Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-679/2021 23.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru tərəfindən ona töhmət elan edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 79 saylı əmrin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndini əsas götürərək, intizam tənbehinin tətbiqi barədə xx xxxxxx 2020-ci il tarixli, 79 saylı Əmri ilə X2 üzrə direktor müavini əvəzinin xx xxxxxxx 2020-ci il tarixli məlumatına, xx xxxxxxx 2020-ci il tarixində X2 üzrə direktor müavini əvəzi Nümayəndə, baş usta Ç.İsmayılov, kadrlar və xüsusi işlər üzrə inspektor N.Novruzova, 235 №-li qrupun istehsalat təlimi ustası S.Əsgərovanın tərtib etdiklərı akta və Həmkarlar Təşkilatının xx xxxxxx 2020ci il tarixli 85 saylı Protokoluna əsasən əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə ona töhmət elan etmişdir. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən, xx xxxxxx 2020-ci il tarixii, 79 nömrəli əmr qanunsuz və əsassız olduğu üçün məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, Covid-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün təhsil müəssisələrində tədrisin distant formada olduğu vaxtda Tİİ direktor müavini əvəzi Nümayəndə xx xxxxxxx 2020-ci il tarixli saxta məlumatı, xx xxxxxxx 2020-ci il tarixində Tİİ üzrə direktor müavini əvəzi Nümayəndə, baş usta Ç.İsmayılov, kadrlar və xüsusi işlər üzrə inspektor N.Novruzova, 235 №-li qrupun istehsalat təlimi ustası S.Əsgərovanın tərtib etdikləri saxta akt və Həmkarlar Təşkilatının xx xxxxxx 2020-ci il tarixində tərtib etdikləri saxta protokol direktorun onu işdən çıxarmaq niyyətini həyata keçirmək məqsədini daşıyır. O isə həmin məlumatın, aktın və protokolun varlığından direktorun intizam tənbehi barədə əmrini poçt vasitəsilə alarkən xəbər tutmuşdur. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Mərkəzi Klinika Sağlamlıq Qurumunun xx xxxxxxx 2020-ci il tarixli, 36829 saylı tibbi arayışına əsasən Hipertoniya xəstəliyi ilə klinikaya xx xxxxxxx 2020-ci il tarixdə müalicə almaq üçün daxil olmuş və həmin tarixdə 3 (üç) gün ərzində ambulator müalicə almaq üçün evə yazılmışdır. Klinikanın qeyd olunan arayışı direktorun göstərişi ilə tərtib olunan məlumatların, aktların və Həmkarlar iclası protokolunun saxta olmasını tam sübuta yetirir. Hesab edir ki, Mərkəzi Klinikanın xx xxxxxxx 2020-ci il tarixli, 36829 saylı tibbi arayışına əsasən xx xxxxxx 2020-ci il tarixli, 79 saylı əmr Əmək Məcəlləsinə zidd olduğu üçün məhkəmə qaydasında ləğv edilməlidir. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Cavabdeh tərəfin nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə istinad edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddiaçı tərəf dəfələrlə təyin olunmuş məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməmişdir, bu səbəbdən mülki işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş edir. Eyni zamanda iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçı 8 nömrəli Bakı Peşə Liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı xx.xx.2020-ci il tarixdən bu günədək işlədiyi 8 nömrəli Bakı Peşə Liseyi ilə əlaqəsini kəsmişdir. Liseylə əlaqəni o, yalnız poçt vasitəsi ilə göndərdiyi məktublarla və məhkəmə yolu ilə qurmuşdur. Tədris ili başlayandan telefon vasitəsi ilə bir neçə dəfə iddiaçı ilə əlaqə saxlamışlar və ondan tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməyi, jurnalları yazmağı, dərsləri “Teams” proqramı vasitəsi ilə keçməyi, summativ qiymətləndirmələri aparmağı xahiş və tələb etmişlər. Lakin iddiaçı bu günədək bu tələblərin heç birini yerinə yetirməmişdir. Tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməyinə görə ona xx.xx.2020-ci il tarixdə xəbərdarlıq olunmuşdur. Bundan əlavə, Azərbaycan dili və ədəbiyyat müəllimi kimi iddiaçı tədris ili başlayandan distant dərsləri keçməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə peşə təhsili müəssisələrində xx.xx.2020-ci il tarixdən əyani tədrisə başlansa da, iddiaçı əyani dərslərə də gəlməmiş, müəllim kimi bütün əmək funksiyalarını pozmuşdur. Ona vaxtında məlumat verilsə də, məktəbə gəlməmə səbəbini bildirməmiş, bu günədək məktəbə xəstəliyi barədə hər hansı arayış təqdim etməmiş, nəticədə xidməti məlumat və akt tərtib edilmiş, ondan rəsmi qaydada izahat verməsi tələb edilmiş, lakin o, hər hansı məlumat və izahat verməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclasında onun müəllim kimi yol verdiyi bütün nöqsanlar müzakirə edilmiş, tədris ili başlayandan nə distant formada, nə də əyani formada dərs keçmədiyi, jurnalları yazmadığı, qiymətləndirmə aparmadığı müəyyən edilmiş və ona töhmət verilməsinə heç bir etirazın olmadığı qərara alınmışdır. Qeyd olunan iclas protokoluna əsasən müəyyən edilən nöqsanlara görə xx.xx.2020-ci il tarixli əmrlə ona töhmət elan edilmişdir. Həmin əmr tamamilə qanunidir. Tədris ili başlayandan indiyə qədər müəllim kimi nə distant, nə əyani formada heç bir dərs keçməyən, tədris prosesini zəiflədən və onun inkişafına maneələr törədən iddiaçının əmrdən narazı qalması tamamilə əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 8 saylı Bakı Peşə Liseyində müəllim işləyir. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin Tİİ üzrə direktor müavini əvəzi Nümayəndə, baş usta İsmayılov Çırax, kadrlar və xüsusi işlər üzrə inspektor Novruzova Nailə, 235 nömrəli qrupun istehsalat təlimi ustası Əsgərova Sevinc tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan dili və ədəbiyyatı müəllimi İddiaçı xx.xx.2020-ci il tarixdə 235 nömrəli qrupda əyani formada keçirilən Azərbaycan dili dərsini tədris etməmişdir. İş materiallarında olan 8 saylı BPL-nin direktoruna həmin liseyin Tİİ üzrə direktor müavini əvəzi Nümayəndə tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, dərs cədvəlində xx.xx.2020-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı 235 №-li qrupda Azərbaycan dili fənnindən əyani dərsi göstərilmişdir. Bu barədə Tahir müəllimə xx.xx.2020-ci il tarixində və xx.xx.2020-ci il tarixində telefon zəngləri edilmiş, bununla yanaşı xx.xx.2020-ci il tarixində “8 saylı BPL whatsapp qrupu”nda paylaşım edilmiş, həm də Tahir müəllimin şəxsi whatsappına məlumat göndərilmişdir. Məlumatda Tahir müəllimə dərsinin xx.xx.2020-ci il saat 12:00-da olacağı bildirilmişdir. Çox təəssüflər olsun ki, Tahir müəllim xx.xx.2020-ci il tarixində işə çıxmamış və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, Tahir müəllimin xx.xx.2020-ci il tarixində 235 №-li qrupda Azərbaycan dili fənnindən əyani olaraq dərsini keçməməsi barədə müvafiq akt tərtib edilmişdir. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Mənsimli Xalidə tərəfindən liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciət məktubunun və poçt xəbərnaməsinin surətlərindən görünür ki, iddiaçıdan hansı səbəbdən dərslərdə iştirak etmədiyi haqda məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsinin ümumi iclasının 85 nömrəli xx.xx.2020-ci il tarixli protokolunun surətindən görünür ki, səs çoxluğu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 8 saylı Bakı Peşə Liseyinin Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim İddiaçı əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə töhmət verilməsinə heç bir etirazın olmadığı qərara alınmışdır. Həmin protokolda İddiaçı distant formada heç bir dərs keçmədiyi, əyani dərsə gəlmədiyi və səbəbi barədə heç bir sənəd təqdim etmədiyi, jurnalları yazmadığı qeyd olunmuşdur. İş materiallarında olan Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru tərəfindən verilmiş xx.xx.2020-ci i tarixli, 79 saylı əmrin surətindən görünür ki, AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, Tİİ üzrə direktor müavini əvəzi Nümayəndə xx.xx.2020-ci il tarixli məlumatı, xx.xx.2020-ci il tarixdə Tİİ üzrə direktor müavini əvəzi Nümayəndə. baş usta Ç.İsmayılov, kadrlar və xüsusi işlər üzrə inspektor N.Novruzova, 235 nömrəli qrupun istehsalat təlimi ustası S.Əsgərovanın tərtib etdikləri akt və Həmkarlar Təşkilatının xx xxxxxx 2020-ci il tarixli 85 saylı Protokoluna əsasən əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 8 saylı Bakı Peşə Liseyinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllim İddiaçı töhmət elan edilmişdir. İş materiallarında olan Mərkəzi Klinika tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tibbi arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ambulator müalicə üçün daxil olmuş və həmin tarixdə evə yazılmış, ona İİ mərhələ hipertoniya xəstəliyi diaqnozu qoyulmuş, üç gün ərzində evdə müalicə alması tövsiyə olunmuşdur. İş materiallarında olan Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru tərəfindən verilmiş xx.xx.2020-ci i tarixli, 69 saylı əmrin surətindən görünür ki, əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 8 saylı Bakı Peşə Liseyinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllim İddiaçı xəbərdarlıq elan edilmişdir. İş materiallarında olan Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 45 saylı arayışdan görünür ki, 8 nömrəli Bakı Peşə Liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı xx.xx.2020-ci il tarixdən bu günədək işlədiyi 8 nömrəli Bakı Peşə Liseyi ilə əlaqəsini kəsmişdir. Liseylə əlaqəni o, yalnız poçt vasitəsi ilə göndərdiyi məktublarla və məhkəmə yolu ilə qurmuşdur. Telefon və məktub vasitəsi ilə bir neçə dəfə iddiaçı ilə əlaqə saxlamışlar və ondan tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməyi, jurnalları yazmağı, dərsləri “Teams” proqramı vasitəsi ilə keçməyi, summativ qiymətləndirmələri aparmağı xahiş və tələb etmişlər. Lakin Tahir müəllim bu günədək bu tələblərin heç birini yerinə yetirməmişdir. bununla da İddiaçı ancaq tədris prosesini zəiflədir və onun inkişafına maneələr törədir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Lakin o, tədris ili başlayandan nə distant formada, nə də əyani formada dərs keçməmiş, jurnalları yazmamış, summativ qiymətləndirmə aparmamışdır. Hazırda mübahisə predmeti olan xx.xx.2020-ci i tarixli, 79 saylı əmrlə Həmkarlar İttifaqı Komitəsinin ümumi iclasının 85 nömrəli xx.xx.2020-ci il tarixli protokoluna əsasən əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə ona töhmət verilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara əsasən iddiaçının Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək funksiyasının icrasında yol verdiyi nöqsanları nəzərə almaqla hesab edir ki, hazırda xx.xx.2020-ci i tarixli, 79 saylı əmrin ləğv edilməsi üçün əsas yoxdur, həmin əmrə əsasən tətbiq edilmiş tənbeh yol verilən pozuntular baxımından qanuni və ədalətli hesab olunmalıdır. Məhkəmə, həmçinin xx.xx.2020-ci il tarixli tibbi arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya töhmət yalnız xx.xx.2020-ci il tarixdə keçmədiyi əyani dərsə görə deyil, həmçinin Həmkarlar İttifaqı Komitəsinin ümumi iclasının 85 nömrəli xx.xx.2020-ci il tarixli protokolunda qeyd olunan digər nöqsanlara görə (həmin tarixə qədər distant dərsləri keçməməsi, jurnalları yazmaması və s.) verilmişdir. Bundan əlavə, iddiaçı qanunla müəyyən edilmiş qaydada xəstəliyi ilə bağlı müvəqqəti əmək qabiliyyəti olmamaq barədə vərəqə almamış və işyerinə təqdim etməmişdir, habelə iddiaçının xx.xx.2020-ci il tarixdə olduğu tibb müəssisəsinə xx.xx.2020-ci il tarixdə yenidən gedərək arayış aldığı halda, xəstəliyi barədə məlumatı və hər hansı sənədi indiyə kimi öz işyerinə təqdim etməməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməli, bu halın Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçinin intizam məsuliyyətinə cəlb edilməsinə mane olmadığı nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə əsasən, təhsilverənlərin (o cümlədən müəllimlərin) vəzifələri aşağıdakılardan ibarətdir: təhsil proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək və s. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-679/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-679/2021
23.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver