahəsi iddiaçının qanuni sahibliyindədir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə preedmti olan yaşayış sahəsində cavabdehlər yaşayır, bu barədə icra məmuru tərəfindən tərtib edilmiş müvafiq aktda qeyd eidlmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisə predemeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Belə ki, mübahisə predmeti olan yaşayış sahəsinin balansında olduğu Qaradağ rayonu MKTB tərəfindən verilmiş məktubun məzmundan görünür ki, cavabdehlərin həmin yaşayış sahəsinə dair heç bir hüquqi sənədi yoxdur. Halbuki, qanunvericiliyin tələbinə əsasən həmin şəxslərin qeyd olunan yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onlarla müvafiq mənzilə dair sosila kirayə müqaviləsi bağlanılmalı idi. Lakin məhkəmə araşdırması zamanı belə hal müəyyən edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının qanuni sahibliyində olduğundan, cavabdehlərin isə onun həmin yaşayış sahəsində istifadə hüququ olmadığından, cavabdehlərin iddiaçının qanuni sahibliyində olan yaşayış sahəsindən istifadə hüququna maneçilik törətdiyi hal aşkar olduğundan, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 12 saylı yataqxananın (hazırda 12/1saylı evin) 8 saylı mənzildən çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 12 saylı yataqxananın (hazırda 12/1saylı evin) 8 saylı mənzildən çıxarılsınlar. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-678/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-678/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver